X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib

Fevralın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Multikulturalizm Məktəbinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu kimi tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından çox önəmlidir. Qış Məktəbinin iştirakçılarının Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduqlarını qeyd edən R.Həsənov deyib: “Multikulturalizm qış və yay məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Tədbirin böyük əhəmiyyəti var. Belə ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu multikulturalizm siyasəti bu tədbir vasitəsilə beynəlxalq aləmə bir daha nümayiş olunur. Əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar”.

Tədbirdə Qış Məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.

Qış Məktəbinin iştirakçıları layihə barədə xoş təəssüratlarını bildiriblər, Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldıqlarını ifadə ediblər.

Sonra Qış Məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunub.

Xalq qəzeti.-2020.-22 fevral.-S.5.