Beyləqan: ötən ilin uğurları ümumi inkişafa yeni dinamizm gətirib

Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilən ümumrayon yığıncağında 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunları nəzərdən keçirildi, iştirakçıların diqqəti cari ilin başlıca hədəflərinə yönəldildi. Məruzə və çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla gerçəkləşdirilən növbəti regional inkişaf dövlət proqramının Beyləqanda da sürətli yeniləşmə və yüksəlişə önəmli köməyi vurğulandı.

 Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoydular, mədəniyyət mərkəzinin foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxdılar.

 Hesabat yığıncağında məruzə ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq muzeyinin, “Beyləqan-1” elektrik yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən Mədəniyyət və İstirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.

Məruzəçi bildirdi ki, ötən il rayonda istehsal, quruculuq, tikinti və abadlıq işləri uğurla davam etdirilib, əhalinin zəruri xidmətlərə tələbatının ödənilməsi təmin edilib. Əksər sahələrdə qazanılan uğurlar ümumi inkişafa yeni dinamizm gətirib. 2019-cu ildə ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. İl ərzində 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsal edilib, 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında qazanılan uğurlardan söz açan RİH başçısı qeyd etdi ki, ötən il 9,7 min hektarda pambıq əkilib, 29,4 min ton məhsul toplanıb. Əvvəlki illə müqayisədə 7 min 523 ton çox pambıq əldə edilib. 12 min 431 hektarda taxıl, 558,7 hektarda şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda bostan məhsulları, 60 hektarda paxlalı bitkilər, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlıq da inkişaf edib: qara malın sayı əvvəlki ilə nisbətən 258 baş artaraq 59 min 194-ə, xırda mal isə 2747 baş artaraq 302 min 759-ə çatıb. 8 min ton ət, 40 min ton süd, 25 min ədəd yumurta, 596 ton yun istehsal edilib.

 Keçən il Beyləqan şəhərinə Beyləqan-Daşburun Şəfəq qəsəbəsi ərazisindən giriş yollarında işıq dirəkləri yenilənərək müasir işıqlandırma təmin edilib, yol kənarlarında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Mücirəddin Beyləqani adına park yenidən qurulub, Veteranlar parkı bərpa olunub. Sərdar Mirəliyev küçəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Nasimi parkı salınıb. İmamdəddin Nəsiminin 650 illik yubiləyi ilə əlaqədar rayonda 10 min ədəd müxtəlif növ ağaclar əkilib.

 Beyləqan şəhərinin küçələrində ümumilikdə 33 min 352 kvadratmetr əraziyə asfalt örtüyü döşənib, 332,9 kvadratmetr divar dekorativ daşla bəzədilib. Yeni işıq qurğuları Beyləqan şəhərinə xüsusi yaraşıq verir. Hazırda Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.

 Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə edilən nailiyyətlər, gənclərin digər sosial qrupların problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən, əhalinin elektrik, qaz, su təminatı digər zəruri xidmətlərə tələbatının ödənilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edildi. Məruzə çıxışlarda uğurlarla yanaşı, problemlərə toxunuldu, onların həllinə kömək edəcək təkliflər səsləndi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, 2019--2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ilk ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışdı.

 Yığıncağın sonunda qəbul edilmiş qərarda 2020-ci ildə beyləqan rayonunun sosial-iqtisadi inkişafının əsas hədəfləri, nəzərdə tutulan ümumrayon tədbirləri əksini tapdı.

Ziyəddin SULTANOV,

Xalq qəzeti  2020.- 22 fevral.- S.11.