Şamaxı 2019-cu ilə yekun vurdu

Şamaxı rayonunda  2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.

Yığıncaqdan əvvəl tədbir iştirakçıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzərək ulu öndərə məhəbbət və ehtiramlarını  bildirmişlər. Sonra onlar tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov məruzə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublikarayon miqyasında əldə olunan uğurlar, Şamaxıda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2019-cu ildə Şamaxıda 2018-ci illə müqayisədə ümumi daxili məhsulun həcmi 23,1 faiz artaraq 322,2 milyon manata çatmışdır. Rayon üzrə artımda ən yüksək faiz tikinti-quraşdırma işlərində nəzərə çarpır. İşlərin həcmi 47,1 faiz artaraq 132,1 milyon manat təşkil edib. İqtisadiyyatın bütün göstəriciləri üzrə artımla yadda qalmış 2019-cu ildə rayonda üzümçülüyün inkişaf etdirilməsi əsas prioritet məsələ olub. Ötən il üzümlüklərin sahəsi genişləndirilərək  1809,3 hektara çatdırılıb, məhsuldarlıq  il ərzində 4405 ton artıb. Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, həmçinin turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Ölkəmizdə Birinci Üzüm və Şərab Festivalı Şamaxıda keçirilib.

Rayonun iqtisadiyyatı ilə bərabər sosial həyatında da müsbət dəyişikliklərin çoxluğu diqqəti cəlb edir. Yığıncaqda fərdi yaşayış evlərinə, sosialinfrastruktur obyektlərinə ciddi ziyan dəyməsi ilə nəticələnən zəlzələdən də bəhs edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə aparılan işlərdən danışılıb. Bildirilib ki, ötən il Şamaxıda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış evi tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib. Bu işlər hazırda da davam edir. FHN və RİH-in gördüyü işlərdən əlavə,  zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini nəzərə alaraq, Heydər Əliyev Fondunun köməyi ilə rayon üzrə 35 ev tikilib, 12 evdə isə təmir-bərpa işləri görülüb. Həmçinin  Heydər Əliyev Fondu tərəfindən rayonda 11 sosial obyekt tikilib. Bunlar Məlikçobanlı kənd tam orta məktəbi, şəhər 2 saylı, Quşçu və Meysəri kənd körpələr evi-uşaq bağçaları, həmçinin Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyə, Meysəri, Məlhəm və Avaxıl kəndlərində tibb məntəqələridir. Ümumilikdə, ötən il rayonda “ASAN xidmət” mərkəzi və 1 körpələr evi-uşaq bağçası istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaqdır.

Yığıncaqda görülmüş işlər, əldə olunmuş nailiyyətlərlə yanaşı, 2020-ci ildə nəzərdə tutulmuş layihələrdən də danışılıb. Əhaliyə xidmət infrastrukturunun yenidən formalaşdırılması istiqamətində mühüm işlər görüləcəyi qeyd olunub. Prezident İlham Əliyevin 2019-cu il 28 noyabr tarixli sərəncamı ilə rayon icra hakimiyyətinə Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə 7 milyon vəsait ayrıldığı diqqətə çatdırılıb. Sərəncamın icrası ilə əlaqədar rayon üçün çoxsaylı texnika və avadanlıqların alınaraq xidmət infrastrukturunun yenidən qurulacağı bildirilib.

Məruzə ətrafında çıxış edənlər 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər. Həmçinin zəlzələdən sonra ziyan dəymiş yaşayış evlərinin, sosialinfrastruktur obyektlərinin tikinti, bərpa və təmirinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı çıxış edərək, 2019-cu ildə respublikanın və Şamaxının inkişafından danışıb, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş üzümçü sahibkar Qurbanəli Babaşova mükafat təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və abadlıq-quruculuq işlərində öz fəaliyyətləri ilə fərqlənən şəxslər RİH-in Fəxri fərmanı ilə təltif edilib.

Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub. Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

 

İlqar HƏSƏNOV,

Xalq qəzeti  2020.- 29 fevral.- S.14.