Demokratik jurnalistikamız klassik ənənələrinə sadiqdir

İyulun 22-də ölkəmizdə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı sərəncam etnomədəni tərəqqi tariximizin bu önəmli hadisəsinin ümummilli səviyyədə qeyd edilməsi üçün müvafiq tədbirlərin gerçəkləşdirilməsini nəzərdə tutur.

145 il əvvəl Azərbaycanda anadilli mətbuatın əsasının qoyulması, doğrudan da, milli düşüncə və ictimai fikir tariximizdə ən seçilən səhifələrdən biri olaraq yer almışdır. O zaman öz xalqının milli oyanışı və mədəni tərəqqisi uğrunda müqəddəs mübarizəyə başlamış maarifçi-demokrat Həsən bəy Zərdabinin ilk milli qəzeti ərsəyə gətirməsi misilsiz bir fədakarlıq nümunəsi idi.

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamında da bu ictimai-mədəni hadisə ümummilli öyünc faktı kimi xatırlanır: “145 il əvvəl-- 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilininmaarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.

Zaman bu tarixi onillər keçəndən sonra ümummilli bayrama çevirmişdir. Doğrudan da, Azərbaycanın çoxəsrlik tarixinə, xalqımızın keşməkeşli taleyinə geniş spektrdə işıq salan, ictimai-siyasi həyatımızı, xalqımızın adət-ənənələrini, quruculuq fəaliyyətini salnamələşdirən professional jurnalistikamızın, əsl qələm adamlarının bayramı, bizim günlərdə, əslində, hər bir Azərbaycan vətəndaşının bayramıdır.

Milli mətbuatımızın klassik ənənələrə sadiqlik prinsipləri, saflıq, dürüstlük zəminində inkişafı, cəmiyyətin ləkəsiz aynasına çevrilmək cəhdləri dövlətimiz tərəfindən daim dəstəklənir, yaxşı nə varsa, hamısı yüksək səviyyədə dəyərləndirilir. Redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin çap xərclərinin azaldılması, borcların silinməsi ilə bağlı vaxtilə ulu öndər Heydər Əliyevin atdığı addımları son 17 ildə Prezident İlham Əliyev ardıcıllıqla davam etdirir.

Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər, mətbuatın inkişafında müstəsna xidmətləri və haqqı olan media nümayəndələrinin təmirli mənzillərlə mükafatlandırılması isə dünyada analoqu olmayan dövlət himayədarlığı, çağdaş xeyirxahlıq missiyası kimi qiymətləndirilir. İnşallah, yaxın vaxtlarda paytaxtın giriş qapısında “Jurnalistlər məhəlləsi” adı almış ünvanda inşası başa çatdırılmış üçüncü binaya köçəcək yeni sakinlər – mətbuatda izisözü olan həmkarlarımız da bu sevinci iki dəfə yaşamış həmkarlarının xoşbəxtliyinə qatılacaq.

Yaxşı xatırlayıram, ötən əsrin 70--80-ci illərində şəhər ziyalıları, dövlət qulluqçuları, xüsusən, tələbə gənclər paytaxtın küçə və meydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında, istər-istəməz, ayaq saxlayar, keçmiş ittifaqdarespublikada nəşr olunmuş müxtəlif qəzetlərin aktual mövzuda maraqlı yazılarını elə ayaqüstəcə oxuyardılar. Təbii ki, o vaxt geniş abunə yazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalı evlərində mütaliə edərdi. Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərində hər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkün idi. Bu, nostalji hissləri deyil, professional mətbuatımızın yaxın keçmişinin unudulmaz bir mənzərəsinin yada düşməsidir.

Təbii ki, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlarda və xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular kifayət qədərdir və yüksək peşəkarlıqla qələmə alınan yazılar qədərincədir. Bu mənada, keçmiş zamanların peşəkarlıq və milli varlığa bağlılıq ənənələrini yaşatmağın yalnız fayda verəcəyini unutmaq olmaz. Prezident sərəncamında bu məqamın xüsusi vurğulanması jurnalistikamızın yaşlı nəslinin nümayəndələrində haqlı məmnunluq doğurur: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır”.

Məşhur Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir. Təbii ki, hər bir ictimai quruluş, zamanın gərdişi özü ilə bir sıra zəruri yeniliklər də gətirir və bu tendensiyadan uzaq qaçmaq mümkün deyil. Amma zamanında meydana gələn və bu gün də gərəyimiz olan formaüsullardan, yanaşma tərzindən niyə istifadə etməyək?

Əlbəttə, dövrümüzün mühüm atributları sırasında vaxtilə əlimizdən tutan, ictimai fayda gətirən dəyərlərdən də istifadə etməliyik. Doğrudur, indi bir sıra mətbuat orqanlarında, xüsusən, internet mediasında bir sıra hallarda “qışqıran”, səs-küylü mövzulara üz tutulur, bununla da, sanki, oxucu toplamağa səy göstərilir. Amma belə mövzuların əvəzinə, ölkənin taleyüklü məsələləri, insanları narahat edən problemlər, müstəqillik dövrünün nailiyyətləri, yaşlı nəslin müdriklik dərsləri, uşaqlarımızın gələcəyi, gənclərin qayğıları, elmimizdə-təhsilimizdəki vəziyyət, lap elə mətbuatımızın indiki durumu ilə bağlı saysız-hesabsız mövzular var ki, qəzet səhifələrində, saytlarda görünsə, yəqin ki, böyük maraqla qarşılanar, cəmiyyətimiz üçün də faydalı olar.

Ola bilsin ki, bəziləri mənim bu düşüncələrimi mühafizəkar dünyagörüşlü, köhnəfikirli birisinin duyğu-düşüncələri kimi dəyərləndirsin. Amma bu cür düşüncə daşıyıcılarının müasir fikirlilərlə eyni zaman kəsiyində və bir müstəvidə yaşayışını və fəaliyyətini də unutmaq olmaz. Elə buradaca deyim ki, unudulmuş qəzet janrlarına – oçerkreportajlara, müsahibə və zarisovkalara, xatirə yazılarına, memuarlara yeni nəfəs, həyat verilsə, təbii ki, bu, indiki yazarlara nüfuz qazandırardı.

İndi deyəcəyim fikirləri vaxtilə mətbuatda səsləndirmişəm. Bir vaxtlar paytaxtın küçə və meydanlarında məhz qəzetlərin satışı üçün yeni, yaraşıqlı qəzet köşkləri qoyuldu. İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyirdı, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları, oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Qəzetlər isə keçdi arxa plana...

Düzdür, indiki şəraitdə yayım şirkəti xərcləri çıxarmaq, vergini ödəmək, həm də qazanmaq istəyir. Beləliklə, az-çox itirən, bu satılıq malların içində itib-batan da qəzet və jurnallar oldu. Onsuz da çap mediasına marağın getdikcə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləri ilə üzləşməli olublar. Elektron KİV-in sürətli inkişafı, qəzet, jurnal redaksiyaların professional kadr qıtlığı insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz.

Son vaxtlar mətbuatımızda sağlam atmosferin bərqərar olunması ilə bağlı atılan addımlar media mənsublarının ürəyincədir. İndi gənclər daha həvəslə yazmağa, neqativ məsələlərin çözülməsinə yaxından kömək etməyə cəhd göstərirlər. Onların qarşısında yaşıl işıq yandırmaq müvafiq orqanların əsas vəzifəsinə çevrilməkdədir. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları da yaddan çıxarılmamalıdır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirər, cəmiyyətdən, media aləmindən uzaq düşməyə qoymazdı.

Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçünyollar axtarılmalıdır. Bu adamların iştirakı ilə gənc yazarlar üçünustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirən xüsusi nəşrin hazırlanması faydalı olardı. Bu yöndə Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi 10 ildir ki, xüsusi layihələr hazırlayıb gerçəkləşdirib. Ümid edirik ki, bu xeyirxah missiya bundan sonra da dövlət dəstəyi ilə himayə olunacaqdaha geniş miqyasda davam etdiriləcək.

Yeri gəlmişkən, bildirək ki, ustad hesab olunan qələm sahibləri arasında da ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək olduqca zəruridir. Bu tədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə ahıl jurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Bu cür praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton-Post”, “Nyu-York Taymskimi nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam. Redaksiyalar sadaladığım istiqamətlərdə fəaliyyətlərini gücləndirsələr, zənnimcə, yaxşı səmərə verərdi.

Başqa bir önəmli məsələyə də toxunmaq istəyirəm. Niyə müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsinlər? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbaz və həvəskarlar da bacardıqları işin ­qulpundan yapışarlar.

Xatırladım ki, Prezidentin yubiley sərəncamında çağdaş jurnalistikanın vəzifələrinə və inkişaf meyllərinə də toxunularaq bildirilir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir: “Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Bu tələblərin zəruriliyini nəzərə alsaq, qəzetlərin daha populyar olması, nüfuz qazanması üçün tənqidi yazılara, cəmiyyətin problemlərinin həllinə kömək olası materialların dərcinə rəvac verilməli, reklam bazarı gücləndirilməli, bütövlükdə rəngli çap versiyasına keçilməsi üçün tədbirlər görülməlidir. Bütün bunlar isə qəzet, jurnal redaksiyalarının, Mətbuat Şurasının, KİV-ə Dövlət Dəstəyi Fondunun öz potensial imkanlarından daha səmərəli istifadəsini, radikal islahatların genişləndirilməsini zəruri edir.

Bugünlərdə qocaman həmkarlarımdan birinin dediklərini də xatırlatmaya bilmirəm: “Hər gün xeyli qəzet alıram, gözlərim zəif gördüyündən bəzi yazıları universitet tələbəsi olan nəvəmə oxutdururam. Həm də deyirəm qoy əlləri, barmaqları klaviaturadan ayrılıb qısa müddət də olsa qəzetə toxunsun. İnanın, bu təmasın doğurduğu təəssürat, kağızın ətri, enerjisi insan beyni, zehni üçün olduqca gərəklidir, dərman kimidir”.

Ömrünün yarım əsrdən çoxunu qəzet redaksiyasında keçirmiş ahıl jurnalist haqlıdır: jurnalistikada zamanın sınağından çıxmış klassik ənənələri qorumaq media ictimaiyyətinin peşəkarlıq borcudur. Yaşlı yazarlar nəslinin ortaq qənaəti isə belədir: Bugünlərdə yaradılmasının 145-ci ildönümünü ümummilli yubiley kimi qeyd edən milli demokratik jurnalistikamız klassik ənənələrinə sadiqdir.

Akif CABBARLI,

yazıçı-publilist

Xalq qəzeti 2020.- 3 iyul.- S.4.