Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 249  Bakı şəhəri, 9 iyul 2020-ci il

 

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağbir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilsin.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın ­31-dək həyata keçirilir.

5. Müəyyən edilsin ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirsin;

7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etsin;

7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etsin.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 11 iyul.- S.3.