Professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı türk dilində nəşr edilib

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı bu günlərdə türk dilində (XX. Yüzyıl başında Azerbaycan: bağımsızlığa uzanan yol) çapdan çıxıb. Daha əvvəl Azərbaycan, rusingilis dillərində nəşr edilmiş bu kitabın türk dilində buraxılması Türkiyənin elmi dairələrinin, türk tarixçiləri və tədqiqatçılarının XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda baş verən proseslərə böyük marağından irəli gəlib. Kitabda XX əsrin əvvəllərində ölkədə cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl təhlil olunub.

Azərbaycan xalqı çoxəsrlik mübarizəsinin məntiqi nəticəsi kimi yalnız XX əsrin sonlarında dövlət müstəqilliyinə nail oldu. Xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda XX əsrin əvvəllərində canlanmağa başlamış milli azad­lıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ötən əsrin əvvəllərində islahatlardan sonrakı çar Rusiyasın­da baş verən əsaslı ictimai-siyasiiqtisadi dəyişikliklər məcrasında Azərbaycanda sahibkarların görkəmli nümayəndələri, onların ideoloqla­rı və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqların­dan tam həcmdə istifadə etməsi üçün mübarizəyə rəhbərlik ediblər.

Kitabda Azərbaycan tarixi elmində ilk dəfə olaraq Rusiya Dövlət Duma­sına Azərbaycandan seçilmiş depu­tatların fəaliyyəti nəzərdən keçirilir, onların Duma tribunasından çıxışları təhlil olunur, Rusiya parlamentinin bü­tün müsəlman deputatları ilə səyləri birləşdirmək cəhdləri və kadetlərə bağladıqları ümidlər işıqlandırılır. Ön sözdə qeyd olunur ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onla­rın həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasiiqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının yüksək tribu­nasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidlərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdı­lar. Heç bir maneə onları tutduqları yoldan çəkindirə bilmirdi.

Rusiyanın Dövlət Dumasındakı fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına baş­çılıq etməyə və müstəqil dövlətçiliyin yaradılmasına başlamağa imkan verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda ilk demokratik respub­likanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının böyük xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

Kitabın müəllifi bu qənaətə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanunauyğun yekunu kimi qiymətləndirilməlidir.

Azərbaycan gerçək müstəqilliyini isə ulu öndər Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdı­şından sonra qazanıb.

Tarixçi alim əsərin “Sözardı” hissəni Prezident İlham Əliyevin 2018-ci ildə IV Qlobal Bakı Forumun­da söylədiyi nitqindəki bu fikirlə ye­kunlaşdırıb: “Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.

Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa ma­likdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müa­sir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər.

İnsanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.

Xalq qəzeti  2020.- 14 iyul.- S.7.