Fəxr edirik ki, Sizin kimi liderimiz var, cənab Prezident

Kişi söhbəti. Onun etməyi və dinləməyi hamı bacarırmı? Bacaranlar xalqın inam və etibarını qazanır, zəfər daim onların üzünə gülür. Doğru-düzgünlüyü, halallığı, humanistliyi, bəşəri xidmətləri və nəhayət, kişiliyi ilə həm öz xalqının, həm də beynəlxalq ictimaiyyətin dərin rəğbətini qazanmış Azərbaycan Prezidenti kimi. Bacarmayanlar isə dedi-qoduya, giley-güzara, qeybətə və dilənçiliyə başlayır və sonda rüsvay olurlar. Bədxah qonşularımızın bədnam baş naziri kimi...

Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma­sı mərasimində söylədiyi son dərəcə əhatəli və məzmunlu çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdı­lar. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağ­lı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam.

Azərbaycanın dövlət başçısı bu yerdə Ermənistanın baş nazirinə konkret mesaj göndərdi: “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək, bunun axırı nə olacaq”.

Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlı­ğı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir.

Dövlət başçısı əlavə etdi ki, bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxı­şımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazıl­sınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı – onların mütləq əksəriyyəti gənclərdir – Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, bu­dur Azərbaycan gənci. Parlamentin şüşələrini, qa­pılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Bəli, Azərbaycan xalqı xoşbəxtdir. Həm də ona görə ki, müdrik olduğu qədər də mərd, qorxmaz, sözünün ağası olan və Qafqazda xüsusilə yüksək dəyərləndirilən kişi lideri var. Dövlət başçımıza göndərilən vətəndaş məktublarının bir çoxu da məhz belə dəyərlərdən bəhrələnir.

Zamanın sınağından ləyaqətlə çıxmış lidersiniz

Hörmətli cənab Prezident!

Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq həmişə Sizinlə bir yerdə olub.

Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-za­man layiqli cavablarını alıblar.

İnşallah, biz Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədən qalib çıxaca­ğıq.

Hörmətlə,

Aysel Hüseynova, Lənkəran şəhəri

Tezliklə qələbə müjdəsi eşidəcəyik

Möhtərəm Prezidentimiz!

Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli ca­vabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şahnaz Əliyeva, Abşeron rayonu

Müzəffər ordumuzla fəxr edirik

Hörmətli Ali Baş Komandan!

Bu gün hər bir Azərbaycan gənci müzəffər ordumuzla fəxr edir. Bu günlərdə qəhrəman Azərbaycan Or­dusu erməni təxribatına layiqli cavab olaraq, sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan əsgəri Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi.

Cənab Ali Baş Komandan, güc­lü Azərbaycan naminə biz gənclər Sizinləyik və əmrinizi gözləyirik!

Hörmətlə,

Rahim Muradov, Naftalan şəhəri

Azərbaycan xalqı Sizə inanır

Hörmətli cənab Prezident!

Məlum olduğu kimi, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğula­rından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması açıq-aşkar təxribatdır.

Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətiniz, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxu­ya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Azərbaycan xalqı Sizə inanır. Sizin sayənizdə işğal olunmuş ərazilər qısa zamanda geri alınacaq.

Hörmətlə,

Elgün Kərimov, Cəlilabad rayonu

Sizin əmrinizi gözləyirik

Cənab Prezidentimiz!

Son günlər baş verən hadisələrdən sonra Azərbaycan xalqının Sizin yanı­nızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində ordumuzun düşmənə vurdu­ğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı.

Biz ordumuza güvənərək Füzu­li rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan Ordusunun gücünü bir daha göstərdi.

Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteran və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər də təqdirəlayiqdir. Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyat­da olan bir əsgər kimi doğma torpaqla­rımızın işğaldan azad edilməsi naminə canımdan keçməyə hazıram.

Hörmətlə,

Elnur Səfərov, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi

Sizin liderliyiniz dünyada bəyənilir

Hörmətli cənab Prezident!

Ermənistanla sərhədin Tovuz rayonu sahəsində baş verən hadisələr xalqla Sizin birliyinizi yenidən təsdiq etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz dünyada bəyənilir.

Cənab Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar evi”ndə yaşayıram, dövlətimizin qayğısı ilə əhatə olunmuşam.

Doğma yurduma sevgimi, Sizə sədaqətimi nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq üçün hərbi xidmətə getmək, düşmənləri doğma tor­paqlardan qovmaq istəyirəm. Sizin hər bir əmrinizə hazır olduğumu bildirirəm.

Hörmətlə,

Elçin Qələmirzə oğlu Sultanov, Abşeron rayonu, Masazır kəndi

Azərbaycan heç zaman belə güclü olmamışdır

Müdrik Ali Baş Komandan!

Azərbaycan dövlətinin və xalqının növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqa yaxın olması ilə fərqlənən bir lider rəhbərlik etdi. Hər addımında zəfər duyulan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç belə güclü olmamışdır. Uğurlar Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli, müdrik və humanist bir lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə doğru inamla aparın, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Allah bu yolda yar və yardımçınız olsun!

Dərin hörmət və ehtiramla,

Məhərrəm Abdullayev, Bakı şəhəri

Vətən uğrunda döyüşmək bizə şərəfdir

Hörmətli cənab Prezident!

Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaq­larımızın bütövlüyü uğrunda mübarizə aparırlar.

Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazı­ram, səfərbərlik əmrinizi gözləyirəm.

Hamımız inanırıq ki, bu mənfur düşmənə qalib gələcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq.

Hörmətlə,

Aydan Cəfərova, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.

Uğurlarınız daimi olsun

Möhtərəm cənab Prezident!

Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvərlik ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çı­xışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsiyyətinizə xüsusi hörməti hamımızı sevindirir.

Cənab Prezidentim, bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun!

Hörmətlə,

Xəyalə Yusifova, Qubadlı rayonu

 

Təqdim etdi: Qüdrət PİRİYEV

Xalq qəzeti  2020.- 23 iyul.- S.3.