Azərbaycan – Türkmənistan mədəni əlaqələri yeni mərhələdə

M. Mükərrəmoğlu

Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri xalqlarımız arasında mədəni əlaqələrin də inkişafına yeni stimul verəcək. İki dövlət arasında imzalanan sənədlər arasında mədəniyyətlərin qarşılıqlı əlaqəsinin inkişafı ilə bağlı sazişlər də var. "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş" bu qəbildən olan sənədlərdir. Mətbuata verdiyi açıqlamada Türkmənistan Prezidenti deyib: “Əlbəttə, biz mədəni-humanitar sahəyə də toxunduq. Bu sahədə elm, təhsil, idmanturizm məsələləri prioritetdir. Lakin ən başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq, dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz var. Buna görə də biz milli sərvətimiz, yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük əhəmiyyət veririk. Buna görə biz Türkmənistan və Azərbaycan xalçalarına həsr edilmiş sərgilər, konfranslar keçirilməsi barədə razılığa gəldik”. Qeyd edək ki, Azərbaycanın Türkmənistanla mədəni əlaqələri son illər daha da genişlənmişdir. Azərbaycanda türkmən ədəbiyyatına həmişə xüsusi maraq olub. Məşhur ədəbiyyatşünas alim Salman MümtazMaarif və mədəniyyət” jurnalında dərc olunmuş “Türkmən şairləri” məqaləsində böyük türkmən şairi Əhməd Yəsəvinin adını xüsusi qeyd edib. Filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Seçilmiş əsərləri”ni Azərbaycan dilinə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu yaxınlarda isə AMEA Folklor İnstitutunun əməkdaşları Molla Nəpəsin “Seçilmiş əsərləri”ni Azərbaycan dilində çap etdiriblər. Kitab Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib. Türkmənistan Prezidenti bu kitabı Türkmənistan--Azərbaycan ələqələrinin yaxşılaşmasına doğru atılan uğurlu addım kimi qiymətləndirib. 2009-cu ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Vəhdət Sultanzadəyə qardaşlıq əlaqələrinin inkişafındakı töhfəsinə görə Dövlət mükafatı təqdim edib. 2010-cu il mayın 21-də Bakı Dövlət Universitetində görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Həmin il noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar Türkmənistan Prezidenti sərəncam imzalayıb. Türkmənistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları təmsil ediblər. Aşqabadda məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alanmusiqili komediyası Məhtimqulu adına Türkmənistan Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulub. 2010-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının türkmən dilində nəşrinin təqdimatı keçirilib. Türkmənistanın Azərbaycandakı səfirliyi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Türkmənistanın iqtisadi strategiyası: xalqa söykənərək xalq naminə” adlı məqaləsinin yer aldığı kitabı Azərbaycan dilində nəşr etdirib. Ölkələrimiz arasında münasibətlərin genişlənməsi təsadüfi deyil. Prezident İlham Əliyevin sözləri ilə desək, tarix, mədəniyyət, etnik köklər birdirbiz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq. Ortaq mədəniyyətə malik xalqlarımız arasında mədəniyyət, incəsənət və turizm sahəsində uğurlu nailiyyətlər əldə olunub. Beynəlxalq münasibətlərin inkişafına böyük önəm verən Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşündə demişdir: “Apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamış, əməkdaşlıq, dostluq etmişlər”. Son illər mədəni əlaqələrin inkişafına xidmət edən konfranslar, mədəniyyət günləri, festivallar bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Onlardan biri Bakıda Türkmənistanın Dirçəliş, Birlik və Məhtimqulu Fəraqi poeziyası günü münasibətilə keçirilən konfransdır. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtimqulu Fəraqinin “Seçilmiş əsərləri”nin, Molla Nəpəsin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, həmçinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun “Ahaltəkinli fəxrimiz və şöhrətimizdir” kitabının Azərbaycan dilinə tərcüməsi və keçirilən mədəni-kütləvi tədbirlər böyük maraq doğurmuşdur. Türkmənistanda da Azərbaycanın elm, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətləri maraqla qarşılanır. Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Məhtimqulu adına Türkmənistan Musiqili Dram Teatrında Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı kollektivinin tamaşaya qoyduğu “Ziyarətçi” tamaşası zövqləri oxşamışdır. Aşqabadda keçirilən Azərbaycan kinosu günlərində göstərilən filmlər, ölkəmizin musiqi kollektivlərinin konsert proqramları rəngarəngliyi və zənginliyi ilə yaddaqalan olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, köklərimizin ümumiliyi, mədəniyyətlərimizin oxşarlığı qardaş xalqları bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin sıx əməkdaşlığı üçün möhkəm təməl yaradır. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı demişdir: “Azərbaycan və Türkmənistan xalqlarının tarixi, mədəni bağlılığını nəzərə alaraq, mədəniyyət, incəsənət, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mühüm aktuallıq kəsb edir”. Bu yaxınlarda Mədəniyyət naziri Əbülfəs Qarayev Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Mekan İşanquliyev ilə görüşüb.Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Prezidentinin Türkmənistana rəsmi səfəri çərçivəsində ötən il noyabrın 22-də imzalanmış “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında 2019--2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nın əhəmiyyəti qeyd edilərək, bunun iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcəyi bildirilib. Heç şübhəsiz ki, Türkmənistan Prezidentinin Azərbaycana bu rəsmi səfəri mədəni əlaqələrimizin də inkişafında yeni mərhələ olacaq.

Xalq qəzeti  2020.- 18 mart.- S.5.