Albaniya tarixinə dair sanballı əsər

«Elm və Təhsil» nəşriyyatı bu yaxınlarda görkəmli arxeoloq, professor Qafar Cəbiyevin «Girdiman. Tarixitarixi coğrafiyası» adlı fundamental tədqiqat əsərini rus dilində nəşr edib. Redaktoru aka­demik Yaqub Mahmudov, rəyçiləri akademiyanın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasi olan kitabın nəfis şəkildə nəşrinin təşəbbüskarı və sponsoru tanınmış azərbaycanlı adamı Fərhad Əhmədovdur.

Giriş, doqquz fəsil, nəticə, 3 sxema­tik xəritə, 4 cədvəl-diaqram, Girdiman abidələri və onlarda aparılmış arxeoloji tədqiqatları özündə əks etdirən 54 şəkil, habelə yüzlərlə nadir arxeoloji tapıntının foto və rəsmlərinin cəm olduğu 43 tab­lodan ibarət kitab son onilliklər ərzində Albaniya tarixinə həsr olunmuş sanballı tədqiqat əsəri kimi dəyərləndirilir.

Məlum olduğu kimi, uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin siyasi ta­rixi və ərazilərinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud olub. Belə ki, əksər tədqiqatçılar heç bir ciddi elmi mənbə və arqumentə əsaslanmadan Girdiman vilayəti ərazilərini Albaniyanın qərbində və ya şimali-qərbində lokalizə etməyə üstünlük veriblər. Xatırladaq ki, Girdi­man vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış versiyanı ilk dəfə elmi dövriyyəyə gətirən uzun illər SSRİ Şərqşünaslıq İnstitutunun Qafqazşünas­lıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub. Yeremyan ermənilər tərəfindən məqsədli şəkildə Albaniya tarixinin təhrif olunaraq saxtalaşdırıl­ması işinin ilk “pionerlərindən” olub. Əfsuslar olsun ki, sonralar Albaniya tarixi ilə məşğul olan bir sıra Azərbaycan tarixçilərinin Girdimanın lokalizəsi ilə bağlı erməni aliminin elmə gətirmiş olduğu bu yanlış versiyanı təkzib etmək cəhdləri də nəticəsiz qalmışdır. İlk dəfə məhz professor Qafar Cəbiyev Girdi­man vilayətinin Şirvan bölgəsində, daha konkret desək Ağsuçay-Girdimançay- Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizələri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışmış və buna müvəffəq olmuş­dur. Qədim və Orta əsr mənbələrində tarixi Girdiman ərazilərinin məhz Şirvan bölgəsində lokalizəsini təsdiqləyən bir sıra prinsipial əhəmiyyətli məqamlar üzərində dayanan Q.Cəbiyev öz mülahizələrini həmçinin Albaniya­nın qərbində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə çoxsaylı bu cür abidə və toponimlərin mövcudluğu ilə əsaslandırıb.

Akademik Yaqub Mahmudovun kitaba yazdığı ön sözdə deyildiyi kimi, professor Q.Cəbiyev ilk mənbələrin məlumatlarını və arxeoloji araşdır­maların nəticələrini təhlil etməklə, üzləşdirməklə, müqayisələr aparmaqla, mövcud elmi ədəbiyyatda yer alan qeyri-elmi mülahizələrə tənqidi münasibət bildirməklə, bir sözlə, inkarolunmaz elmi əsaslara söykənərək S.Yeremyanın və digər üzdəniraq erməni tarixçilərinin cəfəngiyyat dolu fikirlərini təkzib etməklə tarixi həqiqəti ortaya qoymuşdur. Beləliklə, professor Q.Cəbiyev bu əsəri ilə Girdimanın real tarixiniŞirvan ərazisində yaranmış, təşəkkül tapmış və öz inkişafının zirvəsinə yüksəlmiş tarixini təqdim edib. Bir sözlə, “Girdiman. Tarixitarixi coğrafiyası” əsəri real tarixdir, olmuş tarixdir, bizim tarixdir. Bu təkcə müəllifin deyil, ümumiyyətlə tarix elminin böyük uğurudur”.

Xalq qəzeti.-2020.-1 may.-S.6.