Hər bir azərbaycanlının PREZİDENTİ

Bunu ölkədə aparılan genişmiqyaslı islahatlar da sübut edir

 

Kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır – müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın tarixinin son 16 ilində əldə olunmuş nailiyyətlər, ölkəmizin dünya birliyində reytin­qinin yüksəlməsi, mövqeyinin daha da möhkəmləndirilməsi, əhalinin həyat təzinin yüksəldilməsi bir daha təsdiqləyir ki, ölkəmiz post­sovet məkanı, o cümlədən, uzun müddət müstəqillik tarixi olan bir sıra dövlətlərlə müqayisədə sürətli inkişaf yoluna qədəm qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu yol Azərbaycanı dünya birliyində maraq dairəsinə çevirib və respubli­kamızla əməkdaşlıq edən dövlətlərin sayı ildən-ilə artır. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi insan hüquq və azadlıqlarının müdafiəsi yolunda atılan qətiyyətli addımlar respublika­mıza olan marağı daha da artırıb.

Peşəkarlardan ibarət kadr bazası

Prezident İlham Əliyevin bütün sferalarda keyfiyyət dəyişikliyinə nail olmaq üçün gerçəkləşdirdiyi islahat­lar xalq tərəfindən böyük razılıqla qarşılanır. Dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən islahatlar nəticəsində idarəetmədə yeni, çevik, operativ model yarandı. İslahatların fəlsəfəsini, hədəflərini dərk edən və bunu müasir tələblər səviyyəsində həyata keçirməyi bacaran, intellek­tual səviyyəli, milli dəyərlərə sadiq, müasir dünyagörüşlü gənclərdən və peşəkarlardan ibarət kadr bazasının formalaşdırılması ölkəmizin dünya birliyinə sürətli inteqrasiyası baxı­mından mühüm əhəmiyyət kəsb edir. İslahatlar, həmçinin dövlətin sosial və humanitar siyasətində, özəl sektorda, bütövlükdə, ölkənin inkişafında, məhkəmə-hüquq sisteminin müasir dövrün reallıqlarına, Azərbaycan dövlətinin təməl prinsiplərinə uy­ğunlaşdırılmasında da özünü büruzə verdi.

Ekspertlərin vurğuladıqları kimi, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən, bu gün də davam etdirilən struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaqla yanaşı, cəmiyyətdə forma­laşan yeni çağırışlara və iqtisadiyyat­da baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks isla­hatlar ölkəmizə “dünyada ən islahatçı ölkə” imici qazandırdı.

Kompleks sosial islahatlar

Dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda da ölkəmiz inkişaf yolundan dayan­mayıb, nəzərdə tutulan layihələr uğurla icra olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səngimir. Bu baxımdan, Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı diqqəti daha çox cəlb edir. Bu sərəncam, demək olar ki, əhalinin bütün həssas təbəqəsini, aztəminatlı ailələri, əlilləri, əmək qabiliyyəti məhdud uşaqları, müharibə vete­ranlarını, əmək əlillərini əhatə edir. Həmin sərəncamla bu qəbildən olan insanların sosial müdafiəsi daha da gücləndirildi.

Ümumiyyətlə, Azərbaycan dövlətçiliyi tarixində sosialyönümlü il kimi yadda qalan 2019-cu ildə dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, qəbul edilən sosial paketlər, icra olunan layihələr ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasında mühüm rol oynadı. Xatırladaq ki, bu sənədlərin icrası ilə bağlı 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdırıldı. 2019-cu ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyev tərəfindən xalqımızın sosial təminatının gücləndirilməsi, həyat şəraitinin daha da yaxşılaşdı­rılması istiqamətində imzalanan bir çox fərman və sərəncamlar əhalinin hədsiz sevincinə səbəb olmuşdur.

Prezident tərəfindən həyata keçirilən kompleks sosial isla­hatlar nəticəsində pensiyalar, əməkhaqları, sosial müavinətlər, təqaüdlər artırılıb, banklara on min dollara qədər kredit borcu olanların problemi həll edilib. Bir il ərzində minimum əməkhaqqının iki dəfə artırılması dövlətin öz vətəndaşına münasibətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, maaş artımı təkcə büdcə təşkilatlarında deyil, eyni zamanda, özəl sektorda çalışanlara da şamil edilib. Prezidentə inanan və güvənən hər bir Azərbaycan vətəndaşı görür ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proq­ramlar, layihələr onların rifahının yüksəldilməsi yolunda atılan addım­lardır. Bütün bunlar “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını” təsdiqləyən faktlardır. Eyni zamanda, sosial rifah dövlətinin qurulması ölkə Prezidentinin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.

Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan ümumi islahatlar siyasətinin təzahürüdür. Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərkən deyib ki, islahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçiri­lib. Sonuncu prezident seçkilərindən sonra ölkə başçısının andiçmə mərasimindəki çıxışında islahatla­rın yeni mərhələsi elan edildi və bu islahatlar ardıcıl şəkildə reallaşdı­rılmağa başlandı. O cümlədən, kadr islahatları ilə bağlı olan məsələlər də öz həllini tapdı. Dövlət başçısı vurğulayıb ki, yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənclər, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Nəticədə vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struk­tur dəyişikliyi edildi.

Yerli icra orqanlarında mütəmadi olaraq aparılan kadr dəyişikliyi xalq tərəfindən rəğbətlə qarşılanır. Son vaxtlar bir sıra rayonların icra hakimiyyəti başçıları və onların yaxın ətrafının törətdiyi cinayət əməlləri bir daha təsdiqləyir ki, kadr islahat­larının aparılması labüddür. Təbii ki, korrupsiya və rüşvətxorluq hallarına aludə olmuş vəzifəli şəxslərə heç bir güzəştin olunmaması və onaların qanun qarşısında cavab vermələri də aparılan islahatların uğurlarıdır. Gö­ründüyü kimi, ölkədə aparılan geniş­miqyaslı islahatların əsas məqsədini respublikamızda mövcud ab-havanı daha da sağlamlaşdırmaq, xoşagəlməz halların qarşısını almaq təşkil edir.

Həmrəyliyə və birliyə çağırış

Həyata keçirilən düşünülmüş islahatlar dövlət başçımızın andiçmə mərasimindəki nitqində dediyi “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” – fikrinin təsdiqidir. Bunu parlamentin yenidən formalaşdırılması zamanı müxalifət partiyaları və bitərəf təmsilçilərə etimad göstərilməsi, onların mühüm vəzifələrə təyin olunması da təsdiqləyir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər birimiz bundan qürur duymalıyıq. Hazırda Milli Məclisin rəhbərliyində və komitələrdə müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, mövqeyindən asılı olmayaraq, siyasi partiyaların nümayəndələri arasında ayrı- seçkilik qoyulmamasından xəbər verir. Düşünülmüş şəkildə həyata keçirilən islahatlar ölkədə həmrəyliyin və birliyin heç zaman olmadığı ən yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələ öz əksini tapdı. Dövlət başçısının tapşı­rığı ilə Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi etməsi həmrəyliyə və birliyə çağırış kimi qiymətləndirilməlidir. Əksər müxalifət partiyalarının sədrləri siyasi dialoq təklifini çox ciddi addım, eyni zamanda, həmrəyliyə, birliyə çağırış kimi dəyərləndirərək bu təklifi məmnuniyyətlə qəbul ediblər. Hətta, görüşlərdə iştirak da ediblər. Bu, bir faktdır ki, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi üçün həmrəylik və birlik, o cümlədən, iqtidar-müxalifət dialoqu vacibdir. Ölkə başçısının dediyi kimi, “Biz birlikdə güclüyük!”. Siyasi dialo­qun zərurliyi dövlət başçısının da diqqət mərkəzindədir. Onun “ Bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür!” fikri reallıqdır. Hər bir siyasi partiya sədri bu reallığı qəbul etməlidir.

Prezident İlham Əliyev siyasi dialoq təşəbbüsünün bəyənilməsindən məmnunluğunu bildirib: “Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq başlayıb. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır”.

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də radikal müxalif qruplaşma xalqın sağlamlığının və həyatının, dövlətin təhlükəsizliyinin böyük sınaq qarşısında olduğu bir vaxtda yenə də dönük və xəbis xislətlərinə sadiq qaldılar. Onlar heç bir əsası olmayan bəhanələrlə milli həmrəylik və birlik çağırışından yayınır, xarici ağalarının sifarişlərini yerinə yetirməklə satqın və xəyanətkar vərdişlərindən əl çəkə bilmirlər. Bəhanələri də budur ki, guya, iqtidar müxalfətə qarşı aqressivdir, qanunsuz həbslər olur, demokratik prinsiplər pozulur və s. Təbii ki, bütün bunlar bəhanədir. Axı, dövlətimizin başçısı siyasi mövqeyindən asılı omayaraq, ölkə vətəndaşları arasında heç bir fərq qoymur, hər kəsə bərabər səviyyədə münasibət bəsləyir və bütün vətəndaşların Prezidenti olduğunu siyasi fəaliyyəti ilə bir daha nümayiş etdirir. Bir neçə faktla dedikərimi əsaslandırmaq istərdim.

Faktlar təsdiqləyir ki...

Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda bildirlir ki, bu yaxınlarda ölkəmizdə daha iki siyasi partiya qeydiyyata alınıb. Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatla bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uy­ğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, hətta bu yaxın­larda Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş də keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Bundan başqa, daim müxalif mövqeyi ilə seçilən, həmişə iqtidarı kəskin tənqid edən Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətində ciddi problem yarananda onun ailə üzləri kömək üçün ölkə başçısına müraciət etmişdi. Prezident humanist addımını müxalifət partiyasının sədrindən də əsirgəmədi. Bu, bir daha təsdiqlədi ki, dövlət başçısı insanlara siyasi əqidəsinə görə münasibət, kin-küdurət bəsləmir, insan amilinə görə dəyər verir. Ağır əməliyyat müddətində Prezidentin şəxsi nümayəndəsinin partiya sədrinin ailə üzvləri ilə bir yerdə olub pro­sesi sona qədər nəzarətdə saxlaması insan amilinə verilən dəyərin bariz nümunəsidir. Xatırladaq ki, müxalifət partiyası sədrinin oğlu atasının həyatının ciddi təhlükə altında olduğu məqamda ölkə Prezidentinin verdi­yi dəstəyi heç vaxt unutmayacağını söyləyib.

Daha bir fakt. Bu günlərdə Ali Məhkəmənin Plenumunda REAL Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılması və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, hər ikisinə mənəvi ziyanla bağlı kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi iqtidarın siyasi mövqeyindən asılı olmayaraq, hər kəsə bərabərhüquqlu münasibətinin daha bir təsdiqidir.

Müxalif mövqeləri ilə seçilən hər iki şəxslə bağlı bəraətverici əsaslarla xitam, eləcə də onlara kompensasiya ödənilməsinə dair qərarın verilməsi, ilk növbədə, Azərbaycan dövlətinin ali dəyərlərə, insan haqlarına, qanunun aliliyinə münasibətinin, ikincisi, məhkəmə, hüquq-mühafizə sisteminə təzyiqin olmamasının əyani sübutu­dur. Ən əsası isə dövlət başçısının insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.

Faktlar da təsdiqləyir ki, ge­nişmiqyaslı islahatlar öz bəhrəsini bütün sahələrdə göstərir. Vətənini, millətini sevən hər bir kəs dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışna qoşulmalı, həmrəylik və birlik nümayiş etdrərək Azərbaycanın dünya birliyindəki mövqeyinin daha da möhkəmləndirliməsi yolunda öz köməyini əsirgəməməlidir.

 

Əliqismət BƏDƏLOV

Xalq qəzeti 2020.- 5 may.- S.7.