Prezidentin müsahibələri erməni yalanlarını ifşa edir

Prezident İlham Əliyev sentyabrın 27-dən ötən müddətdə bir sıra xarici media orqanlarına müsahibələri ilə qərəzli suallar qarşısında müdriklik nümayiş etdirir, qətiyyətli cavablar verərək həm Azərbaycanın haqlı tərəf olduğunu sübut edir, həm də Ermənistanın yalanlarını ifşa edir. Dövlət başçımız noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə də yenə mövzu ilə, mövcud durumla bağlı jurnalistin təxminən eyni səpkili suallarına cavab verərkən təmkinini pozmadan, Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu, ərazi bütövlüyünü bərpa etdiyini dəlillərlə sübut etdi.

Noyabrın 4-də, Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsində İspa­niyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə cəbhədəki vəziyyətlə bağlı suallara cavablarda ordumuzun üstünlüyünə diqqət çəkdi. 30 il işğal altında olan ərazinin böyük hissəsinin birbirinin ardınca azad edildiyini, Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatlarının da­vam etdiyini vurğuladı. Qeyd etdi ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşməklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edirik. Ermənistan tərəfin yay­dığı feyk xəbərlərə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin ötən illər ərzində əməl olunmayan qətnamələrini icra edirik.

Dövlət başçısı hər iki müsahibədə faktiki olaraq, ya tamamilə, ya da qismən azad edilən ərazilərimizi qeyd edərək, digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələdə olduğunu bildirdi. Müharibə başlayan­dan xarici media qurumlarına verdiyi bütün müsahibələrində olduğu kimi, yenə jurnalistlərin atəşkəslə bağlı verdiyi suallara geniş açıqlama ver­di. Bu atəşkəslərin işləməməsinin səbəblərindən biri kimi Ermənistanın azad edilmiş ərazilərimizi geri alma­ğa cəhd göstərdiyini, buna nail ola bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə iki dəfə hücum etdiklərini, üçüncü atəşkəsdə dinc şəhər olan Bərdəyə hücum etdiklərini göstərdi. Bərdədə bir gündə 21 nəfər mülki şəxsin qətlə yetirildiyini, 70 nəfərin yaralan­dığını, beləliklə, hər 3 dəfə atəşkəsin Ermənistanın tərəfindən pozulduğunu deməklə erməni yalanlarına diqqət çəkdi.

Ermənistanın kompromisə hazır olduğu fikrinə münasibət bildirən dövlət başçısı onun yenə yalanlar, uydurma­larla bağlı olan kompromis fikirlərinə diqqət çəkdi: “İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. ...Əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə ol­mazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi”. Prezident bildirdi ki, Ermənistan tərəf həqiqətən də Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqla­rını açıq şəkildə deməsə, hərbi variant qaçılmaz olacaq.

Paşinyanla bir masa arxasında oturmağın mənasızlığını, son iki il ərzində onunla çoxsaylı görüşləri oldu­ğunu, lakin onların hamısının tamamilə səmərəsiz olduğunu qeyd edən dövlət başçımız bir daha onun yalanlarından söz açdı: “O, mənə söz vermişdi ki, ...Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün kons­truktiv şəkildə işləməyə hazır olacaq. ...Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yox­dur. Dedi ki, “Qarabağ Ermənistandır”. ...Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm”.

Jurnalistlərin Azərbaycan Ordusu ilə birlikdə Ermənistana qarşı döyüşən muzdluların mövcudluğu barədə sualı­na, “Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil”, -- deyə cavab verdi və bunun münaqişənin ilk günlərində və yalan söyləndiyini, doğru məlumat olmadığını bildirdi. Bununla erməninin daha bir yalanının açıqladı. Həmçinin qeyd etdi ki, “əvvəla, o vaxtdan sonra biz bu cür bəyanatlar eşitməmişik, ikin­cisi, əlavə döyüşçüyə ehtiyac yoxdur”. Prezident, eyni zamanda, əlimizdə Ermənistan tərəfindən əcnəbilərin döyüşdüyünə dair kifayət qədər dəlillər olduğunu, onların öz dediklərinə görə, erməni əsilli olduqlarını bildirdi və əlavə etdi ki, əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Həmçinin onların hamı­sının erməni olmasına dair bizdə 100 faiz dəlil olmadığını, və başqalarının orada döyüşdüyü haqda məlumatımızın olduğunu dedi: “Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusuna qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzu­su deyil”.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, erməni tərəf nə qədər yalanlar söyləsə də, biz öz ərazimizdə, işğalda olan tor­paqları azad etmək üçün vuruşuruq, mülki əhaliyə atəş açmırıq. Amma onlar dinc şəhərlərə atəş açmaqla qalmır, hətta dəfn mərasiminə top­laşanları da hədəfə alırlar. Yetərincə silah – sursatımız, ordumuz var. Bizdə heç bir muzdlu döyüşmüronlara ehtiyacımız yoxdur. Bizi ittiham etməyə çalışan ölkə rəhbərləri rəqib tərəfdəki əcnəbi döyüşçüləri görmək istəmirlər. Amma əldə əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Hazırda müharibənin aktiv fazası olduğuna və Ermənistan ordusunun yaşayış məntəqələrini davamlı atəşə tutmasına, mülki şəxslərin həlak olma­sına baxmayaraq, cəbhə bölgəsində olan rayonlarda – Tərtər, Ağdam, Bərdə, Goranboy, Ağcabədi və digər rayon­larda həyat öz axarı ilə davam edir. Xalqımız müharibənin tezliklə və zəfərlə bitəcəyinə əmindir.

 

Məşhur MƏMMƏDOV, Milli Məclisin deputatı

Xalq qəzeti  2020.- 8 noyabr.- S.4.