“İşğal altında olan Qarabağı Azərbaycan əsgəri, giziri, zabiti rəşadətlə azad edib”

Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.

Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar.

Əsgər, gizir və zabitlərimiz torpağımızı işğalçılardan ­qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada ­dalğalandırıblar.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Cənnət Qarabağ uğrunda təcavüzkar və işğalçı Ermənistanla 33 ildən bəri başlamış faciəli münaqişənin ikinci qanlı müharibə mərhələsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu tarixi əhəmiyyətli sonluq Azərbaycan xalqının sonsuz yurd sevgisini, hədsiz dözümünü, dəmir iradəsini, və ölüm-dirim mübarizəsində yenilməzliyini bütün dünyaya bir daha sübut etdi. Ordumuz bu qələbəni ən yeni tarixə şəhid döyüşçülərimizin qanı ilə həkk etdi. Buvaxtadək sivil xalqı, zəngin ölkəsi, müstəqil dövləti, döyüşkən ordusu ilə tanınan Azərbaycan çatmayan bir dəyərini – pozulmuş ərazi bütövlüyünü hərbi yolla, qəhrəmanlıqla bərpa elədi.

Bu yerdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş  “Dədə Qorqud” bədii filminin sonluğu yada düşür. Ulu Qorqud dədə minillərdən gələn milli kimliyimizin əsas dəyərinin – yurd sevgisinin məna və mahiyyətini özündən sonrakı gələcəyə belə anladır: “Torpağı qorumasan – əkib-becərməyə dəyməz, əkib-becərməsən – qorumağa dəyməz”. Xalqımız Vətənini min illər boyu qorumaqla və əkib-becərməklə saysız-hesabsız basqıdan və  bir sıra işğaldan qoruyub çağdaş dünya birliyinin bərabərhüquqlu dövləti məqamına çatdırıb.

Başbilənlərinin tarixən uydurduğu yalanlara inanan erməni toplumu isə zəmanəmizin pozulmaz sayılan qadağasına-- özgə torpağına yiyələnməyin mümkünlüyü xülyasına qapılaraq, özünə havadarlar taparaq bütün hiylə, xəyanət və vəhşiliklər hesabına tarixlərdən qoruyub bugünə çatdırdığımız müqəddəs torpaqlarımızın 20 faizini işğal etdi, 1 milyon soydaşımızı öz tarixi yurdunda qaçqın-köçkünə çevirdi. Beynəlxalq hüquq, BMT qətnamələri bu qəsbkarlıq və işğalın yolverilməz olduğunu birmənalı olaraq bəyan etsə də, ağlını və milli ləyaqətini itirib kütləvi quldurlar səviyyəsinə enmiş  ermənilər bütün bunları anlamayıb 30 il çal-çağırla özünü qalib saydı, sivil dünyaya hədyanlıq, yavalıq göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsini sülh yolu ilə həll etməli olan ATƏT-in BMT mandatlı Minsk qrupunun bu missiyasi isə fəaliyyətsizlikdən iflasa uğradı.

Zaman keçdikcə şair Qabilin məşhur şeirində əksini tapmış “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” həqiqəti gündəmə gəldi, nəhayət, aktuallaşdı və qətiləşdi. Bəli, bu gün qazandığımız Qələbəni sentyabrın 27-dən başlanmış 44 günlük İkinci Qarabağ savasında xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi.  Xalqımızın mənəviyyat beşiyi, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi ilə ikiqat bayrama çevrilmiş 9 Noyabr Dövlət Bayrağı Gününün səhərisi azğın və qüduzlaşmış işğalçıya Azərbaycan Ordusunun vurduğu son sarsıdıcı zərbə-- daha 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi və quldur yuvası Xankəndinin mühasirəyə alınması ilə xain düşmənin yenilməz hesab etdiyi Ermənistan ordusu müqavimət qabiliyyətini itiririb diz çökdü.

Ermənistan rəhbərliyinin gecəyarısı inadı yerə qoyub ölkəmizin şərtlərini qəbul etməsini və imdad diləməsini, Rusiyanın  işğalçı dövləti məhv olmaqdan xilas etmək məramını anlayışla qarşılayan Azərbaycan rəhbərliyi Şimal qonşunun iştirakı ilə düşmənin kapituliyasiyası anlamına gələn üçtərəfli bəyanatı zəfər aktı kimi imzaladı.

Bu tarixi anlarda xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev təntənə ilə bəyan etdi: “Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan--Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.

Dövlət başçımız açıqlama verərək bildirdi ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünənki parlaq, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Doğrudan da, Azərbaycan Ordusunun ayyarımlıq zəfər yürüşünün –apardığı ağır və uğurlu döyüş əməliyyatlarının yekunu olan, əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılan böyük Qələbəni tarixə həkk edən bu təslimolma sənədinin imzalanması ilə uzun illər davam edən nisgilli işğal epoxasına son qoyuldu.   Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu qələbəni Azərbaycana yurd sevgili, qorxubilməz döyüşçülərimiz bəxş elədilər.

Bu döyüşlərdə canını qurban vermiş şəhidlərimiz xalqımızın mənəvi dünyasında ən yüksək məqamda qərarlaşdı. Qalib Ali Baş Komandanın söylədiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada dalğalandırıblar”.

Ümummilli lider Heydər Əliyevin yenidən formalaşdırdığı Silahlı Qüvvələrimiz Prezident İlham Əliyevin çoxillik müstəsna səyləri ilə elə bir güc və imkah qazandı ki, Ermənistan ordusunun məğlubedilməzliyi mifini asanlıqla puç etdi, bu quldurxislət, talançı silahlı bandaları qısa müddətdə darmadağın etdi. Ali Baş Komandanın öyünclə söylədiyi kimi: “Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər”.

Ordumuzun sarsıdıcı zərbələrinə davam gətirməyən emənilər silah-sursatı ataraq qaçıb getdilər. “Yenilməz” ordu məhv oldu, fərarilik başladı. Bizdə isə bir nəfər də fərari olmadı. Döyüş qabiliyyətli gənclər axın-axın orduya yazıldı. Mülki vətəndaşlar evi dağılsa da yaxınlarını  itirsə də dedi: “Vətən sağ olsun, ordumuz  irəli, getsin!”.

Azərbaycan Ordusu bu qələbəni düşməndən on qat aşağı itki ilə qazandı. Çünki bu ordu ədalətli müharibə aparırdı, Vətən sevgisi ilə döyüşürdü, ən müasir texnika və döyüş taktikası ilə vuruşurdu. Xalq isə öz ordusunun arxasında idi. Bütün bunların nəticəsi olaraq xalqa Qələbə müjdəsi verən Prezident İlham Əliyev dedi:  “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Dövlət başçısı bildirdi ki, döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirlər ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik”.

Ali Baş Komandanın bugünlərdə yaralı döyüşçülərlə görüşdə bildirdiyi kimi, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur: planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.

Ancaq bu Qələbəni xalqımıza qazandıran texniki vasitələrin üstünlüyündən daha artıq  əsgər və zabitlərimizin peşəkarlığı, Vətənə məhəbbəti və milli qeyrəti oldu. Ali Baş Komandan da bütün bunları yüksək dəyərləndirərək vurğuladı: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq”.

Döyüşlərdə düşmənin 252 tankı, 53 tank əleyhinə vasitəsi məhv edilib, 53 tank qənimət götürülüb-- Ermənistan 305 tankdan məhrum edilib; 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb; 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət götürülüb; 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb; 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.

Bu natamam siyahının davamı belədir: 16 komanda-idarəetmə məntəqəsi dağıdılıb. Zenit-raket kompleksləri-- 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. Ən bahalı qurğulardan olan 6 “S-300” atıcı qurğusu, 1 aşkaretmə stansiyası, 1 lokator məhv edilib. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili. Təxmini məlumata görə, 6 mindən çox canlı qüvvə itirən işğalçı dövlətin 10-15 min arası yaralı hərbçisi var.

Ermənistan ordusu bu itkilərin əvəzini Azərbaycanın dinc əhalisindən çıxmağa çalışdı. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı. Terrorçu dövlət işğalçılıqdan əlavə, müharibə cinayətləri də törətdi.

Hərbi ekspert Şair Ramaldanov Ordumuzun Qarabağ zəfərini, döyüşlərdə göstərdyi hünər və rəşadəti belə dəyərləndirdi:

– Bi tarixi qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinin və gerçəkləşdirdiyi mükəmməl siyasətin nəticəsi oldu. Ermənilər Qarabağ davasına uzun illərdən hazırlıq apardıqlarına, onların əli ilə Azərbaycana təzyiq göstərən dairələrin köməyindən yararlandıqlarına, ölkəmizdə isə hakimiyyət davası və milli birliyin olmaması mövqelərimizi zəiflətdiyinə görə nisbi mənada üstünlük əldə edərək torpaqlarımızı işğal edə bilmişdilər. 1993-cü ilin fəlakətli günlərində xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox ağır nəticələri aradan qaldırmalı olmuşdu. Ulu öndər xalqın dəstəyi ilə daxili sabitlik yaratmaqla yanaşı, məsuliyyətsiz siyasi qüvvələrin əlində oyuncağa çevrilmiş orduda vahid komandanlıq yaratmış, xalqa müraciət edərək vətənpərvər qüvvələri hərbi qulluğa səfərbər etmişdi.

O zaman həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Ermənistanın irimiqyaslı hücumunun qarşısı alınmış, Arazqırağı istiqamətdə isə xeyli irəliləmək mümkün olmuşdu. Düşmən yeni torpaqlar ələ keçirməklə o zaman Azərbaycanı Qarabağın işğalı ilə razılaşmağa məcbur etmək istəyirdi. Ali Baş Komandan Heydər Əliyev isə ermənilərin bu planlarını pozmaqla yanaşı, onlara ilk ciddi məğlubiyyətin acısını da daddırdı. Bununla da düşmən tərəfi həqiqi ordu quruculuğu və hərtərəfli güc toplamaq üçün Azərbaycana hava-su kimi gərəkli olan atəşkəs sazişini bağlamağa məcbur edildi.

Aradan keçən 26 ildə, əvvəla, Azərbaycanın iqtisadi-sosial inkişafında əldə olunan tərəqqi, ikincisi, aparılan uğurlu siyasi-diplomatik iş, üçüncüsü, Silahlı Qüvələrimizin misilsiz dərəcədə qüvvətləndirilərək dünyanın ən güclü ordularından biri səviyyəsinə yüksəldilməsi, nəhayət, Cocuq Mərcanlıdan Lələtəpə yüksəkliyinə qalxmağımıza və digər önəmli qələbələrimizə imkan yaratdı. Bu qələbələr atəşkəsdən sonrakı 22 ildə Ermənistanın yalançı qalib ədası sərgiləməsinə son qoydu, işğalçı dövlətin davam etməkdə olan siyasi-hərbi təxribatlarına zəhmli bir cavab oldu. Ermənistanın keçmiş və indiki rəhbərliyi belə bir vəziyyətdə zəruri sülhə getməkdənsə, yeni hərbi təxribatlarla yalançı güc göstərməyə başladı.

Yayda düşmənin növbəti irimiqyaslı hərbi təxribatı da Azərbaycan Ordusunun çevik və güclü həmləsi ilə süpürülüb atıldı. Elə bir vəziyyət yarandı ki, erməni hərbçilər mövqelərini və silah-sursatı ataraq qaçmağa məcbur oldular. Azərbaycan illərdən bəri münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğundan düşmən tərəfə sonuncu möhləti də verdi.

Ermənistan və onun havadarları münaqişənin həllini uzatmaqla güman edirdilər ki, Azərbaycan xalqı tədricən Qarabağı unudacaq, yeni nəsil bu itkiyə biganə qalacaq. İndiki Qarabağ savaşının iştirakçıları böyük əksəriyyətlə münaqişədən sonra doğulub-böyüyən nəslin nümayəndələridir. Onlar sərrast həmlələrlə, yüksək peşəkarlıqla, hədsiz vətənpərvərlik ruhu və psixoloji mətinliklə vuruşdular. Bu döyüşlər Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hərb tarixinin ən mükəmməl səhifələrindən biri və zamanın ölçüləri baxımından ən yüksək səviyyəli müharibə ­aparmaq nümunəsi oldu. Xalq – Lider – Ordu birliyinin gücü Qarabağı geri qaytardı. Bizi vaxtilə məğlub hala gətirən də məhz bu birliyin yoxluğu olmuşdu.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev daim çıxış və bəyanatlarında ordumuzun bundan sonra da ən müasir silah-sursat və hərbi texnika ilə təmin ediləcəyini bildirirdi. Hər il artan hərbi büdcə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz sürətlə inkişaf edərək ən müasir orduların tələblərinə cavab verən bir səviyyədə qərarlaşdı. Azərbaycan Ordusundakı silah və texnika dördüncü nəsil silahlardır. Yəni dünyadakı ən müasir silahlar Azərbaycan ordusunun arsenalındadır.

Hər bir dövlət özünü müdafiə etməyi bacarmalıdır. Azərbaycan ordusunun da əsas vəzifəsi Azərbaycanı müdafiə etmək, işğaldakı torpaqları azad edərək ərazi bütövlüyümüzü bərpa etməkdir. Əsgər, gizir və zabitlərimiz bu tarixi missiyanı yüksək peşəkarlıq, Vətənə sadaqət və ləyaqətlə gerçəkləşdirdi. Qarabağın azad edilməsi Azərbaycan hərb tarixinin ən paraq hadisəsidir. Ermənistan kimi namərd, kəmfürsət bir düşmənin ikinci Qarabağ savaşında məğlub edilməsi müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də dünyada sülh və əmin-amanlıq işinə ciddi bir töhfədir.

Britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas De Vaal isə Qarabağla bağlı əldə olunmuş son razılaşmanı şərh edərək bildirib ki, bu Ermənistan üçün ağır məğlubiyyətdir. Ekspert Qarabağ savaşında son durumu Ermənistan tərəfi üçün alçaldıcı adlandırıb: “Bu razılaşma ermənilər üçün alçaldıcıdır. Amma tam anlaşılmayan bəzi müddəalar var. İstənilən halda, ermənilər üçün çox ağır məğlubiyyətdir. Azərbaycan tərəfinin isə imzalanan sazişdən xoşbəxt qalması üçün bir çox səbəblər var. Azərbaycan arzu edəcəyindən çox şey qazandı”.

Azərbaycan Ordusunun bu qələbəsi erməni politoloq Andranik Miqranyanı “Moskovski komsomolets” qəzetinə müsahibəsində birgə bəyanatı şərh edərkən aşağıdakıları söyləməyə məcbur edib: “İmzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir. Naxçıvana Ermənistandan keçən quru yolunun razılaşmaya daxil edilməsi isə ümumiyyətlə fəlakətdir.

Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan Ordusunun gücünü belə etiraf edib: “Ermənistan silahlı qüvvələri, müdafiə nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm. Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən bəs siz niyə silahlanmadınız?-- deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini belə izah edib:

“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:

1. Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev.

2.  Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.

6. Ordu və xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”.

Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan Ermənistan ordusunun  məğlubiyyətinə  belə bəraət qazandırmağa çalışıb: “Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. Ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər. Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgəri onlarla azərbaycanlı əsgərdən qorxub qaçdı. Hər gün yüzlərlə itki verirdik. Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100–200 döyüşçümüz vardı”.

Göründüyü kimi düşməni bu alçaldıcı məğlubiyyətə məhz Azərbaycan Ordusu məhkum etdi. Bu ordunun rəşadəti nəticəsində sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Ağdam, Kəlbəcər və Laçının döyüşsüz azad edilməsi isə iki həftəlik bir müddətdə gerçəkləşəcək.

Xalqımız illər uzunu inanılmaz görünən bu zəfərə, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, 30 ildən bəri düşmən tapdağında xarabazara çevrilən torpaqlarımızı ölüm-dirim savaşı ilə, qarış-qarış azad etdiyinə görə Azərbaycan Ordusuna borcludur. O orduya ki, bu missiyanı öz şərəfli borcu kimi qəhrəmanlıqla gerçəkləşdirdi.

Tahir AYDINOĞLU

Xalq qəzeti 2020.- 14 noyabr.- S.5.