Pandemiyaya qarşı mübarizənin səmərəliliyi hər birimizdən asılıdır

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Odur ki, tibb mütəxəssisləri də istər sosial şəbəkələr, istərsə də müxtəlif kütləvi informasiya vasitələrində çıxışlarında əhaliyə müraciət edərək, bəşəriyyətə qənim kəsilən koronavirusla mübarizədə hər kəsi diqqətli olmağa çağırır. “Leyla” klinika­sının şöbə müdiri Sahib Cəfərov bununla bağlı “Xalq qəzeti” vasitəsilə əhalini müəyyən edilmiş qaydalara əməl etməyə çağırıb:

Pandemiya ilə mübarizədə hər birimiz vətəndaş kimi, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalıyıq. Dünyanı çənginə almış və ölkəmizdən də yan keçməyən COVID-19 bəlası üzərində qələbə çalmaq üçün bütün qüvvələr səfərbər olunub. Lakin vətəndaş məsuliyyəti də çox vacibdir. Payız dövrüdür, artıq mövsümi xəstəliklər də baş qaldırıb. Odur ki, mütləq şəkildə hər bir vətəndaş öz sağlamlığının qayğısına qalmalıdır. Bu yaxınlarda rəşadətli Azərbaycan Ordusunun qələbə xəbəri, sözsüz ki, hamımızı sevindirdi, qürurlandırdı. İnsanlar küçələrdə bu zəfəri özünəməxsus şəkildə şadyanalıqla qeyd etdilər. Əlbəttə, başadüşüləndir, bu qələbə xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Ancaq unutmaq olmaz ki, gözəgörünməz düşmən olan COVID-19 da bizi addım-addım izləyir. Odur ki, dizenfeksiyaedici vasitələrdən mütəmadi istifadə etmək, ictimai yerlərdə, nəqliyyatda və insanların çox olduğu digər yerlərdə tibbi maskalar taxmaq çox vacibdir.

Azərbaycan dövləti pandemiya ilə mübarizədə ilk günlərdən bütün zəruri addımları atdı, vətəndaşlarımızın qayğısına qaldı, yeni tipli modul xəstəxanalar açıldı və bu zəruri tədbirlər öz axarı ilə davam etməkdədir.

Lakin bəzi vətəndaşların məsuliyyətsizliyi, ictimai nəqliyyatda, insanların çox olduğu məkanlarda maska taxmaması, sosial məsafəni qorumaması biz həkimlərin də işini çətinləşdirir. Nəzərə alsaq ki, Vətənimizin müdafiəsi və azad edilməsi uğrunda döyüşlərdə yaralanmış əsgər və hərbi qulluqçular tibbi müəssisələrdə müalicələrini davam etdirirlər və onlara daha çox mənəvi dəstək və tibbi diqqət həmişəkindən daha çox vacibdir.

Qələbəni xalqımıza və dövlətimizə bəxş etmiş oğullarımızın daha tez sağalması, dövlətimizin daha da möhkəm və xalqımızın sağlam olması naminə müəyyən edilmiş önləyici tədbirlərə əməl edək.

Unutmayaq ki, özümüzü bu çətin və həssas dövrdə hər cür infeksiyapandemiyadan qorumaqla, ətrafımızı da qorumuş olarıq. Odur ki, bu bəladan tez bir zamanda xilas olmağın yolu çox sadədir:

 

maska taxaq, sosial məsafəni qoruyaq, sağlam olaq.

 

Söhbəti qələmə aldı:

Ə.ƏLƏSGƏRLİ

Xalq qəzeti  2020.- 18 noyabr.- S.9.