Xoş məram və konstruktiv yanaşma olduqda bütün çətin məsələlər həll edilir

 

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

 

Vladimir PUTİN

Rusiya Federasiyasının Prezidenti

Bu sətirləri qələmə alarkən Azərbaycan xalqının böyük şairi Səməd Vurğunun son 60-70 ildə min dəfələrlə təkrar edilmiş “Qalib gələcəkmi, cahanda kamal?”sualı yadıma düşdü. Sən demə, cahanda kamalın qalib gəldiyi məqamlar gec olsa da, baş tutur­muş. Bu dəfə kamal, xitabı normal düşüncə məhz bizim bölgəmizdə reallaşdı. Azərbaycan dövlətinin, qətiyyətli Prezidentimizin, peşəkar ordumuzun və rəşadətli hərbçilərimizin ortaya qoyduğu nəticələrə yüksək qiymət verildi, bölgəyə sülh, əmin-amanlıq, tərəqqi gətirilməsi üçün atdığımız addımların düzgünlüyü güclü qonşularımız tərəfindən də təqdir edildi.

Zaman çox sürətlə ötdüyü kimi, dünyadakı ictimai-siyasi proseslər də durmadan, eyni tempdə bir-birini əvəz edir. Bizim region bu mənada daha çox diqqətçəkən ünvana çevrilməkdədir. Cəmi iki həftə əvvələ qədər Dağlıq Qara­bağa humanitar məqsədli yüklər gətirən nəqliyyat vasitələri də daxil olmaqla, istənilən texnikanın göndərilməsinə etiraz edirdik. Çünki həmin ərazilərimizi işğal etmiş Ermənistan dövləti son otuz ildə bizim ondan çox şəhərimizi, yüzlərlə yaşayış məntəqəmizi yer üzündən tamamilə silib. Həmin Ermənistan bizə qarşı Xocalı soy­qırımını törədib, Tərtəri darmada­ğın edib, Gəncəni raket “yağış”ına tutub. Çünki ermənilər dünya hərb tarixinin heç bir səhifəsində analo­qu olmayan vəhşiliklə türk xalqla­rının maddi-mənəvi abidələrinə, dini inanc yerlərinə divan tutublar. Onlara göndərilən humanitar yardım çoxsaylı başlar kəsmiş cəllada yeni balta hədiyyə etməyə tay tutulmalıydı.

...Bu gün isə həmin ərazilərə torpağın həqiqi sakinləri qayıdır­lar. İndi Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə huma­nitar yardım göndərəndə həmin avtomobil karvanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanır və yolboyu müşayiəti təşkil olunur. Kütləvi informasiya vasitələri yazırlar ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində ölkəmizin ərazisinə daxil olmuşdur. Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sonluqla başa çatmasının əsas səbəbi Azərbaycan Prezidentinin qətiyyəti olsa da, bu döyüşlərin dayan­dırılmasını təmin edən birgə bəyanatın müəlliflərindən biri məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir. Həmin həqiqəti cənab Putin “Ros­siya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün verdiyi müsahibəsində bu şəkildə ifadə edib: “Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq – təbii ki, mən, İlham Əliyev və Nikol Paşinyan”. Rusiya Prezidenti əlavə edib ki, əslində, bunlar iki tərəf – Azərbaycan və Ermənistan arasında imzalanan müqavilə idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırması­nı həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü: “Və bunu biz hazırda edirik. Bu səbəbdən bəyanatın müəllifləri, şübhəsiz ki, üç tərəfdir”.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Rusi­ya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən də bu məsələlərə kifayət qədər aydınlıq gətirilmişdir. Elə söhbətin əvvəlindəcə bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir – deyən dövlət baş­çımız dərhal əlavə etdi: “Lakin bu gün, təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasi­yası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq”.

Dövlət başçımız xüsusilə vurğuladı ki, Rusiya Federa­siyasının Prezidenti Vladimir Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim: “O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasi­yası Prezidentinin də imzasının olmasından asılıdır”.

Dövlət başçımızın Rusiyanın baş diplomatıni qəbul edərkən səsləndirdiyi bir məqam isə sadə Azərbaycan vətəndaşlarını kifayət qədər məmnun etdi: “Region­da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oyna­malıdırlar. Üçtərəfli bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və kons­truktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”.

Xüsusilə vurğulanmalı daha bir məqam da diqqətimizi çəkdi. Belə ki, Azərbaycan Prezidentinin regi­onda yaranmış vəziyyəti ümidveri­ci adlandırmasından sonra Sergey Lavrov da sabaha ümidlə baxdığı­nı dilə gətirdi və bunun üçün daha “genişmiqyaslı səbəblər” olduğunu dedi: “Biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə na­ziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də qətiyyətli və ümidve­rici fikirlər səsləndirdi. “44 günlük hərbi əməliyyatlardan sonra imza­lanan sənəd çoxillik qarşıdurmaya nöqtə qoyur, ” – deyə əminliklə bildirən Prezident dost ölkə hərbçilərinin nəzərinə çatdırdı ki, bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaq­ların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonası­nın yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi.

Azərbaycan–Rusiya tərəfdaşlığının son günlərdə daha qabarıq görünən istiqamətləri barədə qələmə aldığımız sətirləri qonşu ölkənin xarici işlər naziri Sergey Lavrovun Bakıda ke­çirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə tamamla­maq yerinə düşərdi: “Azərbaycan Prezidenti səmimiyyətlə buna tərəfdardır ki, nəqliyyat, iqtisadi, infrastruktur kommunikasiyala­rının açılması ilə bağlı yaranan imkanlar və layihələr mümkün qədər tezliklə reallaşsın. Bu regionda həyati əhəmiyyətli marşrutlar, o cümlədən Şimal- Cənub, Şərq-Qərb marşrutları kəsişir. Yeri gəlmişkən, həmin marşrutlarda Azərbaycanın və Ermənistanın qonşuları olan Türkiyə və İran tərəfləri də işti­rak edirlər. Həqiqətən, burada təqribən, 30 il mövcud olmuş bütün məhdudiyyətlər götürüləndə çox gözəl perspektivlər yarana­caq. Bu gün biz bu barədə ətraflı danışdıq. Bütün bu əlaqələrin qurulması region iqtisadiyya­tına yeni həyat verəcək. Bu, hər hansı məhdudiyyətlərdən azad olacaq insanların həyat şəraitinin tezliklə təmin edilməsi məsələsinə uyğundur, həmçinin konfessiyalararası, etnoslararası sülhün bərqərar olması üçün ən mühüm maddi ilkin şərt olacaq. Beləliklə, bu, həqiqətən, ən yaxın perspektivdə bizim işimizin əsas istiqamətlərindən biridir”.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələni dəfələrlə qabardaraq söyləmişdir ki, bizim ölkəmizin ərazi bütövlü­yünün bərpası və münaqişənin aradan qaldırılması regionun sürətli inkişafını təmin edəcəkdir. Biz bu məqsədə tam yaxınlaşırıq. Çünki Qarabağ Azərbaycandır!

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2020.- 24 noyabr.- S.3.