“Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsidir

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanan və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatı­nın pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çev­rildi, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etdi.

Adı çəkilən saziş respublikamızın iqtisadi suverenliyi baxımından mühüm önəm daşıyan ilk beynəlxalq neft anlaş­ması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratdı. Bu enerji strate­giyası ölkəmizin qısa vaxtda dünya iqti­sadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna rol oynadı.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Bri­taniya, Rusiya, Türkiyə, Norveç, Yaponi­ya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzo­il”, “Itochu”, “Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadistrateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Xatırladaq ki, ilk neft “Çıraq” ya­tağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə həmin müqavilə imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Keçən il isə ölkədə 38,8 milyon ton neft hasil olunub. Son 26 ildə isə Azərbaycanın neft istehsa­lı 4 dəfədən çox yüksəlib.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb.

Ötən 26 il ərzində sazişin icrası uğur­la reallaşdırılıb. Bu vaxtadək AÇG-dən hasil edilən 3,8 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi- Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

Yeri gəlmişkən, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyənləşdirilmişdi. Hazırda isə AÇG-də hasil edilməyən təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu, hələ son rəqəm deyil. Yataqların ehtiyatının artma­sı ehtimalı var və “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə bağlı yeni sazişin icrası müddətində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, cari ilin birinci yarısın­da AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat və 947 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Ya­rım ildə AÇG-dən sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 498 min barrelya ümumilikdə təqribən 91 milyon barrel, yəni 12 milyon ton qeydə alınıb. İyun ayının sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 8 neft hasilat quyusu qazılıb.

Hazırda AÇG-də 8 platforma – 6 ha­silat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neftqaz dün­yanın ən iri neftqaz terminallarından biri olan Səngəçal terminalına nəql edilir.

Bu ilin birinci yarısında “BP Azer­baijan” şirkəti AÇG yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6,9 mil­yon kubmetrdən çox, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin ümumilikdə 40 mil­yard kubmetrədək səmt qazı Azərbaycan hökumətinə ayrılıb.

AÇG layihəsinin iştirakçıları tərəfindən hər il mənfəət neftindən gəlir əldə olunub. Azərbaycan indiyədək AÇG yataqlarından 300 milyon tondan çox mənfəət nefti əldə edib.

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqust ayının 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə təxminən 150 milyard dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 mil­yard 657 milyon dollar vəsait daxil olub.

Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haq­qında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanan yeni sazişə uyğun olaraq 900 milyon dollar həcmində 2 bonus ödənişi həyata keçirilib.

Respublikamız aparıcı xarici neft şirkətləri ilə ötən dövr ərzində uğur­lu əməkdaşlıq formatı reallaşdırıb. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadıl­ması da bunun aydın təzahürüdür.

Sonda qeyd edək ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müa­sir sosial-iqtisadi və mədəni infrastruktur­ların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisa­diyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaş­dırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.

Ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu forma­laşdırılıb. Yeddi hava limanı inşa olunub, min kilometrlərlə müasir yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib. AzərbaycanŞərq-QərbŞimal-Cənubbeynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilib, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensia­lının yüksəlməsində önəmli rol oynayan ÇininBir kəmər, bir yoltəşəbbüsünə qoşulub.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsini, inqilabi qərarların qəbulu icrasını reallaşdırıb. Əhalinin bütün kateqoriyalarını əhatə edən maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan sosi­al paketlər gerçəkləşdirilib.

Xalq qəzeti 2020.- 19 sentyabr.- S.4.