“Könüllülər ilibu hərəkatın genişlənməsinə rəvac verəcək

Gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Hələ 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Respublikası Gənclərinin I Forumunda ümummilli lider Heydər Əliyevin artıq “Əmin ola bilərsiniz ki, mən bütün dövlət orqanlarının gənclərə qayğısının artırılmasını təmin edəcəyəm”--fikri reallığa çevrilib.

Fəxrlə vurğulamalıyıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderin siyasi kursuna bağlılığı sağlam, savadlı və dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişməsi üçün görülən konkret işlərlə müşayiət olunur. Bilikli, bacarıqlı və vətənpərvər gənclərin dövlət strukturlarında mühüm vəzifələrə irəli çəkilməsi, həmçinin seçkili orqanlarda onların iştirak səviyyəsinin yüksəldilməsi üçün lazımi imkanlar yaradılır. Elə ötən il gerçəkləşmiş kadr islahatları, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, tələbələrin təqaüdlərinin 50 faiz artırılması kimi faktları xatırlatmaq yerinə düşər ki, bütün bunlar Azərbaycanda gənclər siyasətinin şəffaf şəkildə həyata keçirildiyinə əyani sübutdur.

Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ilielan edilməsi də çox önəmli hadisədir. Həmin sərəncamın imzalanmasını Azərbaycanda intellektual səviyyəli, təşəbbüskar və vətənpərvər gəncliyin inkişafına verilən növbəti töhfə, gənclərin ilk təcrübələrinin qazanılması istiqamətində atılan daha bir vacib addım kimi qiymətləndirməliyik. Artıq dünyada geniş yayılmış könüllülük hərəkatı ölkəmizdə də formalaşıb və yüksələn xətlə inkişaf edir. Könüllülərimizin “Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula I” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə fəallıq göstərmələri hamının yadındadır.  Onların fəaliyyəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də yüksək qiymətləndirilmiş, könüllülük hərəkatı ilə bağlı deyilən fikirlər gənclərin bu sahəyə olan marağını daha da artırmışdır. Prezident İlham Əliyevin keçən il Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində könüllülük hərəkatı ilə bağlı səsləndirdiyi fikirlər bu sahəyə maraq göstərən gənclər üçün yeni bir istiqamət vermişdi: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü kimi çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayırlar. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb.”

 Bu gün müşahidələr göstərir ki, gənclərimizin könüllülük hərəkatlarına könül xoşluğu ilə qoşulması, göstərdikləri xidmətlərə  sevgi qatması vətəndaş məmnunluğuna səbəb olur. Vətəndaşın, əhalinin məmnunluğuna nail olmaq isə əsl uğurdur. Odur ki, ölkə başçısının 2020-ci ili “Könüllülər ilielan etməsinin ölkəmizdə bu hərəkatın daha geniş vüsət tapmasına rəvac verəcəyinə inanırıq.

 

Mehti Namazov,

Politoloq

Xalq qəzeti.-2020.-11 yanvar.-S.6.