Ötən il ölkəmiz iqtisadi sahədə mühüm nəticələr əldə edib

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

2019-cu il ərzində ­respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb.

Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bütün bunlar barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadrstruktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək”.

Dövlət başçısı keçən il iqtisadi sahədə əldə edilən nəticələrin qənaətbəxş olduğunu konkret rəqəmlərlə əsaslandırıb. Bildirib ki, ümumi daxili məhsul  2,2 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 3,5 faiz təşkil edib. Makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz həddində qərarlaşıb: “Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb.

 

Prezident İlham Əliyev müşavirədə, həmçinin 2019-cu ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 4800 dollar, valyuta ehtiyatlarının 51 milyard dollar, ixracın 19,6 milyard dollar, sərmayə qoyuluşunun 13,5 milyard dollar təşkil etdiyini bildirib.

Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcəyini deyən dövlətimizin başçısı bildirib ki, Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıb: “Mənə verilən məlumata görə, Mərkəzi Banka 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var”.

Ötən il sənaye istehsalı 1,5 faiz yüksəlib, qeyri-neft sektorunun sənaye istehsalında isə 14 faiz artım qeydə alınıb. Sonuncu rəqəm isə son illərdə sənayedə görülən işlərin təzahürü kimi qiymətləndirilərək, bu sahədə istehsalın həm dövlət vəsaiti, həm də özəl sektorun fəaliyyəti nəticəsində yüksəldiyi xatırladılıb.

Ümumiyyətlə, son illərdə müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan ­“SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamedşpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Keçən il ən mühüm hadisələrdən biri də TANAP qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib: “2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə ­TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasiiqtisadi əhəmiyyət daşıyır.

TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Enerjinin İpək yolu” adlandırılan TANAP regionun və Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP-la indiyədək Türkiyəyə 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. Cari il ərzində boru kəməri ilə 2 milyard kubmetrədək qaz nəql olunub. İlin sonunadək isə qaz nəqlinin ümumilikdə 4 milyard kubmetrə çatacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ildə boru kəməri ilə Türkiyəyə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, onun neftqazdan asılılığının daha da azaldılması, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində atılan mühüm addımlar, şübhəsiz ki, ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, yol təsərrüfatında da köklü islahatların aparılmasını sürətləndirib. Ümumiyyətlə, son 16 ildə dövlətimizin başçısının düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.

Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdik. Əvvəlcə xatırladaq ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının rəhbərliyi ilə magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi, habelə ətrafının yaşıllaşdırılması istiqamətində ciddi tədbirlər gerçəkləşdirilib.

2019-cu ilin investisiya proqramında ölkəmizin yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu vəsait hesabına respublikada təqribən 1200 kilometr yeni avtomobil yolu salınıb. Paytaxtın 300 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolları təmir edilib.

Prezident İlham Əliyev müşavirədə bu barədə danışaraq, cari il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini diqqətə çatdıraraq, deyib: “Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaq”.

Ötən il Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarət əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib.

Əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ildə də qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijanbrendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilib, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak ediblər. Bu il ərzində ixracatçıların Almaniyada keçirilən “Beynəlxalq yaşıl həftə”, “Fruit logistika” və “Prowein”, RusiyadaProdexpo” və “Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial Chinadünya miqyaslı beynəlxalq sərgilərinə sahibkarlarımız vahid ölkə stendi ilə qoşulublar.

Azərbaycan qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılmasına da xüsusi önəm verib. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu məsələ ilə bağlı deyib: “Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıb. Bu, böyük artımdır”.

Dövlətimizin başçısı daha sonra Azərbaycanın Rusiya, Gürcüstanİranla ticarət dövriyyəsinin artdığını diqqətə çatdıraraq deyib: “Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk, o cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün ­infrastruktur layihələri icra edilməlidir”.

Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, 2019-cu il Azərbaycanın sosial-iqtisadi sahələrində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti”

Xalq qəzeti  2020.- 16 yanvar.- S.7