20 Yanvaristiqlal mübarizəsinin şanlı səhifəsi 

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 30 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Belə faciələrdən biri də qanlı 20 Yanvar hadisəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən, müstəqil dövlət yaratmaqöz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı ordu hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 4 nəfər itkin düşüb, yüzlərlə şəxs isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Hadisənin səhəri günü Azərbaycanın Mos­kvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

Vətən uğrunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itki olsa da, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi və mübarizə örnəyidir. Şəhidlər ölməzdir, ölməzləri ağlamazlar, onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərimizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. 2006-cı il yanvarın 19-da dövlət başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilib. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanların xatirəsini anırlar.

Fransız  filosofu Jan Pol Sartrın  Azad olmaqözün kimi olmaq deməkdir” ifadəsi bəşəriyyət üçün böyük dəyər kəsb edir. Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular.

Biz gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir. 

Görkəmli Azərbaycan şairi Abbas Səhhət “Vətən” şeirində çox gözəl vurğulayıb:

Vətənin sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz!

20 Yanvar şəhidləri də məhz bu şeirdə deyildiyi kimi, Vətənini dərin məhəbbətlə sevən insanlar idilər. Buna görə də öz canlarını Vətənimizin, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər.

Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq, milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.

İstiqlal şairi Xəlil Rza Ulutürk “Azadlıq” adlı şeirində 20 Yanvar şəhidlərinin hansı müqəddəs amal uğrunda canlarını qurban verdiklərini böyük sənətkarlıqla qələmə alıb.

 

Azadlığı istəmirəm

Zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək

Qıram! Qıram!

Azadlığı istəmirəm

Bir həb kimi, dərman kimi

İstəyirəm səma kimi,

Günəş kimi,

Cahan kimi,

Çəkil, çəkil ey qəsbkar!

Mən bu yurdun gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

 

Aydın TAĞIYEV,

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Xalq qəzeti.-2020.-18 yanvar.-S.6.