Azərbaycan bu gün dünyada ən islahatçı və sabit ölkə kimi tanınır 

Ötən il dünya miqyasında baş verən çox böyük qlobal hadisələr fonunda Azərbaycan dövləti qarşıya qoyduğu siyasi, təşkilati və sosial-iqtisadi hədəflərə inamla nail ola bilib və danılmaz uğurlar fonunda milli iqtisadiyyatımız sıçrayışlı artım nümayiş etdirərək ortagəlirli dövlətlər cərgəsinə qoşulub. Bütün bunlar isə Prezident İlham Əliyevin keçən ilin yekunlarına həsr olunan müşavirədə   qeyd etdiyi – “Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır” – fikrini bir daha təsdiq etmiş olub.

Müşavirədə ötən ilin yekunlarını obyektiv və dərin analitik təhlil edən cənab Prezident sosial-iqtisadi uğurlarımızı  ölkədə yaşanan sabitliklə əlaqələndirmişdir. Ümumiyyətlə, dövlətimizin başçısı dəfələrlə bildirmişdir ki, sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır.

Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikada isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir. Çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadisosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Ötən ilin sosial-iqtisadi uğurlarını ifadə edən göstəricilər    “Gələcəyə baxış – 2020” və “Strateji Yol Xəritəsi” dövlət proqramı sənədlərinin uğurlu icrasını bir daha əyani şəkildə sübuta yetirir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycanın regional və beynəlxalq miqyasda iqtisadisiyasi gücünün ortaya qoyulmasına, nüfuzunun artmasına gətirib çıxarır.

Sübhəsiz ki, belə bir inkişaf Azərbaycan cəmiyyətini   sevindirir və gələcəyə olan inamını daha da artırır. Bu gün Azərbaycan dünyada heç kimdən asılı deyil. Bir kərə yüksəldiyi bayrağı daim zirvələrdə saxlamağa qadirdir. Bax, elə buna görədir ki, bütün dünyada ölkəmizin nüfuzu günbəgün artır, ona olan etimadetibar güclənir. Ölkə rəhbəri müşavirədə bununla bağlı deyib: “Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir. Bu zirvə görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər”.

Müşavirədə keçən il iqtisadi sahədə də böyük müsbət nəticələr əldə edildiyi vurğulanaraq, Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısında göstərdiyi xatırladılıb. Prezident İlham Əliyev bunun çox böyük nailiyyət olduğunu diqqətə çatdıraraq “bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur – həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadrstruktur islahatlar sahələrində”,–deyə vurğulayıb.

Ötən il valyuta ehtiyatlarımız 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb, ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft ixracı 14 faiz çoxalıb. Sənaye istehsalı 1,5 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəlib, kənd təsərrüfatında 7 faiz artım qeydə alınıb.  Vergigömrük orqanlarında aparılan islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib. 

Bütün bunlarla bərabər, ötən il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Eyni zamanda, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz olmaqla, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli dərəcədə üstələyib ki, bu da həm əməkhaqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır.

Vergi sahəsində aparılan islahatlar nəticəsində isə “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 milyard 672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb.

Onu da xatırladaq ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat ya 9,1 faiz artaraq 5 milyard 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxil­olmalarında xüsusi çəkisi isə 76,4 faiz olub. Qeyri-neft sektorunda könüllü vergi daxilolmalarının bu sektor üzrə daxilolmalarda xüsusi çəkisi 91,1 faizə çatıb. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.

Sosial infrastrukturla bağlı da böyük işlər görülüb:  60 tibb müəssisəsi, 84 məktəb tikilib istifadəyə verilib. İstehsal gücü 400 meqavat olanŞimal - 2” elektrik stansiyası istismara qəbul edilib. Hazırda tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Keçən il 345 subartezian quyusu, 1300 kilometr  asfalt yol istifadəyə verilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə  2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”,  yüksəksıxlıqlı poli­etilen, Pirallahı Sənaye ParkındaDiamedşpris istehsalı zavodları işə salınıb. Ölkə rəhbəri Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib.

Bütün bu tədbirlər göstərir ki, Azərbaycanda il ərzində sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd hədəflərə doğru yeni, inamlı addımlar atılıb.  Nəticədə respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

2019-cu ildə ümumi daxili məhsulun artması, öz növbəsində, dövlət büdcəsinin icrasının göstəricilərində özünü büruzə verib. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunub ki, bu da 1 milyard 32 milyon manat ya 4,5 faiz artıq mədaxil deməkdir.

Dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində icra olunub. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil edib.  

Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, həm vergi, həm gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib. 

Ümumiyyətlə, icmal büdcənin gəlirləri faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olub. İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində yaxud  97 faizə yaxın icra olunub. Nəticədə icmal büdcədə 7,4 milyard manat məbləğində  profisit yaranıb.  Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Belə bir nəticə, ilk növbədə,  Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş verib. İcmal büdcənin profisitinin digər səbəbi dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır.

Ümumiyyətlə, bütün bu amillər Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətinin nəticəsi kimi qəbul edilib. 

2019-cu ildə dövlət büdcəsinin xərclərində əhəmiyyətli dəyişikliklər nəzərə çarpıb. İlk növbədə, xərclərin strukturunda müsbət dəyişikliklər baş verib. Bu da onunla bağlıdır ki, sosial sahədə aparılan siyasətin nəticəsi olan   tədbirlər 2019-cu ilin dövlət büdcəsi çərçivəsində hər hansı bir dürüstləşmə aparılmadan tam təmin edilib. Belə bir vəziyyətdə isə dövlətin sosial siyasəti prioritetləri tam açıq şəkildə ifadə olunub.

 

(ardı qəzetin növbəti sayında)

Əvəz ƏLƏKBƏROV,

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, BMT-nin Sülh səfiri   

Xalq qəzeti  2020.- 18 yanvar.- S.5.