Dünya Bankı Azərbaycanda aparılan islahatları dəstəkləyir

 

Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən islahatları daim dəstəkləyir. Məhz elə buna görədir ki, ölkəmiz DB-ninDoing Business 2020” hesabatında ən islahatçı 20 ölkədən biridir. Azərbaycan əməkdaşlıq dövründə DB-dən texniki, maddi, ümumiyyətlə, hərtərəfli dəstək alıb. Bu beynəlxalq maliyyə qurumu ilə ölkəmizin uzunmüddətli və davamlı əməkdaşlığının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi DB tərəfindən dəstəklənib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması Azərbaycanın DB ilə əməkdaşlığının başlıca istiqamətləri olub.

Yuxarıdakı fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, DB Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin, habelə mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilib. Bu maliyyə qurumunun Azərbaycan üçün strateji layihələrə, o cümlədən, “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək ölkəmiz üçün mühüm önəm daşıyıb.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Azərbaycanın DB ilə əməkdaşlığı dövründə müvafiq kredit layihələri əsasında böyük maliyyə vəsaiti qaçqın və məcburi köçkünlər üçün infrastrukturun qurulmasına, bu sahədə mövcud potensialın gücləndirilməsinə yönəldilib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən, adı çəkilən beynəlxalq maliyyə qurumu ilə əməkdaşlıq barədə ətraflı danışılıb. Bankın regional direktorunu salamlayan dövlətimizin başçısı deyib: “Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır”.

Prezident İlham Əliyev daha sonraDoing Business” proqramında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdığını, 191 ölkə arasında 28-ci yerdə qərarlaşdığını, bu göstəricinin mühüm nailiyyət olduğunu bildirib: “Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.

Dünya Bankının regional direktoru Bakıda olarkən, keçirilən görüşlərdə ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının Azərbaycanın sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərdiyi diqqətə çatdırılıb. Eyni zamanda, respublikada mövcud iqtisadi vəziyyətdən, o cümlədən, maliyyə sektorunda görülən işlərdən danışılaraq bildirilib ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın iqtisadiyyat üçün yaratdığı çətinliklər, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq bu dövr ölkəmiz üçün bütövlükdə uğurlu olub, makroiqtisadi sabitlik qorunubiqtisadi azalma minimal həddə nəzərə çarpıb.

Prezident İlham Əliyev tərəfindən ölkədə artıq yeni islahatlara start verilib. Növbəti 10 il üçün milli prioritetlər müəyyən edilib. Bu islahatlar məzmununa görə məqsədyönlü, habelə konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüzivsosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalının, eyni zamanda, müasir innovasiyalar məkanının yaradılmasına, Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəldilib.

Bu gün respublikada özünüməşğulluq proqramının genişləndirilməsində DB-nin “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” də əhəmiyyətli rola malikdir. Belə ki, beş il müddətində 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçılarının kiçik biznes qurması üçün fəaliyyət sahələri artıq müəyyənləşdirilib. Layihədə iştirak etmək üçün müraciət edənlərin sayı isə artıq 3 minə çatıb. Prezident İlham Əliyevin tapşırığına əsasən sosial müdafiə və fəal məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının həmin proqramlarla əhatə olunması istiqamətində hazırda aparılan sosial islahatlara xüsusi önəm verilir. Əmək qanunvericiliyinin və əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əlilliklə bağlı siyasət, habelə prosedurların inkişaf etdirilməsi üzrə yeni əməkdaşlıq təcrübəsinin də formalaşdırılması diqqət mərkəzində saxlanılır.

Göründüyü kimi, Azərbaycanın əməkdaşlığa böyük önəm verdiyi DB ilə əlaqələri çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya, eyni zamanda, yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

 

V.BAYRAMOV

Xalq qəzeti 2021.- 3 aprel.- S.6.