Qələbə ruhunu yaşadan park

 

Torpaqlarımızın işğaldan azad edilməsi prosesi çətin mərhələlərdən keçib. Ermənistanın sülh danışıqlarından yayınması münaqişənin həllini daha da gərginləşdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi, “Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişlər...”.

Dünya ictimaiyyəti əmin oldu ki, Azərbaycan Ordusunun qüdrəti ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, BMT Təhlükəsizlik Şurasının beynəlxalq nüfuzundan çox güclüdür. Bu təşkilatların illərlə həll edə bilmədiyi, həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu yoluna qoydu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı – Vətən müharibəsi başlayanda ilk günlərdə nisbətən müqavimət göstərə bilən düşmən döyüşə-döyüşə geri çəkilirdi. Azərbaycanın ordu hissələri düşmənin müdafiə səddini dağıtdı, hərbi resurslarını məhv etdi. Ermənistanın canlı qüvvəsi, muzdlu döyüşçüləri çarəsiz müdafiə döyüşləri aparırdı. Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını atıb qaçırdı...

Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanır, qələbələr qazana-qazana döyüşürdü. Cəbrayıl, Füzuli, Qubadlı Zəngilan işğaldan azad edildi. Noyabrın 8-də ruhumuzun şəhəri olan Şuşa da işğaldan azad olundu. Bu qələbə Vətən müharibəsini başa çatdırdı, Ermənistan ordusu darmadağın edildi.

Zəfər ovqatı böyük coşqu ilə ruhun bayramı səviyyəsində yaşanıldı. Dekabrın 10-da Azadlıq meydanında keçirilən hərbi paradda qalib ordunun əsgər və zabitlərinin nizami yerişi sanki deyirdi: heç bir düşmən qüvvəsi daha Azərbaycanla müharibəyə cəhd etməyəcək! Bu paradda Ermənistanın döyüşlərdə itirdiyi, əsgər və zabitlərinin atıb getdiyi döyüş texnikaları, artilleriya qurğuları, maşınları da göstərildi – göz dağı kimi...

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı bulvarında Hərbi Qənimətlər Parkının yaradılması barədə göstəriş vermişdi. Bu istiqamətdə işlər qısa müddətdə yekunlaşdı, açıq səma altında möhtəşəm bir park salındı.

Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qazanılan qələbənin nişanələrindəndir. İndən belə bu nişanə Azərbaycan Ordusunun qürur, Ermənistan ordusunun isə rəzillik nişanəsi kimi gələnlərin, görənlərin düşüncələrinə hopacaq. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət-eksponat kimi göstəriləcək. Bu eksponatları görənlər işğalın nəticəsini görəcək. Yəni Hərbi Qənimətlər Parkı mahiyyəti etibarilə bəşəri ideallara xidmət edən ünvandır. Bu park ziyarətçilərə bir həyati həqiqətini – atalar sözümüzü də xatırladacaq: Nə tökərsən aşına, o da çıxar qaşığına.

Ermənistan Azərbaycanın ərazilərində törətdiyi cinayətlərə görə də cavab verməlidir. Böyük Vətən müharibəsindən sonra alman-faşist işğalçılarının yandırdığı, xarabalığa çevirdiyi Xatın kəndi muzey kimi saxlanılır. Bir vətəndaş olaraq, əlbəttə, işğaldan azad edilmiş şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə müəyyən bir yerin, dağıntının indiki vəziyyətində saxlanılması, şübhəsiz, yaxşı olurdu. Həm müharibənin nişanələrini eksponatlaşdırma kimi, həm də yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına yardımçı vasitə kimi...

Zəfər paradında hamımızın yaddaşında qalan məqamlar oldu. Onlardan biri də – bunu rəmzi kompozisiya adlandıra bilərik – Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilən torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış böyük ölçülü lövhə idi. Həmin lövhə indi Hərbi Qənimətlər Parkındadır.

Bu nömrələrin üzərində bir şüar diqqəti çəkir: “Qarabağ Azərbaycandır!”. Xalq bu şüarı Vətən müharibəsinin rəmzi sayır. Düşüncələrinə yazmışdı, indi ömrünə yazıb. Bu stendin mahiyyəti deyir ki, düşmənin itirdiyi maşınların nömrələri bu şüarın ayaqları altında qaldığı kimi, ermənilik də Azərbaycan Ordusunun tapdağı altında qaldı.

Hərbi Qənimətlər Parkının açılışında Prezident İlham Əliyev bu lövhə önündə danışarkən böyük fəxarət hissi ilə dedi:

Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!..

Hərbi Qənimətlər Parkının eksponatları təkcə düşmənin itirdiyi texnikalar deyil. Bura gələcək qonaqlar da, Azərbaycan vətəndaşları da, erməniliyin mahiyyətini daha əhatəli bilmək istəyənlər də burda 30 il müddətində Azərbaycan Ordusunun hücumlarına qarşı düzəldilmiş mühəndis qurğularının, müdafiə mövqelərinin necəliyini də görəcəklər. Medianın verdiyi məlumata əsaslanaraq qeyd edim ki, bu mövqe 10 elementdən ibarət mühəndis-maneələr sistemidir. 5 metr enində, 3-4 metr dərinliyində qazılan tank əleyhinə xəndək, mina sahəsi və s. Göründüyü kimi, düşmən 30 il müddətində güclü müdafiə səddi yaradıbmış. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, qüdrəti belə maneələri darmadağın etdi. Düşmən belə mühəndis-maneələr sistemi yaradanda hər şeyi nəzərə alıbmış, lakin Azərbaycan əsgərinin Vətən sevgisini, döyüş əzmini, qələbə ruhunu yox. Azərbaycan əsgərinin azərbaycançılığa söykənən vətənpərvərliyi, vətənpərvərliyindən güc alan döyüş ruhu, qələbə əzmi bundan da möhkəm sistemləri darmadağın edərdi...

Ölkə başçımız sonra deyib ki, Hərbi Qənimətlər Parkına gələnlər görəcəklər ki, bu qələbəni əldə etmək nə qədər çətin imiş. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı apardığı ədalətli müharibə idi. Bu müharibə xalqın öz sərkərdəsinə, ordunun xalqına və sərkərdəsinə sədaqətinin müharibəsi idi. Bu müharibə Xeyirlə Şərin savaşı idi. Bu müharibə təkcə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmədi, dünyanı bürüməyə meyilli olan bir təxribat sistemi də məhv edildi. Dünya dövlətləri Azərbaycan Ordusunun qazandığı Zəfəri həm də bu baxımdan dəyərləndirməlidir.

Bu müharibə son yüz ilin ən diqqətçəkən müharibəsi kimi tarixləşdi. Azərbaycan Prezidenti parkın açılışından sonra Vətən müharibəsində yüksək ordenlərlə təltif edilən hərbi qulluqçularla görüşündə bu haqda da fikirlərini qürurla bildirdi. “Dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”. Belə bir informasiya “Mən azərbaycanlıyam!” deyənlərin də, “Can Azərbaycan!” deyənlərin də Vətən sevgisinin göyqurşağına döndü.

Vətən müharibəsi haqqında qəzetlərdən oxumuşuq, televiziyada verilişlərə baxmışıq, qazilərdən, yaralılardan eşitmişik. Bütün eşitdiklərimizi, oxuduqlarımızı bir məqam ümumiləşdirir: Vətənə sevgi. Şəhidliyin mahiyyəti Vətənə sevgidi. Şəhidlərimiz bir amal uğrunda döyüşürdü: Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamaq, torpaqlarımızı işğaldan azad etmək. Vətən müharibəsində dövlət başçımız xalqa müraciətində demişdi: “Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmişişğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.

Bu fikirlər şəhidlərimizə, onların şəhidliyinə ən böyük ehtiramdır. Təltif edilən hərbi qulluqçularla görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Səmimiyyət sevgidən, ehtiramdan yaranır. Hərbi Qənimətlər Parkı Vətən müharibəsi iştirakçılarına, şəhid olanların ruhuna dövlət səviyyəsində bəşəri ehtiramdır. Açılış mərasimində ölkə başçısının çıxışı da, təltif edilənlərə dedikləri də səmimiyyətlə, ehtiramla dinlənildi, televiziyada bu səviyyədə izlənildi. Dünyada heç bir dövlət başçısı bu səviyyədə səmimiyyətlə çıxş etməyib. “Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün əzində görülmüş işlər hər gün mənə məruzə edilirdi. Müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi”. Yaddaşım mənə deyir ki, belə səmimiyyətə, həm də müharibə haqqında həqiqətlərə heç yerdə təsadüf edilməyib...

Hərbi Qənimətlər Parkının açılması da mahiyyət etibarilə dövlətçilik tədbiridir. Həm də çox gərəkli dövlətçilik tədbiridir. Dünya ictimaiyyəti gördü ki, Azərbaycan əsgəri torpaqlarını işğaldan azad etdi. Azərbaycan dövləti bu Qələbəni tarixləşdirmək üçün belə bir park yaratdı. Güman edirik ki, həm öz vətəndaşlarımızın, həm də əcnəbi qonaqların yolu tez-tez bu parkdan düşəcəkdir.

 

Bayram MƏMMƏDOV,

Milli Məclisin deputat köməkçisi,

ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

Xalq qəzeti 2021.- 15 aprel.- S.4.