Ya Zəngəzur, ya uzaq dur...

 

Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bir il bundan öncə Bakıdakı ünvanlardan danışanda, “8 Noyabrprospekti, Hərbi Qənimətlər Parkı haqqında arzu edib, söz söyləmək, xüsusi cəsarət tələb edərdi. Mən “Ermənistanın qeyd-şərtsiz Təslim (kapitulyasiya) Aktı” layihəsini yazmış, 2020-ci il avqustun əvvəllərində sosial şəbəkədə paylaşmışdım. O layihə bir neçə mətbu orqanda da tirajlanmışdı və reaksiyaları yaxşı xatırlayıram. Həmin vaxt məni sadəlövhlükdə, xalqın “başının altına yastıq qoymaqda tənqid edənlər də oldu... O layihəni xeyli partiya, QHT, KİV rəhbərinə, deputata da göndərmişdim... İndi 2020-ci ilin apreli ilə 2021-in aprelini müqayisə etdiyim kimi, 2021-ci illə 2022-ci ili müqayisə etmək keçir könlümdən. Bu müqayisədəki növbəti yüksəlişimizi təsəvvür etmək üçün ölkəmizin qüdrətini, dövlət – xalq birliyimizi, gənc nəslin vətənpərvərliyini, Ermənistan ordusunun belinin qırılmasını, Azərbaycanın tarixi zəfəri ilə yaranan yeni reallıqları və başqa amilləri əsas götürürəm. Bununla da, sadəcə hadisələri izləməklə qalmayıb, hər kəsi uğurumuza öz bacarığı, qabiliyyəti, imkanı dərəcəsində uğur qatmağa çağırıram.

Bundan bir il sonra Xankəndidən, Zəngəzurdan keçərkən internet axtarış sistemlərində, bu yazını xoş bir təbəssümlə oxuyub, paylaşmaq ümidi, inamı ilə Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşdəki çıxışından sitat gətirmək istəyirəm: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Müzəffər ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından bir gün sonra ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış etdi. İki gün, iki mühüm tədbir, çıxışların hər ikisində verilən çox önəmli informasiyalar, ismarıclar! Ən ümumi şəkildə ifadə etsək, nələri fərqləndirmək olar?

– Azərbaycan qalib ölkə olmağın qürurunu, necə deyərlər, ədaya, barışmazlığa, problemlərin həllindən qaçış vasitəsinə çevirmir. Əksinə, qalib ləyaqəti göstərir, kişilik nümayiş etdirir! Aylar öncə “qalib” Ermənistanın nə hoqqalardan çıxdığını unutmamışıq. Yaxın tarix göstərdi ki, Ermənistan nə müharibə, nə sülh ortamında davranmağı əsla bacarmır. Erməni cəmiyyəti 30 ilə yaxın saxtaqalib” ədasından əziyyət çəkirdi... İndi bizim sevinməyə haqqımız var, qürur halal haqqımızdır, ancaq region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin məsuliyyətli kilid ölkəsi kimi çıxış edirik. Qalibiyyətimizi problemə deyil, şansa çeviririk: birgə yaşayış, beynəlxalq hüquq, mehriban qonşuluq, ədalətli sülh tərəfdarı olanlar bizim halal qalibiyyətimizin ədasını deyil, şans üzünü görür. İşğalçı cahillərlə azadlıq aşiqlərinin fərqi budur. Bu, işğal mədəniyyətsizliyi ilə quruculuq mədəniyyətinin fərqidir. Azərbaycanla Ermənistanın xeyirlə şər misalı fərqinin özüdür!

Dediklərimizin bir istiqaməti də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlıdır. Vaxtı ilə məhz Türkiyədən olan və məhz Qarabağ mövzusunda yanar ürəklə yazan ustad Ozan Arif hayqırırdı: “Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq!” Ustadın ruhuna alqışlarla onun sözlərini bugünümüz və dəhliz üçün bir balaca dəyişdirib yazmaq istərdim: Ya Zəngəzur, ya ölüm! Başqa yolu yox artıq! Məşhur deyimlə söyləsək: biz sevə və sevdiyimiz uğrunda ölə bilirik! Zəngəzur uğrunda ölüm gözləmir bizi, qarşı tərəfdə ölmək istəməyən varsa, onlar da bizim çəkdiyimiz xəttlə getməli, bizim yaratdığımız yeni reallıqla barışmalı, Zəngəzur dəhlizinin çəkilişini quzu kimi izləməlidir! Zəngəzur əcdadımızın yurdudur, uzaq olmayan tarixdə bizim idi və Ermənistana qeyri-qanuni, əsassız, haqsız şəkildə verilmişdi. İndi Zəngəzur dəhlizi tarixə açılan dəhlizdir, həqiqətlərə, gələcəyə açılan dəhlizdir. Dəhliz uğursuz dövlətə nə verər bilmirəm, ancaq uğursuz dövlətin ərazisində yaşayanlar üçün dolanışıq dəhlizi rolunu oynaya bilər, ağılları qalıbsa...

Atalar sözlərimiz var: Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan; Xeyir dilə qonşuna, xeyir gələr başına; Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar; Qonşu paxıl olmasa, bağ çəpəri neylər?! Başqa xalqlarda deyirlər: Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər (Danimarka ata sözü); Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar (Frensis Bekon)... Son iki məsəl, elə bil, ermənilərin boyuna biçilib.

…“Qonşu” Ermənistanla Azərbaycanın əməkdaşlığının gələcəyi həmin ölkənin siyasi-hərbi rəhbərliyinin davranışından asılıdır. Ermənistanın öz statusuna aydınlıq gətirməsindən asılıdır: Bu, dövlətdirsə, zəhmət çəksin, dövlət ərkanı, dövlət xarakteri göstərsin. Forpostdursa, buyursun, yiyəsinin dediklərinə uyğun davransın. Yox, bir quberniyadırsa, çəkilsin Zəngəzurdan, Göyçədən, İrəvandan, onu Üçkilsə səmtində kiçicik bir yerli özünüidarə qurumu kimi tanıyaq, bir dəhliz də ora çəkək...

Yoxsa, 44 günlük müharibə, müharibədən keçən aylar erməni cəmiyyətini gerçəklikləri dərkə vadar etməyibmi?

Bizim qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”

Dövlət başçısının bu sözlərindən daha uyğun sonluqmu var? Mən bu yazını Prezidentin iki gün, iki tədbirdə etdiyi çıxışlar əsasında hazırladım və sidq-ürəklə deyirəm: Dövlətimiz zaval görməsin!

 

Əkbər QOŞALI

Xalq qəzeti  2021.- 20 aprel.- S.5.