Naftalan müasir kurort şəhərinə çevrilir

 

Naftalan beş-on il əvvəl gördüyümüz şəhər deyil. Söhbət təkcə möcüzəvi müalicəsi ilə dünyada məşhur olan bu kurort şəhərinin xarici simasından getmir. Hərçənd şəhərdəki təmizlik, yaşıllıq elə ilk andan diqqəti cəlb edir. Xüsusilə son vaxtlar Naftalanda abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması icra strukturlarının hədəfinin bu şəhəri, sözün həqiqi mənasında, müasirliyə qovuşdurmaq olduğu açıq-aşkar bilinir. Bütün bunlar öz yerində və qeyd etdiyimiz işlər barədə yazıda bir qədər sonra söhbət açacağıq. Dəyişiklik şəhər icra hakimiyyətində sıravi işçidən tutmuş icra başçısınadək, müalicə müəssisələrindəki adi xadimədən başlamış həkimlərədək, hətta şəhər sakinlərinin gülə-kola, yaşıllığa münasibətinədək hər addımda hiss olunur.

Lap bu yaxınlara kimi şəhər icra hakimiyyətinin özünün sosial şəbəkələrə münasibəti, onlardan işin səmərəsi üçün lazımınca istifadə olunması məsələləri nəinki lazımi səviyyədə deyildi, hətta tamamilə unudulmuşdu. Çox qısa bir zamanda icra hakimiyyətinin saytı təkmilləşdirilmiş, şəhərin sosial-iqtisadi, ictimai-mədəni həyatında baş verən bütün hadisələr, keçirilən müxtəlif tədbirlər və vətəndaşların qəbulu ilə bağlı məlumatlar saytda daim yenilənmiş və əks olunmağa başlanmışdır. İcra hakimiyyətinin əvvəlki illərdə heç vaxt mövcüd olmayan rəsmi Facebook, İnstaqram, YouTube və Twitter hesabları da yaradılmışdır. İndi saytda verilən məlumatların bu hesablarda da paylaşılması təmin edilir.

Yaxud, şəhərdə ayda bir dəfə rəngli nəşr olunmaqla “Naftalan” ictimai-siyasi qəzeti çap edilir. Qəzetdə ölkə Prezidentinin fərman və sərəncamları, qanunlar, şəhərin idarə, müəssisə və təşkilatlarında vətəndaşların qəbulu qrafikləri, eləcə də ictimai-siyasi həyatda baş verən mühüm hadisələr işıq üzü görür. Nəyi pisdir? Axı müasirlik şəhəri yalnız təmiz saxlamaq, yaşıllığa lazımınca qulluq göstərmək, yaxud sanatoriyada müalicə alan qonağa diqqət yetirməklə bitmir.

... İlk dəfə görüşməyimə baxmayaraq aldığım təəssürat budur ki, 2019-cu ilin dekabrından Naftalan Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Vüqar Novruzov təbiətən kreativ bir insandır. Elə yuxarıda sadaladıqlarım da, görünür, məhz bu keyfiyyətlərdən qaynaqlanır.

– Bilirsiniz, söhbət ondan getmir ki, Naftalan kurort şəhəridir, bura başqa ölkələrdən qonaqlar gəlir və təkcə 2019-cu ildə sanatoriyalarımızda 40 min nəfərdən çox xarici turist dincəlib, – deyə V.Novruzov bildirir. – Xeyr, qətiyyən belə deyil. İndi elə bir dövrdə yaşayırıq ki, bütün sahələrdə inkişaf, yenilik, elmi-texniki tərəqqi addımbaşı hiss olunmalıdır. Qətiyyən geri qalmaq olmaz. Geri qaldınsa, zaman səni üstələyəcək və istənilən səviyyəyə çatmaq üçün sənə illər lazım olacaq.

Biz cənab Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi altında necə işğalçı Ermənistanı, onun ordusu haqqında yaratdığı mifi cəmi 44 günə necə darmadağın etdik, qələbə qazandıq, torpaqlarımızı azad etdik? Çünki bu illərdə ölkə başçısı ordumuz üçün nə lazımsa etmişdi, onu müasir səviyyəyə çatdırmışdı. İndi baxın, bir sıra inkişaf etmiş güclü dövlətlər bizim taktikanı öyrənir, onu özlərində tətbiq etmək istəyir, hərbi texnikamızla maraqlanırlar. Bunları deməkdə məqsədim odur ki, köhnə sterotiplərlə yaşamaq, əlini ağdan-qaraya vurmamaqla “bizdən yoxdur” demək yaramaz və onun acı nəticələri sonradan bilinir. Onda da gec olur.

Vüqar Novruzovla söhbətimizin bütün məqamlarını xatırlatmağa ehtiyac yoxdur. Çünki bunların hamısında eyni məqsəd hakimdir: Naftalanı gözəl, müasir, dünya səviyyəli bir kurort şəhərinə çevirmək. Son bir ildən çox keçən müddətdə həyata keçirilən bütün işlər məhz bu istəkdən, məqsəddən qaynaqlanır. Məsələn, kim fikirləşə bilərdi ki, şəhərdə satıcısız mağaza olsun? Heç bir çox iri şəhərlərdə bu, yoxdur. Amma Naftalanda oldu. Keçən ilin fevralında icra hakimiyyəti başçısının təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə turistlərin məmnunluğunu təmin etmək üçün Azərbaycanda ilk pilot-layihə “Naftalan 24/7” satıcısız mağazanın təqdimatı keçirildi.

Yaxud 2020-ci ilin sentyabrında nəinki Naftalanın, hətta regionun tarixində ilk dəfə olaraq alternativ enerji mənbələrindən istifadə olunan işıqlandırma sistemi quraşdırıldı. Pilot layihə olaraq uzun illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan işıq dirəkləri quraşdırılaraq sakinlərin ixtiyarına verildi. Ötən yay Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” kitabxanasının açılışı da belə yeniliklərdəndir. Əsas məqsəd əhali arasında kitaba daha çox bağlılıq yaratmaq və insanları maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün nəzərdə tutulub. Buradakı kiçik bir kitabxanada Azərbaycan dili ilə yanaşı rus, ingilis və türk dillərində hər yaşa uyğun kitablar var.

Yenilik diqqəti həmin an cəlb edir, həmının marağına səbəb olur. Bu işin ünvanı xeyirxah məqsədə yönəlibsə, o, daha təsirlidir. Keçən ilin avqustunda yenə şəhər icra hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə şəhər ərazisində, o cümlədən, Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti, eləcə də turist məmnunluğunu təmin etmək məqsədilə 150-dən artıq pandus quraşdırıldı. Şəhərdə bu xeyirxah iş necə qarşılandı, onu sakinlərdən soruşmaq kifayətdir.

Daha bir diqqətçəkən iş şəhərin yaşıllaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. İcra hakimiyyətində bildirdilər ki, konkret fəaliyyət proqramı hazırlanıb və Naftalan tezliklə dünyanın ən gül-çiçəkli, yaşıl şəhərlərindən birinə çevriləcək. Elə vaxtaşırı keçirilən iməciliklər, ağacəkmə kampaniyaları da bu məqsədi daşıyır. Həmin günlər az qala bütün şəhər sakinləri küçə və parklara çıxır, yaşıllıq və təmizlik işlərində yaxından iştirak etməyi bir növ özlərinin mənəvi borcları hesab edirlər.

Naftalan şəhərində dünyada ən sürətlə böyüyən ağaclar əkilir. Pavlovniya və ya el arasında Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyür və havanın çirklənməsinin qarşısını alır. Onlar 18-20 metrə qədər boy atır və 100 ilədək yaşayır. Mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli bir materialdır. Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər. Alınan bal da şəffaf və ətirlidir.

Ən önəmli özəlliklərindən biri də bu ağacın qırılmasına və ya kəsilməsinə baxmayaraq 5 dəfə yenidən eyni ölçüdə böyüməsidir. Təbii ki, günü-gündən gözəlləşən Naftalanda bu cür nadir ağac növlərinin olması həm şəhər əhalisinin, həm də bura gələn çoxsaylı turistlərin marağına səbəb olacaq.

Görülmüş digər işlərlə yanaşı, müxtəlif növ dekorativ ağacların əkilməsi də şəhərin füsunkar görünüşünə, şübhəsiz, yeni rəng qatır. Kurort şəhəri Naftalanda, ümumilikdə, yaz mövsümündə 3000-dən çox ağac – eldar şamı, evkalipt, göyrüş ağaclarının əkilməsi planlaşdırılmış və onların artıq böyük əksəriyyəti əkilmişdir.

Şəhərdə həm sakinlər, həm də turistlər üçün bütün infrastruktur layihələrinin həyata keçirilməsi üçün səmərəli iş aparılır. Bir sıra nazirlik və baş idarələrin, şirkətlərin rəhbərləri, nümayəndələri tez-tez Naftalana gəlir, birgə layihələr müzakirə edir, protokollar imzalayır, konkret fəaliyyət proqramı hazırlayırlar. Məsələn, şəhər icra hakimiyyəti, dövlət turizm agentliyi və turizm bürosunun birgə təşkilatçılığı ilə Naftalanda turizmlə bağlı keçiriləcək silsilə tədbirlər öz səmərəsini verməyə başlayıb. Dövlət Turizm Agentliyinin nümayəndələri dəfələrlə Naftalanda olublar.

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin, yerli və xarici turistlərin rahatlığının təmin edilməsi istiqamətində işlər davam etdirilməkdədir. Şəhərin infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi yerli və xarici turistlərin Naftalana marağını daha da artırıb.

Azərbaycan Turizm Bürosu və Gəncə Destinasiya Menecmenti Təşkilatının əməkdaşları ilə Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən görüş də səmərəli olub və artıq konkret nəticələr əldə edilib. Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyası layihəsinə uyğun olaraq “Turizm məkanlarında yol nişanları” layihəsinin Naftalan şəhərində tətbiqinə start verilib. Həmçinin Naftalanda turizm informasiya mərkəzinin və Neft muzeyi pavilyonunun tikintisi haqqında müzakirələr aparılıb.

Yeri gəlmişkən qeyd edək ki, bu muzeyin Naftalanda yaradılması tarixi bir zərurətdən irəli gəlir. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan "Naftalan" neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanları ilə müxtəlif yerlərə apararaq satmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Naftalan neftindən müalicə məqsədi ilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə aiddir. Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanmışdır.

XIX əsrin axırlarında Azərbaycanda sənaye neftinin çıxarılmasının sürətlə inkişafı dövründə, yəni 1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə Naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır. Hətta o, Naftalan neftindən xüsusi maz almaq üçün şəhərdə kiçik zavod da tikdirmişdir. Həmin zavodda "Naftalan" və “Kojelon” adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda,

o illərdə Almaniyada Naftalanla

bağlı 2 səhmdar cəmiyyət – “Maqdenbuq – Naftalan”, “Drezden – Naftalan” cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan nefti haqqında məşhur Alman dermotoloqu P.P.Unnanın hələ 1903-cü ildə dediklərinə diqqət yetirin: "Kimin naftalanı varsa, onun hər şeyi var".

Bax, bunları nəzərə alaraq indi şəhər icra hakimiyyəti Naftalan neftinin dünyanın hər yerində təbliğ olunması üçün bütün vasitələrdən istifadə etmək üzərində işləyir. İcra hakimiyyətinin təşəbbüsü əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə xüsusi dövlət standartı layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə müzakirə edilmişdir. Dövlət standartının layihəsi şəhər icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla, Azərbaycan Standartlaşdırma İnstitutunun 13 avqust 2020-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu standartın qəbul olunması Naftalan kurortunun dünyada daha geniş miqyasda tanınmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcəkdir.

Torpaqlarımızın qəsbkarlardan azad olunması, təbii ki, bölgədə, eləcə də Naftalanda turizmin bundan sonrakı inkişafına böyük təsir göstərəcəkdir. Yaxınlıqda yeni hava limanlarının açılması, magistral yolların çəkilişi, digər infrastruktur layihələrin işə düşməsinin Naftalanda görünməmiş canlanma yaradacağı heç kəsdə şübhə yaratmır. Artıq Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb. Talış kəndindən Tap Qaraqoyunlu kəndindən keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Bu avtomobil yollarının birləşdirilməsi ilə Naftalan şəhərindən həmin istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə, Naftalana gələn yerli və xarici turistlər işğal altından azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan torpağı Qarabağa səfər edə biləcəklər. Bu da eko və aqroturizmin inkişafına təkan verəcəkdir.

Hazırda Naftalanda turistlərin sayı gözlənildiyindən qat-qat aşağıdır ki, bu da məlum səbəblərlə bağlıdır.Bütün dünyanı cənginə almış koronavirus pandemiyası, hər sahədə olduğu kimi, turizmə də ciddi zərbələr vurmaqda davam edir. Amma bütün bunlara baxmayaraq şəhərdəki sanatoriyalar turist qəbulu üçün hər cür şəraitə malikdir.Hətta yeni müalicə ocaqları tikilir, onlar ən müasir avadalıqlarla təchiz olunur, dünya standartlarına uyğunlaşdırılır. Şəhərdə iş bir gün də olsun dayanmır. Yaşayış binalarının əksəriyyəti öz görkəmini tamamilə dəyişib. Binaların dam örtüyü təzələnib,yeni məhəllələr salınıb, səkilər çəkilib, uşaq meydançaları düzəldilib, parklarda istirahət üçün hər şərait yaradılıb. Hazırda küçələrin asfaltlanması işlərinə başlanılıb və bu iş payızın sonuna kimi davam edəcək.

Dəyişən təkcə Naftalanın özü deyil, adamlara münasibətdə də bir istilik, istiqanlılıq duyulur. Sanki, Vətən müharibəsi hamını dəyişib, elə şəhərin daimi sakinlərini də. Şəhid ailəsi, qazi görəndə ehtiram, izzət hiss olunur, qayğı, diqqət açıq-aşkar bilinir. Elə onlardan biri, şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı, kapitan Habil Abdullayevlə şəhəri gəzərkən, şəhid ailələri, qazilərlə görüşərkən bu münasibəti açıq-aşkar hiss etdik. Habil müəllim deyir ki, bu ağır döyüşlərdən sağ çıxmağım hələ də mənə yuxu kimi gəlir. Doğrudur, şəhidlər verdik, döyüş yoldaşım qucağımda gözlərini əbədi yumdu, amma bu gözlərdə olan qələbə sevincini, qüruru, torpağına, Prezidentinə bağlılıq hissini mən gördüm və o hissləri heç vaxt unuda bilmirəm.

Əslində, Naftalan ilk şəhidlərini sentyabrın 27-də verdi. Həmin gün Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Naftalanın Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun 4 ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak oldu. Bir ailənin 5 üzvü torpağa tapşırıldı. Naftalan müharibənin gedişində daha 4 şəhid verdi. Bəhruz Quliyev, Fərid Adıgözəlov, Elyəddin Cəfərov və Bəxtiyar Aslanov.

…Habil Abdullayevlə birlikdə şəhid Bəhruz Quliyevin evindəyik. İki körpə qız balasını çağıran kimi gülümsəyərək qucağıma atılırlar. Amma gözlərinin dərinliklərindəki kədər açıq-aşkar oxunur. 5-6 yaşları olan Elay da, Mədinə də evlərinə gəlib-gedən qonaqlardan, onların danışıqlarından hiss edirlər ki, ataları bir daha geri dönməyəcək.Mərhəmət nənələrinin qara libasını hələ də əynindən çıxarmaması, danışdıqca gizli də olsa göz yaşlarını silməsi nəzərimizdən yayınmır. Bircə babaları Firuz kişi təmkinlidir. Oğlu ilə sonuncu görüşündən danışır. Naftalandakı xəstəxanada işləyən Firuz Quliyev deyir ki, Tap Qaraqoyunludakı məntəqəyə getmişdim. Yaralılarımızı bura gətirirdilər. Birdən təsadüfən Bəhruzu gördüm. Necə bir-birimizə sarıldıqsa, ətrafdakıların hamısı dönüb biz tərəfə baxdı. Dedi yaralı gətirmişəm, tezcə də qayıdıram. Ayrılarkən “halallıq ver, ata, birdən qayıtmaram” deməsi ilə sanki dünya başıma fırlandı. Dedim, nə danışırsan, səni evdə iki körpə qız balan gözləyir. Qayıtdı ki, mən adi əskərəm, çavuşam, general Polad Həşimovdan nəyim artıqdır?! Heç nə deyə bilmədim. Sən demə, cəmi bir gün sonra əskərlərə çörək aparıb qayıdarkən yolda yaralılar görüb və onları maşınına gətirib və bu zaman xain düşmən gülləsinə tuş gəlib.

Firuz kişi oğul itkisindən sarsılsa da məğrurluğunu itirməyib. Yerli icra strukturlarından razılığını bildirir. Deyir ki, sağ olsunlar məni dərdimə hər an şərik olduqlarını addımbaşı hiss etdirirlər. Bəhruzun adına daşıyacaq bir küçə olacağını da deyiblər. Bu münasdibəti görəndə Bəhruzun Vətən, torpaq uğrunda canından nahaq yerə keçmədiyi mənə böyük təsəllidir.

Eyni sözləri qazi Qiyas Tağıyevin evində olarkən də eşitdik. Bir ayağını dizdən aşağı itirən Qiyas iki körpə oğul balasını qucağına basıb “bunlara görə yaşamalı, işləməli, sınmamalıyam” – deyir. Protez də verəcəklər. Əmin edirlər ki, yeriyəndə heç bilinməyəcək ki, şikəstdir....

Talış kəndi ətrafında minaya düşən Qiyasın da məğrurluğu, sabaha nikbin baxışı, Vətən sevgisi bizi hədsiz duyğulandırdı.

...Naftalan cəbhədən-cəbhəyə atılan bir şəhər təsiri bağışladı mənə. Elə bir şəhər ki, sabahı daha işıqlı, şöhrətli və əsrarəngizdir...

 

Hamlet QASIMOV

Xalq qəzeti 2021.- 18 aprel.- S.4.