Azad olunmuş ərazilərdə 313 abidəyə baxış keçirilib

 

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bizimlə söhbətində bildirdi.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqindən danışan xidmət rəisi bildirdi ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Baxış zamanı onlardan 41-nin tamamilə məhv edildiyi, digər abidələrin müxtəlif vandalizm aktlarına məruz qaldığı müəyyən edilmişdir.

Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq vandalizmə məruz qaldığı aşkar edilmişdir. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 695 mədəniyyət müəssisəsi müəyyən edilmişdir ki, onlardan 360-ı kitabxana, 283-ü mədəniyyət eviklub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”.

Azad Cəfərli qeyd edib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə işçi qrupunda təmsil olunur, eləcə də tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə işçi qrupuna rəhbərlik edir. İşçi qrupunun məqsədi işğaldan azad olunmuş ərazilərimizdə mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir. Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaqdır.

Ölkəmizin mədəni irs nümunələrinin qorunması, həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır. İşğaldan azad olunmuş ərazilərimizdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və sair abidələrimiz dünya və ölkəmizin mədəni irsi üçün xüsusi əhəmiyyət kəsb edən tarix və mədəniyyət abidələrindəndir.

Bildirilmişdir ki, işğal dövründə düşmən tərəfi abidələrimizə qarşı qəsdən vandallıq etmiş, eyni zamanda, onları mənimsəməyə çalışmışdır.

 

 

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2021.- 27 aprel.- S.4.