Nizami Gəncəvinin Leyli və Məcnun poeması Ukrayna dilində nəşr olunub

 

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş "Leyli və Məcnun" kitabı ölkənin bir sıra kitabxanalarına verilib. Sputnik Azərbaycan xəbər verir ki, "Leyli və Məcnun" Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdindəki Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyası Ukrayna Dili İnstitutunun, Şərqşünaslıq İnstitutunun, Parlamentin və digər qurumların kitabxanalarına yerləşdirilib.

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş poeması, ümumiyyətlə, ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.

 

Xatırladaq ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Bu, təkcə Nizami yaradıcılığına, Azərbaycan ədəbiyyatına deyil, ümumilikdə, dünya mədəniyyətinə və sivilizasiyaya verilən dəyərdir.

 

"Nizami Gəncəvi ili"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin daha geniş arealda araşdırılmasına nail olmaqdır.

 

Məlumat üçün bildirək ki, Nizaminin "Leyli və Məcnun" əsəri "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Nizami bu əsəri Şirvanşah I Axsitana (11601197) ithaf edib. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim dastan dayanır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti 2021.- 14 avqust.- S.7.