Məktəb tikintisi millətin sabahına qayğıdır

 

Təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizdə həyata keçirilən islahatlarmüasir infrastrukturun yaradılması prosesində əksər sahələr kimi, təhsil sistemində də mühüm keyfiyyət dəyişiklikləri baş verməkdədir. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq, təhsilin inkişafı bütövlükdə daha intellektual, kreativ düşüncəli cəmiyyətin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən təhsillə bağlı müsbət tendensiyalara diqqət çəkib.

Məktəb tikintisi xoşbəxt sabahla­rı hədəfləyir. Prezident İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. Fevralın 1-də, uzun fasilədən son­ra ibtidai siniflərdə dərslərin bərpa olun­duğu gündə isə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı məktəb-liseyə gediblər. Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

Ümumiyyətlə, infrastrukturun qurul­ması təhsilin inkişafında strateji hədəf sayılır. Əsrimizin əvvəllərindən ortaali tədris müəssisələrinin maddi-texniki bazası durmadan gücləndirilir. Son illər ərzində 3700 məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

Azərbaycanda təhsil infrastruktu­runun yenilənməsi bilavasitə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Ölkəmizin iqtisadi potensialı­nın, maliyyə imkanlarının artmasına adekvat olaraq bu sahəyə yönəldilən vəsaitlərin həcmi də artır. Hətta çətin pandemiya dövründə və İkinci Qara­bağ müharibəsi zamanı da bu yöndə tədbirlər tarixə salınmayıb. Prezident İlham Əliyev 5 may 2020-ci il tarixində “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 20 mil­yon manat ayrılıb. Bundan başqa, dövlət başçımız təkcə ötən il Balakən rayonu­nun Yeni Şərif, Qobustan rayonunun Təklə Mirzəbaba, Masallının Qızılağac, İsmayıllının Sumağallı, Qəbələnin Zarağan, Samuxun Çobanabdallı, Ağcabədinin Sarıcalı, Tərtərin Xoruzlu kəndlərində, Sumqayıt, Gəncə, Şəki şəhərlərində və digər ünvanlarda yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə, eləcə də Mingəçevir şəhərində bir tam orta məktəbinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb. Həmin tədbirlərin icrası sürət və keyfiyyətlə reallaşdırılıb.

Sentyabr ayında Prezident İlham Əliyev yeni dərs ilinin başlanma­sı və Bilik Günü münasibətilə xalqa müraciətində bildirib ki, yeni şəraitdə, pandemiya dövründə başlanan dərs ili yeni formatda təşkil edilir və məqsəd həm xalqı COVID-19 bəlasından qorumaq, həm də onun təhsilə olan mənfi fəsadlarını aradan qaldırmaqdır. Dövlət başçısı əminlik ifadə edib ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, şagirdlər və tələbələr yaxşı biliklər alacaq, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.

Pandemiya sınaqlı yeni dərs ilini minlərlə şagird, müdavim və tələbə yeni inşa olunan təhsil müəssisələrində qarşılayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin ərəfədə ADA Universitetinin iki yeni korpusunun açılışını edib, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Bir qədər əvvəl isə Gəncə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu cənab İlham Əliyevin işti­rakı ilə istifadəyə verilib. Dövlət başçısı yeni dərs ili ərəfəsində həmçinin Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının, Yasamal ra­yonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, yeni korpusun açılışında iştirak edib. Sura­xanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışı da bu qəbildən olub.

Bütövlükdə, tədris ilinin əvvəlinə 47 məktəb binasında TN tərəfindən təmir-tikinti işləri yekunlaşdırılıb. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna qədər təmir-tikinti işləri sona çatdırılan xeyli məktəb binası da istifadəyə verilib. Prezident İlham Əliyevin ötən il imza­ladığı sərəncamlara əsasən, ayrı-ayrı bölgələrdə yeni modul tipli məktəblərin inşasına əlavə vəsait ayrılması da xüsu­si qeyd olunmalıdır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun xüsusi rolunu da qeyd etməliyik. Birinci vitse-prezident Meh­riban xanım Əliyevanın rəhbərlik etdiyi fond tərəfindən illərdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçirilir. İndiyədək bu layihə üzrə ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin oxuduğu 400-dək tədris ocağı tikilib və əsaslı şəkildə yenidən qurulub. Fond eyni zamanda bütün ölkədə böyük rəğbətlə qarşıla­nan “İnternat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində dövlət maraqları baxı­mından müstəsna əhəmiyyətə malik layihələri uğurla gerçəkləşdirir. Ötən il ölkə üzrə tikilən 147 məktəbin 45-i məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibfondun xəttilə ölkənin ayrı-ayrı guşələrində onlarla uşaq bağçası kompleksi də tikilərək istifadəyə verilib.

Azərbaycanın regional sənaye mərkəzinə çevrilməsi danılmaz bir faktdır. Mötəbər Davos İqtisadi Fo­rumunda da bu nəzərə çatdırılıb. Dünyanın bir çox guşələrində olduğu kimi, bizim ölkəmizdə də sənayenin rəqəmsallaşması tendensiyaları xeyli artıb. Müasir texnologiyaların geniş tətbiqi müəyyən peşələri sıxışdırmaq­la yanaşı, təbii olaraq bir sıra yeni sahələr üzrə kadrlara tələbatı artırıb. Son vaxtlar respublikamızda təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi yönümündə atılan addımlar təqdirəlayiqdir. Təhsil Nazirliyi sentyabrda Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzu­nun artırılması məqsədilə 5,6 milyon avro dəyərində yeni layihəyə başla­yıb. Məqsəd seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastrukturun, avadanlıqların müasirləşdirilməsidir.

Sentyabrın 14-də cənab İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı zamanı bildirib ki, bu parkın ümumi inkişaf tendensiyası yenilikləri ilə fərqlənir. Sənaye parkı ərazisində peşə təhsili müəssisəsinin yaradılması bir ilkdir.

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin hərbi təxribatına qarşı sent­yabrın 27-də başlanmış əks-hücumu və 44 gün davam etmiş böyük zəfər yürüşü göstərdi ki, əsgər və zabitlərimizin qəhrəmanlığının əsas səbəblərindən biri onların ailədə və məktəbdə aldığı milli vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Bu, nə qədər fərəhli olsa da, işğaldan azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, o cümlədən təhsil ocaq­larının erməni vandalları tərəfindən dağıdılması qəlblərimizi bir o qədər ağrıtdı. Hazırda başlanmış geniş bərpa-quruculuq işləri çərçivəsində müasir məktəblərin də tikintisinin nəzərdə tutul­ması son dərəcə təbiidir. Çünki Böyük Qayıdışdan sonra qarabağlı uşaqların təhsillərini layiqincə davam etdirməsi üçün hər cür şərait yaradılmalıdır. Bu baxımdan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şuşada məktəb açmaqla bağlı təklifi də qardaşlıq jesti kimi fərəh doğurur. O, “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada natamam orta doqquzillik sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyibbildirib ki, bu məktəbə Şuşada doğu­lan və Azərbaycan himninin bəstəkarı olan mərhum Üzeyir Hacıbəylinin adının verilməsini istəyir. “Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qarşılıqlı razı­lıq və təsdiqi ilə Şuşada məktəb tikmək layihəmiz uyğun görülüb”.

Təbii olaraq, bu gün bütün sahələrdə olduğu kimi, milli təhsil sistemimizdə də sınaqlar dövrü kimi xarakterizə olunur. Pandemiya məktəbləri ciddi sınağa çəkir. Əminik ki, Azərbaycan təhsili bu imtahandan da layiqincə çıxacaq və işıqlı gələcəyə doğru inamla irəliləyəcək.

 

Əli NƏCƏFXANLI

Xalq qəzeti  2021.- 4 fevral.- S.3.