Azərbaycan Qarabağın bərpasında da gücünü bütün dünyaya göstərəcək

 

Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən, yolboyu erməni vandalizminin cinayətkar əməllərinin şahidi oldular. Zəngilana gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev şəhər və kəndlərin xarabalıqlarını göstərib mənfur düşmənin bir salamat bina belə saxlamadığını, hər yeri–yaşayış sahələrini, infrastrukturları dağıtdığını bildirdi, eyni zamanda, artıq şəhərlərin baş planlarının hazırlandığını, bununla bağlı işlər yekunlaşandan sonra təqdimat keçiriləcəyini, müzakirə aparılacağını və nəhayət, bərpa işlərinə start veriləcəyini vurğuladı.

Dövlətimizin başçısı daha sonra Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinin icra ediləcəyini xatırlatdı: “Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”.

Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verilərək, burada layihənin icrasının əsasən 5 komponent (yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir) üzrə aparılacağı bildirildi.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunan torpaqların “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Düşməndən təmizlənən ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulub.

Pandemiyanın dünya iqtisadiyyatında böyük problemlərin yarandığı indiki dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Tikiləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatının yalnız alternativ enerji mənbələrindən əldə olunacağı planlaşdırılır.

Yeri gəlmişkən, Vikipediyada Üçüncü Ağalı Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində, Həkəri çayının sahilində, dağətəyi düzənlikdə yerləşir. Keçmiş adı Alirzah olub. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınıb. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edib.

Yaşayış sahəsi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ötən il oktyabrın 28-də isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni barbarlarından təmizlənib.

İşğaldan azad olunan bütün ərazilərdə olduğu kimi, Üçüncü Ağalı da erməni barbarlığı ilə üzləşib. Kənd ərazisində demək olar ki, dağıdılmamış ev qalmayıb. Böyük ağaclar kəsilib, evlərin damı, pəncərələri sökülüb.

Bərpa zamanı ilk olaraq iki yüz fərdi evin tikintisi nəzərdə tutulan bu yaşayış sahəsi digər kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Əhalinin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına təmin ediləcək.

Yeri gəlmişkən, erməni vandalları tərəfindən Bəsitçay Dövlət Təbiət Qoruğu da əvvəlki görkəmini itirib, məşhur Çinar meşəsində çoxillik çinar ağacları kəsilib, ərazidə ekoloji terror həyata keçirilib. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısı məhv edilib, yaşı təqribən 200-300 il olan ağaclardan əsər-əlamət qalmayıb. Bir sözlə, burada illərlə formalaşan təbii ekosistemin tarazlığına erməni barbarlığı nəticəsində ciddi zərbə vurulub.

Dövlətimizin başçısının səfər çərçivəsində olduğu Laçın rayonunun Güləbird kəndi də düşmən tərəfindən dağıdılaraq, talan edilib. Yeri gəlmişkən, aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sarı Aşığın yerli əhalinin əsrlər boyu ziyarət yeri olan məzarı da bu kənddədir. Erməni vandalları tərəfindən aşığın məzarı tanınmaz hala salınıb, qəbrin üzərindəki türbə tamamilə dağıdılıb, o cümlədən türbənin qarşısında ucaldılmış abidə kompleksi məhv edilib.

Qəbiristanlıqda IX əsrə aid sənduqə və daş heyvan fiqurları da erməni vandalizmi ilə üzləşib. Sənduqə və heyvan fiqurlarının çoxu oğurlanıb.

Güləbird kəndinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 15 şəhidindən 8-i bu məzarlıqda dəfn edilib. Onların da məzarları erməni vandalizminin qurbanı olub. Şəhidlərin məzarları dağıdılıb.

Azərbaycan Prezidenti bu yaşayış məntəqəsinə gəlişinin məqsədi ilə bağlı isə deyib: “Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə edəcəyik”.

Prezident İlham Əliyev Güləbird kəndində qısa müddət ərzində inşa edilən su elektrik stansiyasının açılışındakı çıxışında bildirib ki, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada su elektrik stansiyası istismara verilir. Bu stansiyanın generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Lakin mənfur düşmən işğal dövründə həmin stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı aparıb, stansiyaların binalarını xaraba qoyub. O cümlədən, “Güləbird” Su Elektrik Stansiyası düşmən tərəfindən yararsız hala salınıb.

Dövlətimizin başçısı çıxışında 8 meqavat gücündə olan “Güləbird” Su Elektrik Stansiyasının azad edilən torpaqlarda istismara verilən birinci elektrik stansiyası olduğunu qeyd edərək, deyib: “Bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik”.

Güləbird kəndində su elektrik stansiyasının istifadəyə verilməsi, eləcə də tezliklə işğaldan azad edilən digər ərazilərdə də “Yaşıl enerji” zonasının yaradılacağı təsadüfi deyil. Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Buna görə də dövlət başçısının tapşırığına əsasən, düşməndən təmizlənən torpaqlarda hazırda “Yaşıl enerjisisteminin qurulması məqsədilə özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

“Yaşıl enerji” zonasının yaradılması bu gün prioritet istiqqamətdir. Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, düşməndən təmizlənən ərazilərdə yaşıl enerji zonası yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bunun üçün geniş imkanların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcudluğunu vurğulayıb. Ölkə rəhbəri xarici tərəfdaşları, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratmağın önəm barədə də danışıb.

Yeri gəlmişkən, hazırda işğaldan azad edilən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

Xatırladaq ki, Azərbaycanda “yaşıl” texnologiyaların tətbiqi məsələsinə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də geniş yer ayrılıb.

İşğaldan azad edilən yaşayış sahələrinin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bununla bağlı həyata keçiriləcək tədbirlər qeyri-neft sektoruna yeni yerlixarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.

Bərpa ilə əlaqədar kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin reallaşdırılması nəzərdə tutulur. Bu, ilkin mərhələdə idarəetmə və təhlükəsizliyi, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafını özündə ehtiva edir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müvafiq iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, xüsusi güzəştli iqtisadi rejimin tətbiqi nəzərdə tutulur.

 

Vaqif Bayrmov

Xalq qəzeti.-2021.-20 fevral.-S.1.