“Xocalının sağalmayan yarası” adlı elmi sessiya

Dünyanın XX yüzillikdə şahidi olduğu ən müdhiş soyqırımlarından biri kimi artıq ölkəmizdən kənarlarda da yaxşı bəlli olan Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə fevralın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçirilib.

Muzey əməkdaşlarının bir hissəsinin əyani olaraq iştirak etdiyi, digər əməkdaşlarınsa videokonfrans formatında qatıldığı “Xocalının sağalmayan yarası” adlı elmi sessiyada üç məruzə dinlənilib.

Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Dünyanın daha artıq tanımalı olduğu Xocalı faciəsi” mövzusunda məruzəsində XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə soyqırımına məruz qaldığını bildirərək, bu faciələrin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacib olduğunu vurğulayıb. O, Azərbaycanın üzləşdiyi soyqırımları haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində uzun zaman imkanlarımızın məhdud olduğunu, ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” tövsiyə üçün qətnaməni diqqətə çatdırıb.

Dövlətimizin istər 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş soyqırımları, istər XX əsr boyu icra edilmiş digər bu qəbil cinayətlər, istərsə də Xocalı faciəsini dünyaya bütün gerçəkləri ilə təqdim etmək yolunda son 20 ildə böyük işlər gördüyünü, çoxlu kitablar nəşr etdiyini söyləyən akademik Rafael Hüseynov Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə son illərdə dünyada getdikcə daha artıq vüsət alan və təbliğat baxımından mühüm nəticələri olan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını xüsusi vurğulayıb.

Xocalı faciəsi haqqında dünya ekranına çıxa biləcək bədii və sənədli filmlərin yaranmasının, bu soyqırımını daha çox dövlət və parlamentlərin rəsmən tanıması üçün ardıcıl aparmağın zəruriliyindən bəhs edən Rafael Hüseynov deyib: “Xocalı faciəsi milli tariximizin sağalmayan bir yarasıdır. Bu, insanlığa qarşı törədilmiş cinayətlərdəndir ki, gec-tez əlləri həmin qana bulaşanların beynəlxalq tribunal qarşısında ittiham olunacağı labüddür. Biz Xocalı soyqırımını hər il yalnız kədərə dalmaq, o acıları bir daha xatırlamaq üçün yığılmırıq. Bu, elə bir tarix dərsidir ki, onu unutmaq olmaz. Biz imkan verməməliyik ki, yaddaşlarda bu faciənin göynərtisi soyusun. Hər yeni nəsil və dünya millətimizə qarşı törədilmiş soyqırımından təfərrüatı ilə daim agah olmalıdır”.

Daha sonra muzeyinKomparativistika və bədii tərcümə” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Xocalıya gedən yolmövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 1992-ci ilin şaxtalı fevral gecəsində Xocalı torpağında görünməmiş qəddarlıqla törədilən insan qətliamı hadisəsini həmin günlərin canlı şahidlərinin dili ilə yad edib. Muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev çıxışında mənfur düşmənin Xocalı şəhərində törətdiyi dəhşətli dağıntıların mahiyyətində Qarabağın dağlıq hissəsinin əzəli sakinləri olan azərbaycanlıların oradakı qədim tarixi izlərini silmək niyyətinin gizləndiyini ifadə edib.

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən elmi sessiyaya yekun vuran akademik Rafael Hüseynov qeyd edib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındırmaq, onun müstəqillik arzularını qəlbindəcə boğmağa hesablanmışdısa, Xocalı faciəsi artıq yenidən bərpa olunmuş dövlət müstəqilliyimizi laxlatmaq, xalqda xof yaratmaq üçün xarici qüvvələrin həyata keçirdiyi bir qəsd idi. Lakin Azərbaycan xalqı və dövləti bu çətin sınaqlardan mətanətlə keçdi və artıq öz dövlət müstəqilliyinin 30-cu ilini müzəffər xalq kimi qarşılamağa doğru inamla irəliləməkdədir. İstiqlalımıza, müstəqilliyimizə gedən yolda Xocalı soyqırımı ən ağır aşırımlardan biri idi ki, biz onun dərslərini və ibrətlərini hər yeni xoşbəxt günümüz içərisində hökmən xatırlamalıyıq”, – deyə akademik Rafael Hüseynov Bakıda soyqırımlarımızın tarixini əks etdirən layiqli bir muzeyin yaradılmasının da zəruri olduğunu söyləyib.

Xalq qəzeti  2021.- 27 fevral.- S.9.