Postmüharibə dövrü yeni reallıqlar yaradıb

 

Ümid edirik ki, əgər Ermənistan süni maneələr yaratmasa, bizim Ermənistan ərazisindən keçən digər dəmir yolu xəttimiz də ola bilər. Beləliklə, Ermənistan da regional inkişaf proqramının bir hissəsi ola bilər və əlavə təhlükəsizlik imkanları yaranacaq.

 

 

İlham ƏLIYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrini və oyuncaq Dağlıq Qarabağ rejiminin tör-töküntülərini əzəli torpaqlarımızdan qovmaqla müzəffər Azərbaycan Ordusu regionun gələcək inkişaf vektorunu müəyyənləşdirən yeni reallıq yaratdı. Məhz bu reallıq fonunda da Azərbaycan milli maraqlarını təmin etmək və böyük qlobal güc mərkəzlərilə münasibətlərini möhkəmləndirməklə bərabər, regional təhlükəsizlik və strateji yol-nəqliyyat kommunikasiyalarının, eləcə də sosial-iqtisadi əməkdaşlıq əlaqələrində yeni mərhələnin əsasını qoydu. Burada qlobal məsələlərlə bağlı fərqli maraqlarla çıxış edən güc mərkəzlərini regional əməkdaşlığın inkişafına fokuslandırmağı bacaran rəsmi Bakının yürütdüyü siyasət, əlbəttə ki, Cənubi Qafqaz xalqlarının, eləcə də yaxın qonşu ölkə xalqlarının münasibətlərinin gələcəyinə müsbət təsir göstərir. Xüsusilə də son 30 ildə işğalçılıq siyasəti yürütdüyünə görə bütün regional inkişaf layihələrindən kənarda qalmış Ermənistanın yeni reallıqdan faydalanmaq şansı var.

 

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan ərazisinə görə böyük dövlət deyil, suverenliyini tam qoruyub saxlaya bilmişdir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir.

 

Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasigeoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

 

Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir. Eqoist maraqları heç zaman yaxına buraxmayan Azərbaycan malik olduğu iqtisadikommunikasiya potensialını region xalqları ilə bölüşməsi ilə seçilirbuna çoxsaylı nümunələr də göstərmək olar. Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milligeosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər olduyeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir.

 

Lakin 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə erməni siyasi dairələrində revanşist bəyanatlar səsləndirilir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın siyasi dairələrindən nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük. “Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb”, – deyən ölkə başçısı əlavə etdi ki, indi düşdükləri bu vəziyyətə görə, onlar yalnız özlərini və liderlərini günahlandırmalıdırlar.

 

Prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycanın qələbəsi bütün faşistlərin aqibətinin ermənilərin aqibətinə bənzər olacağını göstərdi. Dövlət başçısı bir daha vurğuladı ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə yaranacağı təqdirdə, düşmən dərhal yerindəcə məhv ediləcək: “Onlar da bizim gücümüzü bilirlər və görürlər”.

 

Müxtəlif siyasi xadimlər və iqtisadçılar da postmüharibə dövründə yeni regional kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqaza göstərəcəyi böyük faydalar barədə fikirlərini açıqlayırlar. Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta əmindir ki, Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək. 10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən sabiq səfir Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edir. Sabiq səfirin sözlərinə görə, azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin xeyrinə xidmət edəcək.

 

1993-cü ildə Türkiyə rəsmi İrəvanın işğalçılıq siyasəti üzündən Ermənistanla sərhədlərini bağlamışdı. Bu, Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən mənfi təsir göstərmişdi və hələ də təsir göstərir. Lakin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regonal münasibətlər normallaşa bilər və bunun erməni xalqının xeyrinə olacağı şübhə doğurmur. Buna görə də, Qarabağın erməni işğalından azad edilməsi təkcə Azərbaycan və Ermənistanın deyil, bütün Cənubi Qafqazın tarixində yeni bir səhifə açır. Xüsusilə də nəqliyyat layihələri bölgənin uzunmüddətli inkişafında, sabitliyin təmin edilməsində və müharibə riskini sıfıra endirməsində xüsusi rol oynayacaq. Bütün bu deyilənlərin hamısı bölgədəki problemlərin dialoq və əməkdaşlıq yolu ilə həll oluna biləcəyini göstərir. Ermənistan öz hərəkətlərinin nəticələrini lazımi şəkildə təhlil etməli və inanmalıdır ki, regionda bütün xalqların sabitliyini və rifahını təmin etmək üçün yeganə yol sülh və əməkdaşlıqdır.

 

Ermənistan işğalçılıq siyasəti üzündən 30 ildir nəqliyyat blokadasında çapalayır və mütəxəssislər deyirlər ki, Rusiya və Ermənistanı Azərbaycan üzərindən birləşdirəcək dəmir yolunun inşası rəsmi İrəvan üçün böyük bir addım olacaq. Məlum olduğu kimi, Rusiya və Ermənistanın birbaşa dəmir yolu əlaqəsi yoxdur. Bu yol əvvəllər Gürcüstan ərazisindən keçirdi, lakin Abxaziya münaqişəsi ilə əlaqədar həmin yol hazırda bağlıdır. Yeni nəqliyyat dəhlizinin inşası təkcə Ermənistanın, regionun digər ölkələrinin deyil, həmçinin Rusiya ilə Türkiyə arasında da ticarətin inkişafına səbəb olacaq. Buna görə də, regionda yeni nəqliyyat əlaqələri açılarsa, o zaman Ermənistan Rusiyaİranla dəmir yolu əlaqəsi yaratmaqla yanaşı, həm də Türkiyəyədək dəhliz əldə edəcək. Bu da rəsmi İrəvana İran körfəzinə, Asiya bazarlarına və Şimali Avropaya çıxış imkanı verəcək. Bəli, konstruktiv siyasət yürüdəcəyi halda Ermənistanı məhz belə bir inkişaf perspektivi gözləyir. Prezident İlham Əliyevin dediyi kimi, Cənubi Qafqazda regional əməkdaşlıq üçün, məsələn, enerji ilə bağlı sahələrdə böyük potensial var. Ölkə başçısının sözlərinə görə, potensial olaraq Azərbaycan Ermənistana enerji resurslarının təchizatçısı ola bilər. Prezident İlham Əliyev Sovet İttifaqı dövründə Azərbaycanın Ermənistanı enerji resursları ilə təchiz etdiyini də xatırlatdı. Bununla yanaşı, ölkə başçısı bildirdi ki, Zəngəzur dəhlizi tikilib tamamlanandan sonra Ermənistanın biznesi inkişaf etdirmək üçün çoxlu imkanı olacaq.

 

Bir sözlə, indi top Ermənistan tərəfindədir və rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çəkməsə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa Ermənistanın vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. Qlobal güc mərkəzlərilə münasibətlərini milli maraqlarına uyğun formalaşdırmağı bacaran rəsmi Bakının yaratdığı imkanlardan yararlanması da Ermənistanın öz əlindədir. Postmüharibə dövrünün yeni reallıqlarına adekvat reaksiya verməyəcəyi təqdirdə ermənilər regional dalanda çapalamaqda davam edəcəklər.

 

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti .- 2021.- 5 iyun.- S.3.