AZƏRTAC peşəkar əməkdaşı Məhərrəm Əlioğlu ilə vidalaşır

 

Dünən səhər qəfil və acı xəbər AZƏRTAC-ın kollekti­vini, media ictimaiyyətini sarsıtdı: agentliyimizin Qa­rabağda xidməti ezamiyyətdə olan müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşərək həlak olublar...

 

Məhərrəm İbrahimov (Əlioğlu) həyatsevər və nikbin insan, peşəsinə qəlbən bağlı, vətənpərvər jurnalist idi. O, 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhə xəttinə yollanaraq hərbi əməliyyatların gedişini işıqlandırır, Ermənistanın müharibə cinayətləri, mül­ki insanları hədəfə alması barədə birba­şa hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Ümumiyyətlə, peşəkar jurnalist olaraq daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı.

 

Müharibə başlayandan qurtarana qədər, hətta bu acı xəbəri eşitdiyi­miz günədək onunla görüşüb, do­yunca söhbət edə bilmədik. Sorağı işğaldan azad edilmiş ərazilərdən - Füzulidən, Cəbrayıldan, Ağdamdan, Qubadlıdan gəlirdi. Hər dəfə ayaqüstü söhbətlərimizdə “tezliklə gələcəyəm, görüşərik” deyirdi. Qarabağa tələsirdi, erməni vandallarının viran qoydu­ğu qədim yurd yerlərimizi jurnalist həmkarları ilə birlikdə kəndbəkənd gəzib dağıntıları lentə alır, yazıya köçürürdü ki, bu dəhşətlərdən gələcək nəsillər də xəbər tutsun. Müharibədən sonra da hərbi formanı əynindən çıxar­mayan AZƏRTAC-ın peşəkar müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov beləcə şəhadətə ucaldılar. Tarix yazan həmkarlarımız erməni məkrinin qurbanı oldular.

 

az, nə çox, bu dünyanın cəmi 39 baharını yaşayan Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1989- cu ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə gedib. 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kol­lecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirib və həqiqi hərbi xidmətə yollanıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında başa vurub.

 

Məhərrəm İbrahimov 2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da işlədiyi bu illər ərzində Məhərrəm Əlioğlu bir əsgər ömrü yaşayıb. Ən qaynar nöqtələrdən ən operativ xəbərləri çatdıranlardan biri məhz Məhərrəm olub. Qarşıda böyük planları, arzuları vardı... Təəssüf ki, düşmən minası onun da arzularını yarıda qoydu.

 

Məhərrəm Əlioğlu qələm adamı, peşəkar jurnalist olmaqla yanaşı, həm də vəfalı, sadiq dost idi. Çətinə düşənlərə imkanı daxilində kömək əli uzadar, həmkarlarının xoş günlərinin sevincini ürəkdən bölüşərdi. Cavan olmasına baxmayaraq, təmkinli davra­nışı, ünsiyyət yaratmaq qabiliyyəti ilə insanların qəlbinə tez yol tapırdı.

 

İki oğul atası idi Məhərrəm, onları da özü kimi vətənpərvər böyütmək istəyirdi. Övladları – 7 yaşlı Uğur və 5 yaşlı Toğrulla bağlı böyük arzuları vardı...

 

AZƏRTAC-ın kollektivi Məhərrəm Əlioğlunun timsalında sevimli, dəyərli əməkdaşını itirdi. Lakin bir təsəllimiz var: bu itki bizim üçün, ailəsi və doğ­maları üçün nə qədər ağrılı olsa da, Məhərrəmin arzularına işıq tutacaq gü­lüzlü övladları var. Nə qədər Məhərrəm Əlioğlu kimi vətənpərvər oğullarımız var, Azərbaycan heç vaxt düşmən qar­şısında geri çəkilməyəcək.

 

AZƏRTAC-ın kollektivi düşmən minasına düşərək şəhadətə ucalan həmkarlarımız Məhərrəm Əlioğlunun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!

 

Xalq qəzeti.- 2021.- 5 iyun.- S.6.