Qarabağın musiqi nizamı bərpa ediləcək

 

Müsahibimiz “Xarıbülbül” beynəlxalq musiqi festivalının iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramovdur.

 

– Təyyar müəllim, sizin uşaqlıq və yeniyetməlik çağlarınız Ağdamla bağlıdır. Gəlin, söhbətimizə də elə o illərin Ağdamından başlayaq.

 

– Ağdam haqqında mənim zəngin uşaqlıq xatirələrim var. Orada doğulmuşam, təhsil almışam, ilk dəfə muğam sədalarını o yerdə dinləmişəm. Valideynlərimlə dəfələrlə gözəl Şuşaya, Kəlbəcərə, Laçına... səfərlər etmişik. O yerlərin gözəl təbiəti mənim uşaqlığımın nağıllaşan dünyasına hopub. Qarabağın başı göylərə çatan dağlarını, yaşıl meşələrini, buz bulaqlarını unutmaqmı olar?

 

Bəli, uşaqlığım Qarabağın ab- havası ilə yoğrulub. Erməni vandalları bizi bu gözəlliyə uzun illər həsrət qoydular. Nə qədər qəhrəman oğullarımız şəhid oldu. Mən də həmin dövrdə atamı itirdim. O da muğam həvəskarı idi. Onun maşınındakı maqnitafonda həmişə muğam səslənərdi. Rəhmətlik Şahmalı Kürdoğlunun “Rast”ını da o vaxt dinləmişdim. Tar məktəbinə gedirdim. Muğamları tarda ifa etmək üçün çox çalışırdım. Amma hər şey yarımçıq qaldı...

 

– Siz də minlərlə ağdamlı kimi, 28 il doğma yurda həsrət qaldınız...

 

– Çətin oldu, çox əzablı bir dövr yaşadıq. Ağdam həsrəti bir an belə məni rahat buraxmırdı. İnsan yaşa dolduqca yurd həsrəti onu daha çox qayğılandırır. Doğrudur, bu illərdə musiqi təhsili aldım, müsabiqələrdə iştirak etdim. Hər dəfə muğam oxuyanda xəyalım Şuşanı, Ağdamı, bütün Qarabağı dolaşırdı. Bir an belə unuda bilmirdim o yerləri. Yuxularımda görürdüm doğma yurd-yuvamızı. Bəli, günlərin birində, elə bil, yuxudan ayıldım Ağdamın işğaldan azad olunduğunu eşitdim. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilərdimi?!

 

Cənab Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətı bizə yurdumuzu qaytardı. Bütün ağdamlılar cənab Prezidentə bu möhtəşəm qələbəyə görə dərin minnətdarlıq bildirirlər. Mən müəllimim, ustadım Xalq artisti , “Şərəf” “Şöhrət” ordenli Mənsum İbrahimovla erməni vandallarının darmadağın etdiyi doğma yurdumuzun xarabalığında “Qarabağ şikəstəsi” oxuduq.

 

– Sizi muğam ifaçısı kimi yaxşı tanıyır sevirlər. Qarabağ muğam ifaçılarının yaradıcılığınıza təsiri olubmu?

 

– Əlbəttə olub. Hələ uşaqlıqdan onların lent yazılarını dinləyirdim. Amma mən muğam dərsini Mənsum müəllimdən almışam. O, mənə bu sənətin sirlərini öyrədib. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda da, konservatoriyada təhsil alanda da.

 

Onu da deyim ki, işğal dövründə cənab Prezident Ağdama qayğısını heç vaxt əsirgəməyıb. Quzanlıda dövlət başçımızın sərəncamı ilə Muğam Mərkəzi inşa olunmuşdur. Mən orada bir ansambl yaratmışam. Uşaqları, gəncləri dəvət etdim bir daha əmin oldum ki, Qarabağ muğam sənəti heç vaxt ölməyəcək. Biz bu sənəti tezliklə bərpa edəcəyik.

 

– Şuşada “Xarıbülbül” festivalında siz iştirak edirdiniz. Təəssüratlarınızı bölüşməyinizi istərdik.

 

– Bu, ömrümün sevinc dolu anları idi. Bu festival vaxtilə Ağdamda da keçirilmışdi uşaqlıq illərimin ən yaddaqalan hadisələrindən idi. İndi Şuşada yenidən bu festivalın iştirakçısı olmağım məndə böyük qürur hissi doğurmuşdu. Doğrudur, mən ikinci dəfə idi ki, Şuşaya gəlirdim. İlk dəfə DTX-nın təşkil etdiyi konsert proqramına qoşulmuşdum orada “Şuşanın dağları” “Qarabağ şikəstəsi”ni oxumuşdum. Möhtəşəm bir konsert proqramı təşkil olunmuşdu. “Xarıbülbül” festivalı isə başqa aləm idi. Burada Azərbaycanda yaşayan azsaylı xalqların musiqi kollektivləri çıxış etdi.

 

– Sizin oğlunuz Kənan Bayramlı da bu festivalda gözəl muğam ifa etdi. Hiss olunur ki, layiqlı davamçınız yetişir...

 

– Şuşada “Xarıbülbül” festivalında onun çıxışı bir valideyn kimi məni çox qürurlandırdı. Düzünü deyim ki, onun ifaları haqqında xoş xəbərlər eşidirəm. Deyirlər ki, səsi gözəldir. Əgər səsini qoruya bilsə, niyə davamçım olmasın.

 

Bizə bu xoş günləri bəxş etdiyinə, doğma yurdumuzu işğaldan azad etdiyinə görə cənab Prezidentimizə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

 

Söhbəti apardı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2021.- 5 iyun.- S.11.