Azad edilmiş ərazilərdə yenidənqurma proqramı uğurla həyata keçirilir

 

 

Xeyli vaxtdır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-qurucu­luq işlərinə start verilib. 44 günlük müharibə dövründə qələbənin təmin olunmasında, Azərbaycana qarşı aparılan böyük informasiya müharibəsinə cəsarətlə sinə gərilməsində olduğu kimi, bu gün aparılan bərpa işlərinə də şəxsən Azərbaycan Prezi­denti İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı son aylarda bütün ərazilərimizin bərpa olunacağı ilə bağ­lı, demək olar ki, hər bir çıxışında məlumat verib. Ali Baş Komandan Şuşada Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” musiqi festivalının açılışında çıxışı zama­nı da bildirib ki, azad edilmiş bütün torpaqlar bərpa ediləcək. Artıq bərpa işlərinə start verilib. Bu gün Şu­şanın bərpası ilə bağlı verilmiş tapşırıqlar yerinə ye­tirilir. Quruculuq işlərinə, infrastruktur layihələrinin icrasına başlanılıb.

 

Dövlət başçısı hazırda azad edilmiş ərazilərdə ziyanın hesablanması, şəhərlərin baş planlarının hazırlanması işlərinin görüldüyünü qeyd edib: “Baş planlar təsdiq olunduqdan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaq­larımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik”.

 

Elə Şuşanın özündə də bərpa işləri başlayıb, Yuxarı Gövhərağa məscidi artıq təmir olunub. 1768-1769-cu illərdə inşa edilmiş Yuxarı Gövhərağa məscidi də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyulub. Ermənilərin işğalı altında olduğu dövrdə qurumuşXan qızı Natəvan” bulağı da artıq bərpa olunub. PrezidentŞuşada olarkən dedi ki, “biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik”.

 

Azərbaycan lideri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı vi­deoformatda müzakirələri zamanı çıxış edərkən də ərazilərin bəprası məsələsinə toxunaraq bildirib ki, işğal­dan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Həmin ərazilərə çoxsaylı səfərləri zamanı avtomobillə hərəkət edərkən 400-450 kilometr yol boyu yalnız dağıdılmış şəhər və kəndlər görüb. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Erməni vandalları azərbaycanlıların inşa etdiyi evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar. İşğal al­tındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb. Məqsəd azərbaycanlıların heç vaxt o torpaqlara geri dönməsinə imkan verməmək olub.

 

Prezident faktlarla bəyan edib: “Təsəvvür edin ki, sovet dövründə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət Ağdam tamamilə dağıdılıb. Müharibədən əvvəl 25-30 min sakini olmuş Füzuli şəhəri darmadağın edilib. Füzulini oktyabr ayında azad edəndən sonra mən hərbçilərimizə göstəriş verdim ki, binala­rın birinin üzərində Azərbaycan bayra­ğını dalğalandırsınlar. Onlar isə bunun üçün bir dənə olsun belə salamat bina tapa bilmədilər və bayrağı açıq ərazidə yüksəltdik. Digər şəhərlərdə də vəziyyət eynidir, bütün infrastruktur dağıdılıb”.

 

Dövlət başçısı artıq işlərə baş­landığını qeyd edib. Onun sözlərinə görə, bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşasına başlanılıb: “Bizim inkişafla bağlı baş pla­nımız artıq hazırdır. Biz dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətləri dəvət etmişik və işğalçıları beynəlxalq məhkəmələrə verəcəyik. Onlar qanun­suz olaraq bizim sərvətlərimizi talayıb, xüsusilə də qızıl yataqlarımızı. Artıq bu işlə məşğul olan həmin şirkətlərlə bağlı hüquqi prosedurlara başlanılıb. İnfrast­ruktur layihələrinə artıq start verilib. Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək”.

 

Onu da qeyd etməliyik ki, bu günədək işğaldan azad olunmuş ərazilərdə xeyli tikinti-bərpa işləri görü­lüb. Artıq Füzulidən Şuşaya yeni avto­mobil yolu çəkilir. Dövlət başçısı bu yolu Zəfər yolu adlandırıb. Yaxın vaxtlarda Bərdə-Ağdam yolunun çəkilişinə başla­nacaq. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Martın 15-də Prezident Füzuli və Xocavənd rayonlarına növbəti səfəri zamanı yeni bərpa işlərinin anonsu­nu verdi. Səfər çərçivəsində bir sıra obyektlərin, o cümlədən, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzuli-Hadrut avtomobil yolu öz başlanğıcını Zəfər yolundan götürüryeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

 

Azərbaycan lideri həmin ərazilərə səfərləri zamanı həmişə dünyaya mesaj verib ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə çalışıb. Amma buna nail ola bilməyib. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni doğma torpaqlarımızdan qovmuşuq. Dövlət başçısı Xocavənd rayonuna gedərkən yol boyunca bütün yaşayış məntəqələrinin dağıdıldığını qeyd etdi: “İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”

 

Dövlət başçısı martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə də müharibənin başa çatdığını, bərpa işlərinə başlan­dığını və yeni imkanlar yarandığını qeyd etdi. Onun sözlərinə görə, hazırda Zəngəzur dəhlizi üzərində fəal aparılır. Vaxtilə türk dünyasının bədəninə xəncər kimi saplanmış Zəngəzur indi türk dün­yasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə im­kanlar yaradacaq.

 

Azərbaycan Prezidenti İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindeni qəbul edərkən də bildirmişdi ki, Dağlıq Qara­bağ münaqişəsi artıq tarixə qovuşub və gələcəyə baxmaq lazımdır. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb. Yenidənqurma proqramı həyata keçirilir. Ermənistanla Azərbaycan arasında kommunikasi­yaların açılması ilə bağlı danışıqlar prosesinə başlanılıb. Məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaqonu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiya­ların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa dinamika gətirməklə yeni imkanlar yara­dacaq.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti 2021.- 12 iyun.- S.9.