Kino kimi bir ömür

 

Bakı şəhərindəki 28 May küçəsində Xalq artisti Şövkət Ələkbərovanın xatirə lövhəsi asılmış binada Lətif Səfərovun oğlu Bəşirlə görüşdüm. Atası Lətif Səfərov haqqında danışdı, onun yardıcılığından, sənət dostları ilə görüşlərindən söhbət açdı. Dedi ki, Bəşir adını mənə atam qoymuşdu, babamın adı idi.

İndi o görüşdən xeyli vaxt ötür. Amma Lətif Səfərovun müəmmalı ölümü haqqında məni narahat edən suallara hələ də cavab tapa bilməmişəm. İndi də bilmirəm ki, bu böyük sənətkar hansı səbəbdən özünə qəsd etmişdi.

Lətif Səfərov düşmən tapdağından azad edilmiş Şuşada dünyaya göz açmışdı. Tale onu elə uşaqlıq yaşlarından kino sənətinə yönləndirmişdi. 7 yaşı olanda rejissor Leo Murun Gilan Qızı (Tunc ay) filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətifi studiyada ştata da qəbul etmişdilər. 1928- 1931-ci illərdə Sevil, Lətif, Şərqə yol filmlərində uşaq rollarında oynayıb. Ancaq sonradan xəstələnən Lətif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olubqiyabi təhsil alıb. Sonra yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə sənədli filmlərdə rejissor assistenti kimi çalışıb.

1935-ci ildə yendən Bakıya gəlir. Nəcib insanların köməyi ilə yenidən kinostudiyada işə düzəlir. Amma daha ona filmdə çəkilməyə uşaq rolları verilmir. Lətifin böyüdüyünü, görüb, bu işi ondan balacalara etibar edirlər. Nəhayət, bir il sonra yenidən çəkiliş meydanına çıxmağa başlayır. Amma bu dəfə kamera qarşısında aktyor kimi yox, rejissor köməkçisi, assistent kimi. Eyni zamanda, dublyaj şöbəsində çalışır. Çapayev, Lenin oktyabrda, Biz Kronştatdanıq, Lenin 1918-ci ildə və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edir. Azərbaycan kinematoqrafiyasının formalaşmasında və inkişafında əməyi olan insanlarla Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov, Ələsgər Ələkbərov və başqaları ilə çiyin-çiyinə çalışmaq ona çox şey öyrədir.

Lətif yavaş-yavaş rejissor sənətinə meylləndiyini duyur. Pedaqoji Texnikumu bitirsə də, taleyini müəllimliyə bağlamayacağını anlayır. İşlərin pis getmədiyi vaxtda, atası Bəşir repressiya qurbanı olur. Ona əksinqilabçı damğası yapışdırırlar.

Kinostudiyada rejissor kimi operatorlardan Xan Babayev və Teyyub Axundovla birgə Gədəbəyin sərvəti sənədli filmini çəkir. Sonra bir-birinin ardınca Gənc leninçilər, Azərbaycan sərhədçiləri, Quba bağlarında sənədli filmləri, Ordenli Azərbaycan və Gənc nəsil kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası üçün süjetlər çəkir.

Hacı Qarani çəkmək arzusu gözündə qalır. Deyiblər ki, vaxtı deyil, ideoloji maraqlara cavab vermir. Görüş filminin ssenarisi yuxarıların daha ürəyincə idi. Lətif bu ssenaridə sənət baxımından ağlabatan nəsə görmür deyə, imtina edir. Bu səfər ona N.Rojkov B.Laskinin yazdığı Mahnı ilə keçən ömür ədəbi ssenarisi təklif olunur. O, bu ssenarini çəkmək qərarına gəlir. Rejissor öz fantaziyası Rəşid Behbudov, İsmayıl Əfəndiyevin, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Münəvvər Kələntərli, Ağahüseyn Cavadov kimi aktyorların məharəti, operator Arif Nərimanbəyovun, bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlığı sayəsində baxımlı ekran əsərini ərsəyə gətirir. İndi bizim Bəxtiyar kimi ilk adı Mahnı ilə eldən-elə olan gözəl filmimiz var.

Bu arada Lətifin həyatında daha bir əlamətdar hadisə baş verir. O, tanınmış müğənni Şövkət Ələkbərovayla ailə həyatı qurur. Az əvvəl keçirdiyi sarsıntılar azalır, mənəvi baxımdan sanki ona güc-qüvvət gəlir.

Yaradıcılıq həvəsi artır, yeni filmlər çəkmək üçün yollar axtarır. Albaniyanın Novaya Albaniya kinostudiyası ilə, rejissor Q.Xakaniyəylə müştərək filmin çəkilişinə başlayır. Bolqarıstana gedib materiallar toplayır. Ciddi hazırlıq apararkən kimlərsə bu işə mane olur. Əli növbəti dəfə boşa çıxan rejissor bekar qalmamaq üçün Bakının uşaqları Qığılcım sənədli filmlərini çəkir. Sevdiyi mövzular üzrə filmləri lentə almaqdan ötrü rəhbərləri yola gətirməyə çalışır. Dəfələrlə müraciət edir. Amma ona yalnız sovet insanının xarüqələrini işıqlandırmaq tövsiyə olunur. Bütün bunlardan sonra Qızmar günəş altında filmini çəkmək məcburiyyətində qalır.

1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifaqının sədri seçilir. o, Ümumittifaq Kinofestivalının münsiflər heyətinin üzvlüyünə qəbul olunur. Bu isə yalnız ürəkaçan məsələ deyildi. Artıq ictimai fəaliyyətiylə qınaqlara tuş gəlir. Festivalda filmi uğur qazanmayanlar günahı onda görürlər. Heç kim başqa səbəb haqqında fikirləşmək istəmir. Lətif deyilənlərin həqiqətə uyğun gəlmədiyini sübut etməyə çalışır. İttiham iftiralar yenə əsəblərini tarıma çəkir.

Bir il sonra kino işçiləri üçün yaradıcılıq evinin layihə-smeta sənədlərini hazırladır, ittifaqın plenumunu keçirir. O, ittifaq üzvlərinə imtiyazlar almağa çalışır bu yolda nazirlikdən tutmuş ölkə rəhbərliyinədək hamıyla çəkişməli olur. Az sonra arzularından biri həyata keçir: Kino evi açılır. İndi həmkarlarının yığışmağa, yaradıcı planlarını bölüşməyə imkan yaranmışdı. Amma sən demə, ...Adamlarla həqiqət dilində danışmaq lazımdı. Yalan cana doydurub o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət üzəvari yalan danışıblar... deyən, bu məkanı böyük zəhmət hesabına yaradan Lətif çoxlarının yerini dar eləyirdi...

Nəhayət, Lətifə klassik əsər tapşırılır. Leyli Məcnunu ona etibar edirlər. Bu arada Koroğlunun uğursuz ekran həllindən narazı qalanlar məsuliyyətli işin öhdəsindən yalnız onun gələcəyini düşünürlər. Lətif Səfərov tərəddüd keçirir. Artıq qırx yaşını yola salmışdı, yetərincə təcrübəyə malik idi. Hərçənd, bəzilərinin nəzərində belə deyil. Üstəlik, həyatın sənətin keşməkeşlərindən doyunca dadan rejissora təzəcə verilmiş Əməkdar incəsənət xadimi fəxri adı onu gözü götürməyənlərin sayını bir qədər artırır. Həmişə işi daşdan çıxan Lətif duruxub qalıb: birdən, film uğursuz alınar.

1962-ci ilin noyabrında Gəncədə Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən Leyli Məcnun filmi tamaşaçıların müsbət qiymətini alır. Mətbuatda yazılanlar da əsasən obyektivliyi xoşniyyətliyi ilə diqqət çəkirdi.

Bir məsələni diqqətə çatdırmaq istərdik. L.Səfərov 1952-ci ildə Moskvada kino işçilərinin Ümumittifaq müşavirəsindəki çıxışı böyük rezonans doğurmuşdu. Mən əyalət adından çıxış edirəm. Bu əyalət Bakı kinostudiyasıdır. Əyalət texnika ilə təchiz olunmur. Buna görə rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, vaxtsa mərkəzi studiyalardakı səviyyədə texnika ilə film çəkə biləcəklər. Deyin, biz tələbə skamiyasında yanaşı oturmamışıqmı? Niyə bir parasının hər şeyi var, o birisinin yoxdur... Bizim, nəhayət, soruşmağa haqqımız var: Hamı üçün eyni imkanlar vaxt yaradılacaq?. Bəlkə bu tənqidi çıxışı ilə o, ömrünə qəsd hazırlayırdı.

o yerə çatır ki, qurmağa, yaratmağa çalışan bu insan günlərin birində hər şeydən bezir. Vaxtından qabaq gəlmiş soyuq, şaxtalı qış axşamı 1963-cü il dekabr ayının 8-dən 9-a keçən gecə öz əlindən açılan güllə onu bu dünyadan ayırır.

 

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti 2021.- 20 mart.- S.9.