Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti

 

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

 

 

Heydər ƏLIYEV

 

Ümummilli lider

 

 

Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndüözünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

 

 

“Əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan ya­ranmış müstəqil dövlətimiz”. Azərbaycan tarixinin növbəti, keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcını qoymaqla, yeni cəmiyyət quruculuğu ilə bağ­lı çoxsaylı siyasi, iqtisadi, sosial və mədəni-mənəvi həyat məsələlərinin – Azərbaycan Respublikasının Kons­titusiyasında “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qur­maq; ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının faydalı həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək” kimi ifadə olunmuş vəzifələrin həll edilməsini həm vacib zərurətə çevirmiş, həm də özü­nün mövcudluğu ilə bunun üçün ilkin – müqəddəm hüquqi əsaslar vermiş, zəruri şərait yaratmışdır.

 

Mənəvi sahədə həlli vacib olan çox mühüm vəzifələrdən biri milli özünüdərk şüurunun formalaşdırılması, milli-mənəvi dəyərlərin bərpasıdır. Bu işdə xalqımızın çoxəsrlik tarixinin heç bir konyuktur­dan asılı olmadan, yerli-yataqlı tədqiqi, tarixi həqiqətlərin məhz həqiqət priz­masından qiymətləndirilməsi milsilsiz əhəmiyyətə malikdir. Heydər Əliyev bununla bagli yazır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır; tarixi təhrif də etmək olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”. Çünki tarixin vicdanla tədqiqi və tarixi həqiqətin olduğu kimi yazıya alınması, obyektiv qiymətləndirilməsi “Haradan gəlib hara gedirik” – sualına cavab tap­maq, geniş anlamda isə özünü tanımaq və tanıda bilmək üçün gərəkdir. Tarix ideoloji qəliblər, siyasi yararlılıq prizma­sından deyil, həqiqət nöqteyi-nəzərindən dəyərləndirildikdə, Azərbaycan tarixinin təkcə sovet (1920-1991-ci illər) dövrü­nün deyil, əvvəlki, daha uzaq və qədim dövrlərinin də kommunist təbliğinin prinsipləri, qondarma marksist-leninçi metodologiya əsasında tədqiq olunduğu­nu, əslində isə təhrif olunduğunu sübuta yetirmək indi bir elə də çətin deyildir.

 

Tarixi həqiqətlərin konyuktur­çu nöqteyi-nəzərdən, qəsdən təhrif edilməsinin bariz nümunəsi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir. Bu torpağın üstündə addımlayaraq, bu xalqın çörəyini yeyərək, onun maddi-mənəvi dəstəyi ilə ərsəyə yetib elmi mənsəb, şan-şöhrət sahibi olaraq, böyük pafosla özünü tarixçi-alim adlandıran kommunist məddahları adidən də adi həqiqətə – Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra soyqırımı­nın Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyinə uzun illər boyu göz yummuş, yaxud xalqımıza qarşı ermənilərin soyqırımı siyasətinin ayrı-ayrı təzahür hallarının mahiyyətcə təhrif olunmuş şəkildə, məsələn, 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsini ən yaxşı halda “vətəndaş müharibəsi” kimi təqdim etməkdən zərrəcə olsa da, vicdan əzabı çəkməmişlər. Halbuki 1918-ci ilin mart qırğını Azərbaycanın XIX-XX əsrlərdə baş verən və hər dəfə də torpaqlarımı­zın müəyyən hissəsinin zəbt edilməsi ilə müşayiət olunan bütün faciələri cərgəsində, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətində miqya­sına və amansızlıq dərəcəsinə görə ayrıca bir mərhələ, müstəsna vanda­lizm hadisəsidir. Deməli, bütün incə məqamlarına qədər tədqiq olunmalı, öyrənilməli, ən başlıcası isə dərs alınma­lı tarixi fakt, tarixi həqiqətdir.

 

1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması­nın 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: "Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. Birinci dün­ya müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərmişdir. Xüsusilə erməni daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar bö­yük faciələr kimi yadda qalmışdır".

 

Heydər Əliyev Cənubi Qafqaz­da müstəqillik ideyasından əvvəlki Azərbaycan, erməni və gürcülərin Zaqafqaziya Komissarlığı və Zaqaf­qaziya Seymində göstərmiş olduqları fəaliyyətə də münasibət bildirir: “O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təklifləri də olmuşdur. Lakin Cənubi Qafqazdakı siyasi vəziyyət və araların­dakı ərazi mübahisələri Zaqafqaziya dövlətinin bir aydan artıq yaşamasına imkan verməmişdir”. Dövrün siyasi hadisələrinin təhlilini verən Heydər Əliyev məruzəsində qeyd edir ki, 1918-ci il mayın 28-də xalqımızın qabaqcıl ziyalıları, Azərbaycanın gələcəyi haq­qında düşünənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında Tiflisdə qərar qəbul etmişbu qərarı “İstiqlal bəyannaməsi” adı altında elan etdilər. Sonra, yəni iyunun ortaların­dan Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü başlanmışdır”.

 

Məlumdur ki, Bakıda Şaumyan başda olmaqla yaradılmış bolşevik-daşnak gü­ruhu Azərbaycan Xalq Cümhuriyyətinin Bakıya köçməsinə imkan vermirdi. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun köməyi ilə Bakı şəhəri azad olunandan sonra Xalq Cümhuriyyəti hökuməti Bakıya köçmüş və fəaliyyətini burada davam etdirmişdir. Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyətini də yüksək qiymətləndirir: “Bu respublikanın yaran­ması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, de­mokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır”.

 

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olan dövrdə beynəlxalq aləmdə baş verən bir sıra siyasi hadisələr ölkəyə öz təsirini göstərmiş oldu. Belə ki, 1918-ci il iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti ölkə daxilində ona edilən təcavüzü aradan qaldırmaq üçün Osmanlı dövlətindən kömək ala bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin bu müraciətinə müsbət cavab verən Os­manlı hökuməti Nuru paşanın rəhbərliyi ilə təşkil olunmuş Qafqaz İslam Ordu­sunu Azərbaycana göndərdi. 1918-ci il iyunun sonuiyulun əvvəllərində Qaf­qaz İslam Ordusu Şaumyanın 20 minlik ordusu ilə ölüm-dirim savaşında qalib çıxdı. Bakı Soveti qüvvələrinin məğlub edilməsi ilə Bakının azad edilməsi uğ­runda istiqlal mübarizəsi başlandı.

 

Hadisələr bu şəkildə uzun müddət davam edə bilmədi. Birinci dünya müharibəsinin iştirakçısı olan Os­manlı dövləti Mudros barışığına görə, məğlub dövlət kimi Cənubi Qafqazı, o cümlədən Azərbaycanı tərk etməyə məcbur oldu. Antanta qüvvələri adından general Tomsonun rəhbərliyi altında ingilis qoşunları 1918-ci il noyabrın 17-də Bakıya daxil oldular. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı yaranan çətinlikləri təhlil edən Heydər Əliyev öz məruzəsində qeyd edir ki, Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusi­yadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycana istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışdır. Eyni zaman­da, AXC hökumətində və onun yarat­dığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu cümhuriyyyətin süqut etməsinə gətirib çıxarmışdır”.

 

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə beş kabinet mövcud olmuşdur. İlk üç kabinetə F.Xoyski, sonrakı kabinetlərə isə N.Yusifbəyli başçılıq etmiş­dir. Hökumətin daxilində baş verən proseslərin təhlilini verən Heydər Əliyev çıxışında deyir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə beş dəfə hökumət təşkil olun­muşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yaz­mışlar”.

 

1920-ci ilin əvvəllərində so­vet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoymaq üçün müdaxiləyə hazırlaşırdı. Azərbaycanın işğalını tezləşdirmək üçün Azərbaycanda milli kommunistlərdən ibarət bolşevik partiyası təsis edildi. Rusiya bolşeviklərindən dəstək alan yerli kommunistlər ölkə daxilində böhranın dərinləşməsi üçün bütün vasitələrdən istifadə edirdilər. Xüsusilə 1920-ci ilin martında Qarabağda erməni qüvvələri tərəfindən qiyamın qaldırılması Mosk­vada hazırlanmış planın tərkib hissəsi idi. XI ordunun Azərbaycana istilaçı yürüşünün nəticəsi barədə Heydər Əliyev bildirir ki, “1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməli olmuş­dur. Beləliklə də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyul­muşdur”.

 

Uzun müddət, yəni Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti yara­dıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. İş o yerə gəlib çıxmışdır ki, Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq olunmuşdur. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra AXC ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. AXC-nin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev qeyd edir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycanın Dövlət Müstəqilliyi GünüRespublika Günü elan etmişikbu bizim milli bayramımızdır”.

 

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulundan sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti quru­cularına dövlət səviyyəsində bəraət verildi. Bununla bağlı Heydər Əliyev öz çıxışında bildirir: “Bu günbu bayram günü (28 may) biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşları­na bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördü­yü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır".

 

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə hörmət əlaməti olaraq Heydər Əliyev qeyd edir ki, buBu bay­ram günlərində Azərbaycanın Türkiyə, Fransa, Gürcüstanda olan səfirliklərində bizim göstərişimizlə M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.Xoyskinin qəbirlərini ziyarət edir və onların xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirlər”.

 

Müstəqil Azərbaycan Respublikasının 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin xidmətlərini xüsusi vurğu­layaraq demişdir: “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənənələri qoyub getdilər”.

 

Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsu­si qiymət verən ulu öndər çıxışında deyir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü”. Heydər Əliyev Azərbaycanın dövlət tədbirlərində mütəmadi olaraq 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılarına xüsusi münasibət bildirir.

 

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusilə dövlət quruculuğu sahəsindəki işləri böyük əhəmiyyət kəsb edir. Hökumət hələ Gəncədə ikən Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar verdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrdə 40 minlik bir nizami ordu təşkil edə bildi.

 

1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan dövlətinin de-fakto tanınmasından sonra Sovet Rusiyasının ona münasibəti kəskin şəkildə dəyişdi. Müstəqil Azərbaycanı Denikinin əli ilə məğlub etmək istəyən Sovet Rusiyası Azərbaycandan tələb edirdi ki, Denikinə qarşı mübarizədə ona müttəfiq olsun. Lakin Azərbaycan rəhbərliyi bundan imtina etdi. Bunun­la bağlı Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə bildirir: “1920-ci ilin əvvəlində Rusiyanın kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın ərazilərinin hamısını ələ keçirməyə başladı. Bunun üçün yenə də Azərbaycan, Bakı xüsusi yer tutur­du. Təsadüfi deyil ki, XI ordu Cənubi Qafqaza öz yürüşünü Azərbaycandan, Bakıdan başladı”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv səbəblərinin təhlilini verən Heydər Əliyev qeyd edir ki, güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi. Mən bir daha deyirəm ki, “Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet qırmızı ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi”.

 

Əsrin əvvəllərində iki ilə qədər fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olun­muş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirən Heydər Əliyev deyir: “Bu gün (18 oktyabr 2001-ci il – A.J.) Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev iki ilədək fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsu­si qiymət verir: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə qiymət verməklə yanaşı, XX əsr Azərbaycan tarixini dövrlərə bölərək deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaran­masından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci–1918-20-ci illər – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci–1920-1922-ci illər – Azərbaycan Sovet So­sialist Respublikasının hakim olduğu illər; üçüncü – 1922-1991-ci illər–Azərbaycanda totalitar recim, kommunist ideologiyası şəraitində yaşadığımız dövr; dördüncü–1991-ci ilin sonundan, dekab­rından başlayaraq Sovetlər İttifaqının da­ğılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən dövrdür.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı mövcud tarixi şəraitə nəzər salan Heydər Əliyev qeyd edir ki, Birinci dünya müharibəsinin başa çat­ması, rus çarizminin süqutu, Rusiyada Oktyabr çevrilişiondan sonra yaran­mış gərgin vəziyyət, sovet hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi Cənubi Qafqazda mövcud olan siyasi qüvvələrin qızğın fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şəraiti təmin etmişdir. Cümhuriyyəti yaratmaq üçün xalqımı­zın qabaqcıl düşüncəli ziyalılara ehti­yacı var idi. XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycandan kənarda təhsil alan kifayət qədər ziyalılarımız var idi. Onların düşüncəsində və amalında Azərbaycanda demokratik bir cəmiyyətin yaranması problemi mövcud idi. Bunun­la bağlı Heydər Əliyev qeyd edir: “Bu ziyalılar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmişXalq Cümhuriyyətini yaratmışdılar”.

 

Heydər Əliyev tarixi şəraitlə yana­şı, XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinə də nəzər salaraq onun xarakteristikasını vermişdir: “Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqa­ları o illərdə yaratdıqları əsərləri ilə xalqımızda milli şüurun oyanması­na, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər”. Azərbaycan Xalq Cümhuriyyətini elan edənlərin fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyev hadisələrin xronoloji baxımından təhlilini verir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəblərini xüsusi vurğulayan Heydər Əliyev bir daha bu məsələyə toxunaraq qeyd edir ki, 1920-ci il aprelin 27-28-də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qo­yulmuşdur. O vaxt, şübhəsiz ki, Xalq Cümhuriyyətinin öz fəaliyyətini davam etdirməsi mümkün olmamışdır. Bunun səbəbləri çoxdur. Güman edirəm ki, tarixçilərimiz bunun səbəblərini doğru-düzgün araşdıracaqlar.

 

1920-ci ilin aprel işğalından son­ra Xalq Cümhuriyyətinin yaradıcı­larından olan M.Ə.Rəsulzadənin və Azərbaycanda sovet rejiminin təşəbbüskarlarından N.Nərimanovun bolşeviklərə olan inamına münasibət bildirən Heydər Əliyev deyir: “Xalq Cümhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutduğu müstəqillik yolu davam edəcəkdir. M.Ə.Rəsulzadə hakimiyyətin bolşeviklərə təhvil verilməsinə ra­zılıq verərkən güman edirdi ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliyini qoruyub saxlayacaq­dır. O vaxt hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətindən təhvil alan azərbaycanlıların bəziləri, o cümlədən N.Nərimanov da belə düşünürdü ki, onlar müstəqil Cümhuriyyəti bolşevik ideologiyası altında saxlaya biləcəklər. Ancaq təəssüflər ki, belə olmadı”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev Cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edərək bildirir ki, “1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurul­ması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik”.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyində Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və 2 illik fəaliyyəti ilə dünya dövlətlərinin sırasına qoşul­muş milli hökumətin fəaliyyətini yüksək qiymətləndirir:Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilmişdir. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparmış, çox maraqlı faktlar meydana çıxmışdır. Bir çox tədqiqat əsərləri nəşr olunmuşdur”.

 

Ulu öndər AXC dövrünün təhlilini verməklə yanaşı, çağdaş Azərbaycan tarixçiləri qarşısında bir çox məsul vəzifələr qoyaraq deyir: “Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcəkdir. Xalq Cümhuriyyətinin yaranması, onun yaran­masına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaqdır”.

 

Bəli, ümummilli lider Heydər Əliyevin arzuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 90, 95, 100 illik yubileyləri dövlət səviyyəsində və xalqın böyük coşğusu ilə qeyd olunmuşdur.

 

Qırx dörd günlük Qarabağ müharibəsində Azərbaycan öz tarixi tor­paqlarını düşmən işğalından azad etdi. Cümhuriyyət dövründən bizə əmanət qa­lan üçrəngli bayrağımız Qarabağda dal­ğalanmaqdadır. Qarabağ Azərbaycandır!

 

Anar İSGƏNDƏROV,

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

 

Xalq qəzeti  2021.- 1 may.- S.3.