Heydər Əliyev – müstəqil dövlətimizin və hüquqi-siyasi sistemimizin qurucu lideri

 

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Beynəlxalq təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o, həm də tarix yazantarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur.

 

 

 

Liderlik amili və qüdrətli Azərbaycan

 

Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə liderlik amili ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrünə nəzər saldıqda görürük ki, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

 

Azərbaycanın müstəqilliyin ilk illərinin siyasi, ictimaiiqtisadi mənzərəsi heç kimə sirr deyil. Azərbaycan vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə destruktiv proseslərin neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi. Ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələri reallaşdırmaqla buna nail oldu.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi

 

Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmiz tərəqqi yoluna çıxaraq tarixi nailiyyətlər əldə etməyə başladı. Beləliklə, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbələri ilə yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.

 

Qeyd etdiyimiz kimi, bundan sonra ölkədə siyasi sabitlik təmin edildi, xaos və kataklizmlərin qarşısı məharətlə alındı. Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı.

 

Müstəqil dövlət quruculuğu Azərbaycanın qüdrətini artırdı, yeni inkişaf perspektivləri yaratdı

 

Bütövlükdə, öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, ümummilli liderin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükdə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi.

 

Azərbaycançılıq ideologiyası milli həmrəyliyi təmin edən mühüm strateji faktor kimi

 

Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan dövlətçiliyinin əsaslarının gücləndirilməsi, milli həmrəylik və bütövlüyün təmin olunması kontekstində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası müstəsna əhəmiyyət kəsb etdi. Məlumdur ki, 1990-cı illərin əvvəllərində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran olub. Köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qalıb. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğu halda, konstruktivlikmilli həmrəylik naminə mövqelərin yaxınlaşdırılması əvəzinə maksimalistlik meyilləri artır, bir-birini inkar formulu təzahür edirdi. Vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başlayıb. Bu, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar olub. Xalqımızın ümummilli liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən strateji faktor olub. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdimilli həmrəylik mənbəyinə çevrildi. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin, birgəyaşayışın ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu universal ideoloji formula olan azərbaycançılıq ideologiyası dayanır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir

 

Bu gün Heydər Əliyev siyasəti onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli maraqlaramüasir çağırışlara uyğun olaraq müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Prezident İlham Əliyev Azərbaycanın dinamik tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli – Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycanın tərəqqisini təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Ölkəmizin xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni, respublikamız tam müstəqil siyasət həyata keçirir. Buna görə də Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir.

 

Nəticə etibarilə, müasir, demokratik və qüdrətli ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir, onu milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.

 

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı

 

Ümummilli liderimizin əsasını qoyduğu praqmatik xarici siyasət kursunun, dərin strateji diplomatiya siyasətinin, ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ictimai-siyasi sabitliyin qorunması, milli həmrəyliyin gücləndirilməsi, ölkənin hərbi qüdrətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi sayəsində Azərbaycan Dağlıq Qaarabağ münaqişəsini həll etməklə tarix yazdı və tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Sentyabr ayının 27-dən başlayaraq, dekabr ayının 1-nə qədər davam edən bu mərhələ, əslində, nəinki Azərbaycanda, bütövlükdə, Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Ona görə də 44 günlük aktiv müharibə fazası və sonrakı günlərdə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni, uzun illərdir davam edən və “Dağlıq Qarabağ problemi” adlandırılan məsələ birdəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi, milli birliyin və bərabərliyin simvoluna çevrildi.

 

Əlbəttə, çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi. Otuz ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi. Ancaq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə idarə etməyi bacardı, qələbəmizi diplomatik-siyasi müstəvidə də möhkəmləndirdi. Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll edilir.

 

Bu gün də Azərbaycan xalqı bu Qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. İlham Əliyev Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər Sərkərdə oldu. Bir sözlə, bütün cəbhələrdə möhtəşəm tarixi qələbənin memarı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

 

Vacib nüanslardan biribudur ki, parlaq qələbə qazanaraq Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu kontekstdə bir sıra məqamlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Əvvəla, Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Sovet İttifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Digər tərəfdən, ölkəmiz böyük bir strateji regionda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerinirolunu müəyyən etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə bilmədilər. Halbuki biz çox radikalaktiv müdaxilə cəhdlərinin də şahidi olduq.

 

Beləliklə, Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda Azərbaycan regionun liderqalib ölkəsi kimi Prezident, müzəffər Ali Baş Komandan və qətiyyətli lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Nəticə etibarilə, yuxarıda sadalanan bütün nailiyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Azərbaycan Prezidenti İlham Əliyev tarixi qələbəmizin birinci qəhrəmanı kimi hər zaman Azərbaycan əsgərini göstərsə də, hamımız bilirik ki, milli güc yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də Prezident İlham Əliyev, sözün əsl mənasında, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimidir.

 

Qürur doğuran haldır ki, müstəqil və qüdrətli Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni nailiyyətlər qazanaraq milli gücünü daha da artırır.

 

Hikmət BABAOĞLU,

 

Milli Məclisin deputatı,

 

 YAP İdarə Heyətinin üzvü,

 

Yeni Azərbaycanqəzetinin baş redaktoru

 

Xalq qəzeti 2021.- 8 may.- S.7.