Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqə

 

 

2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib.

 

Müsabiqəni MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq, müxtəlif alimlərin, araşdırmaçıların Nizami Gəncəvi yaradıcılığına mütəmadi olaraq müraciət etdiklərini, bu yöndə dəyərli tədqiqat əsərləri ortaya qoyduqlarını bildirib, böyük mütəfəkkirin irsindən, onun ölkəmiz üçün önəmindən söhbət açıb. Qeyd olunub ki, dahi şairin yaradıcılığının tədqiq və təbliği dünya səviyyəsində də yüksək qiymətləndirilir. Məmməd Əliyev ölkə Prezidentinin 2021-ci ilinNizami Gəncəvi ilielan edilməsi haqqında sərəncamını bu böyük dühanın yaradıcılığına verilən yüksək dəyər olduğunu iştirakçıların diqqətinə çatdırıb.

 

MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, dahi şairin yaradıcılığı haqqında elmi məqalələr, Nizami yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim edilib.

 

Daha sonra müsabiqənin qalibləri müəyyən olunub və gələcəkdə belə müsabiqələrin davam edəcəyi vurğulanıb. Münsiflər qismində iştirak edən “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayeva və digərləri çıxış edərək Nizami Gəncəvi irsinə verdikləri dəyərə görə və müsabiqənin baş tutmasında əməyi keçənlərə dərin təşəkkürlərini bildiriblər.

 

Sonda professor Məmməd Əliyev Azərbaycan elminin populyarlaşdırılması istiqamətində görülən işlərə dəstək olaraq məqalələrin xarici dillərə tərcümə edilərək bir çox tanınmış elmi jurnallara göndərilməsini tövsiyə edib.

 

Elçin ABBASOV

 

Xalq qəzeti  2021.- 7 may.- S.6.