Türk ədəbiyyatı həftəsi

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş Türk ədəbiyyatı həftəsi davam edir.

 

Türk ədəbiyyatı həftəsinin açılışında Türkiyə Cümhuriyyətinin və Qazaxıstan Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, türk dünyasının iş qurumları, elm adamları və media mənsubları iştirak ediblər.

 

Öncə Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev türk millətinin istiqlal simvolu, Türkiyə Cümhuriyyətinin böyük dövlət xadimi və mütəfəkkir Qazi Mustafa Kamal Atatürkün yubileyinə həsr olunmuş Türk ədəbiyyatı həftəsinin önəmindən danışıb. Qeyd edilib ki, yaşadığı müddətdə Atatürk, təkcə Türkiyənin deyil, bütün türk dünyasının qayğısını çəkib. Onun XX əsrin əvvəllərində başladığı işi davam etdirən ümummilli liderimiz Heydər Əliyev Türkiyəyə və ümumilikdə, türk dünyasına ehtiram əlaməti olaraq, 9 mart 2001-ci ildə sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan, Atatürk irsinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycanda Atatürk Mərkəzini yaradıb.

 

Qeyd olunub ki, Atatürkün xarici siyasətində türk dünyası məxsusi yer tutubqardaş Türkiyə hər zaman Azərbaycana arxa durub.

 

Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycanda türk ədəbiyyatına və tarixinə böyük maraq olduğunu qeyd edib. Akademik bildirib ki, AMEA-da M.K.Atatürkü və ümumilikdə Türkiyə Cümhuriyyətini tədqiq edən onlarca elmi yazılıb.

 

Qonaqlardan Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaş Mustafa Kamal Atatürkün bütün türk dünyasının ortaq dəyəri olduğunu vurğulayıb. Natiq Türkiyəyə, çağdaş Türkiyənin qurucusu, unudulmaz dahi Mustafa Kamal Atatürkə və ümumilikdə türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

 

Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digərləri hər iki xalqın böyük liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kitabxana sahəsinə göstərdiyi etimad və qayğıdan, türk xalqlarının qədim tarixi köklərindən, ölkələrarası səmimi dostluq və qardaşlıq münasibətlərindən, bu sarsılmaz birlikdə Türkiyə kitabxanaları ilə əlaqələrin inkişafından söhbət açıblar. Kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin ortaq türk tarixinin yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyi qeyd edilib.

 

Tədbirdə, MEK tərəfindən hazırlanan Atatürkün ictimai-siyasi fəaliyyətini, mənalı ömür yolunu özündə əks etdirən kitablardan ibarət videoslayd nümayiş olunub.

 

Daha sonra MEK-in fondlarında qorunan Mustafa Kamal Atatürkün həyatı, fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən 100-dən artıq dəyərli və maraqlı nəşrlərə baxış keçirilib.

 

Məlumat üçün deyək ki, tədbir mayın 23-dək davam edəcək.

 

Elçin ABBASOV

 

Xalq qəzeti 2021.- 22 may.- S.14.