2020-ci ildə bütün dünya Azərbaycanın qüdrətinin bir daha şahidi oldu

 

Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik...

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

2020-ci il bizim leksikonumuzdan “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsini çıxartdı. Artıq bu münaqişə yoxdur. Dövlətimiz, ordumuz və xalqımız həmin münaqişəni necə həll edilməli idisə, o şəkildə də həll etdi. Artıq “status-kvo” da yoxdur. “Təmas xətti” də yoxdur, Azərbaycan – Ermənistan sərhədləri var. “Danışıqlar davam edir” imitasiyası da keçən illərdə qaldı. “Həmsədrlər tərəfləri öz aralarında güzəştə getməyə çağırır” kimi absurd, cəfəng, məzmunsuz bəyanatlar da o biri ifadələrin dalınca getdilər və qayıtmayacaqlar. Çünki Azərbaycan ərazilərinin 20 faizini tarixin heç bir dönəmində, heç bir ölkədə görünməmiş səviyyədə xarabazara çevirmiş vəhşi qəbilələrə hansı güzəştlər edilə biləcəyini həmin tezisin müəllifləri də bilmirdilər.

 2020-ci ildə bütün dünya Azərbaycanın qüdrətinin bir daha şahidi oldu

Amma mətbuatımızın leksikonuna “Füzuli – Şuşa yeni avtomobil yolu”, “Azərbaycan tankları Xankəndidə daha möhtəşəm görünür”, “Televi­ziya əməkdaşları Hadruta çəkilişə getdilər”, “Şuşada əsgərlər üçün konsert verildi”, “Suqovuşandan ətraf ərazilərə su verilməsinə baş­lanıldı” kimi yeni ifadələr daxil oldu və biz bu tendensiyanın uğurla davam edəcəyinə və daha da genişlənəcəyinə tam əminik. Çün­ki bu, Azərbaycan Prezidentinin qətiyyəti, silahlı qüvvələrimizin hünəri, xalqımızın əzmi və iradəsi, dövlət büdcəmizin imkanları deməkdir.

Türkiyəli həmkarlarımız yazırlar ki, Azərbaycanın 2020-ci ilin son baharında gerçəkləşdirdiyi 44 günlük əməliyyatlar regiondakı və dünyadakı separatçılıq əməllərinin qarşısının alinması yollarını göstərdi. Rusiyalı politoloqların fikrincə, Azərbaycan həmin əməliyyatlarla təkcə öz ərazi bütövlüyünü təmin etmədi, həm də regionun böyük ehtiyac hiss etdiyi “in­kişaf naminə əməkdaşlıq” platforma­sına zəmin yaratdı. Azərbaycan Ordu­su ifadəsini olduğu kimi yox, “İlham Əliyevin əsgərləri” şəklində yazan erməni ekspert Akop Badalyan isə acınacaqlı bir etiraf dilə gətirdi: “İlham Əlievin əsgərləri bizi 200 illik yuxudan oyatdılar. Bizə iki əsr yalan və nağıl danışanlardan fərqli olaraq onlar bizə reallığı göstərdilər. Bəs bizim nağılda­nışanlar da oyandılarmı?”

 

Bütün bunlar müasir Azərbaycan reallıqlarının cüzi bir hissəsidir. Həmin reallıqların daha mükəmməl və möhtəşəm nümunələrini isə xalqımız, dostlarımız və bədxahlarımız, məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dilindən eşitdilər. Dövlət başçımız 2020-ci ilin yekunları­na həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində çox məqamlardan, həm də açıq və konkret şəkildə söz acidı.

Bu zəfər 30 ilin əsas yekunudur

Dövlət başçımız xatırlatdı ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımı­zın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi: “Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonu­muzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qay­tardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq”.

Amma nəinki Ermənistan rəhbərliyi və onlara havadarlıq edənlər, hətta özünü beynəlxalq aləmdə söz sahibi hesab edən qüvvələr də Azərbaycanın haqq səsini eşitmirdilər. Biz o səsi dünyaya eşitdirdik.

Qələbəmiz tarixdə əbədi qalacaq

Dövlət başçımız belə dedi və əlavə etdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaya­caq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə bax­mayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər”.

Bəs anti-türk, anti-Azərbaycan, anti-islam dairələrin açıq, gizli, xəyanətlərlə yoğrulmuş dəstəyi Ermənistana nə verdi? Təbii ki, heç nə. Siyasətimizin və hərbi gücü­müzün qarşısında həmin dəstəklər sıfıra bərabər oldu: “ Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl et­dim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu”.

Düşmən təxribat və təhriklərdən əl çəkməsə...

Yeni ilin ilk günlərində məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Ermənilik xəstəliyinin sağalmaz fəsadlarından əziyyət çəkən bu adamlar sözün həqiqi mənasında öz xalqlarının düşməninə çevriliblər. Dövlət başçı­mızın bir neçə il qabaq dilə gətirdiyi “Erməni əsgəri ölmək istəmirsə, onun Qarabağdaişi var?” – sualından sonra erməni ziyalıları yazmışdılar ki, erməni əsgəri ölmək istəmir, onu zorla Qarabağa – ölümə göndərirlər.

Onu başa düşdük. Əsgəri zorla göndərirdilər. Bəs qaniçən xalqın quldur dövlətinin baş diplomatını oraya kim göndərir? Dövlət başçımız bu məsələyə çox sərt reaksiya verdi: “ Sənin oradaişin var? Müharibə onların yadından çıxmasın. Unutma­sınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.

Xatırladaq ki, indi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Belə bir vaxtda diplomatın təxribatla məşğul olması keçinin çomağa sürtünməsindən başqa bir şey deyil.

Funksiyanı unutma ki...

Azərbaycanın qalibiyyət döyüşündən əvvəlki illərdə rusiyalı diplomat və dövlət rəsmiləri deyirdilər ki, biz tərəflərin hər ikisinə sərf edən həll variantının tapılması üzərində işləyirik. Açığı, həmin tezis tərəflərin hər ikisində narahatlıq və hətta narazılıq hissləri yaradırdı. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün apardığı hərbi əməliyyatların məlum məqamında, sözün həqiqi mənasında, tərəflərin hər ikisinə sərf edən həll variantı ortaya çıxdı.

Rusiya Prezidentinin vasitəçiliyi ilə imzalanmış 10 noyabr bəyanatının icrası zamanı Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, ermənilər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşamaq hüququnu qo­ruyurlar. Yəni həmin bəyanat ərsəyə gəlməsəydi, Xankəndidə yaşayan ermənilər də Cəbrayıl, Qubadlı və Suqovuşanda yaşayan soydaşları­nın aqibəti ilə üz-üzə qalacaqdılar. Deməli, həmin bəyanat tərəflərin hər ikisinə sərf edir və hər kəsin üzərinə müəyyən funksiyalar qoyurdu.

Çox təəssüf ki, erməni tərəfi kimi, oraya yerləşdirilmiş sülhməramlılar da bəzən öz funksiyalarını özfəaliyyət şəklində “artırırlar” və ona görə də Azərbaycan Prezidentinin iradlarını eşitməli olurlar: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Bax­mayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki, noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuq­dur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir”.

Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır

Təkcə qələbədən sonra deyil, geridə qalan on illər boyu da hamı bilirdi ki, Ermənistan 30 il bizim suyumuzu kəsərək 100 min hektar torpağı susuz qoymuşdu. Unudurdular ki, onların işğal atında saxladıqları Sərsəng və Suqovu­şan su anbarları 70-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdi.

Bütün tarixi unutduqları kimi bu faktı da unudan ermənilər Azərbaycanın suyunu kəsmişdilər. Biz isə dövlət başçımızın dediyi kimi heç vaxt on­ların səviyyəsinə düşməməliyik və düşməmişik. Prezident xatırladır: “Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaq­lar... Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalan­mayıb”.

Region inkişafa doğu gedir, bəs Ermənistan?

Bəli, noyabrın 10-da imzalanmış bəyanat region ölkələrinin gələcək fəaliyyəti üçün əsas olmalıdır inanırıq ki, olacaq. AzərbaycanRu­siyaTürkiyə, AzərbaycanRusiyaİran, AzərbaycanTürkiyəGür­cüstan əməkdaşlıq platformaları regi­on ölkələrinin hərtərəfli inkişafına öz töhfələrini verəcək. Əgər Ermənistan da işğalçılıq seperatçılıq əməllərindən əl çəkərək bu əməkdaşlıq platformalarına qoşularsa, onda həmin ölkənin əhalisi normal insan kimi yaşayacaqdır. Bunu hamı bilir. Ermənilər həmçinin. Qalır vəziyyəti normal məcraya yönəltmək üçün müvafiq addımlar atılması. İrəvan belə addımları atacaqsa da, atmayacaqsa da, öz işidir. Biz isə haqq yolumuz­dan dönməyəcəyik. Çünki Qarabağ Azərbaycandır!

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2021.- 10 yanvar.- S.1;2.