Ulu öndər Heydər Əliyevin ana dili sevgisi hər bir soydaşımız üçün örnəkdir

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün ən önəmli və unudulmaz hadisələrindən biri onun təşəbbüsü və iradəsi ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş respublika konstitusiyasında ana dilimizə dövlət dili statusu verilməsi olmuşdur. Məhz bundan sonra ictimai-siyasi həyatdan sıxışdırılmaqda olan Azərbaycan dili geniş işləklik qazanmış, bu proses milli varlığımızı qoruyub yaşatmağın baş xəttinə çevrilmişdir. Təsadüfi deyildi ki, 13 il sonra dövlət müstəqillik qazananda artıq ana dili cəmiyyət həyatında hakim dil səviyyəsinə yüksəlmişdi.

 

Dünya Azərbaycanlılarının V Qurultayı ilə eyni vaxta düşən bu tarixi hadisənin – xalqımızın qeyrətli oğlu Heydər Əliyevin müstəsna səyləri ilə doğma Azərbaycan dilinin ölkəmizdə kostitusion əsasla dövlət dili statusu almasının 44-cü ildönümü münasibətilə mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ağağıdakıları bildirdi: – Dünya Azərbaycanlılarının V Qurultayı kimi ümummilli bir məclisin yer üzünün hər yerində milli birliyimizin və həmrəyliyimizin əsasında dayanan ana dilimizin ölkəmizdə dövlət dili statusu almasının növbəti ildönümü ilə eyni vaxta düşməsi olduqca əlamətdar və ikiqat sevincli hadisədir. Bu gün 50 milyonluq xalqımızın milli-mənəvi dünyasının əsas göstəricisi və ən yüksək dəyəri ümummilli ünsiyyət vasitəsi olan Azərbaycan dilidir.

 

Bizi bütün dünyada tanıdan və yaşadan məhz min illərdən bəri formalaşıb ümumxalq ünsiyyət vasitəsi olan və zəmanəmizdə dövlət dili səviyyəsinə yüksələn ana dilimizdir. Bu mənəvi sərvət tarixin sərt sınaq və mübarizələrində babalarımızın qanıcanı bahasına qorunub-yaşadılmış, günümüzə çatdırılmışdır. Bu gün dünyanın əksər guşəsində yaşayan soydaşlarımızın təmsilçilərini müstəqil Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkib gətirən, bir salonda ümummilli hədəflərin müzakirəsinə toplayan da məhz ana dilimizə olan sevgi və qırılmaz bağlılıqdır. 

 

Ulu öndər Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi lider kimi fəaliyyətinin təməlində milli-mənəvi dəyərlərimizə sədaqət, bu sferanın qorunub zənginləşdirilməsinə ali səviyyədə qayğı və diqqət aparıcı yer tutmuşdur. Sovet hakimiyyəti illərində bu məsələ nə qədər çətin olsa da, ümummilli lider bu taleyüklü vəzifəni böyük məharətlə gerçəkləşdirmişdir. Azərbaycan dilinin cəmiyyət həyatında geniş işləkliyinin təmin edilməsi və dövlət dili kimi inkişaf etdirilməsi də daim böyük rəhbərin diqqət mərkəzində olmuşdur.

 

Xalqını, Vətənini və doğma dilini əsl övlad məhəbbəti ilə sevən və bu ali dəyərlərə ən yüksək səviyyədə xidmət göstərən ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinəlik dövrdə ana dilinin qorunmasına, inkişaf etdirilməsinə, davamlı olaraq zənginləşdirilməsinə, bu sahə üzrə çoxsaylı mütəxəssislər hazırlanmasına xüsusi qayğı ilə yanaşır, bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi.

 

1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Bu ondan irəli gəlmişdi ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, əksər respublikaların rəhbərləri millətçilik qınağına tuş gəlməmək üçün ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək yerli dilin dövlət statusu qazanması məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu tarixi nailiyyət o zaman ümummilli liderin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri olmuşdu. Azərbaycan lideri bu addımı ilə milli varlığımızın əsas təminatçısı olan ana dilimizi məharətlə qorumuş oldu.

 

Ana dilimizə ulu öndərin bu qədər dəyər verməsi, onun qorunması üçün bütün çətinliklərə baxmayaraq, mübarizə aparması yaxınlaşmaqda olan dövlət müstəqilliyimizi qabaqcadan görə bilməsindən və bu hədəfin əsaslarının yaradılmasını zəruri saymasından irəli gəlirdi. Bir sözlə, respublika rəhbəri Azərbaycan dilinin qorunması və inkişafı üçünmümkün idisə, hamısını ardıcıl surətdə edirdi. O illərdə Azərbaycanda dilçi alimlərə yüksək hörmət və qayğının göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

 

Bütün bunlar barədə danışarkən 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı aparılan ciddi müzakirələri və irəli sürülən müxtəlif təklifləri də yada salan AHİK sədri daha sonra söylədi:

 

– O zaman bir qrup naşı siyasətbazdan və idealist-romantik düşüncəli ziyalıdan savayı böyük əksəriyyət ulu öndərin ana dilimizin Azərbaycan dili adlandırılması barədə əsaslı mövqeyini dəstəkləyirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil dövlətin ilk Konstitusiyasının 21- ci maddəsində dövlət dilinin Azərbaycan dili adı ilə yer alması ana dilimizin inkişafı və qorunması ilə bağlı Prezident İlham Əliyevin yeritdiyi ardıcıl, prinsipial siyasətin daha bir qələbəsi oldu.

 

Son 19 ildə ulu öndərin gördüyü işləri digər sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişafı istiqamətində də sədaqətlə davam etdirən möhrərəm Prezidentimiz İlham Əliyevin gerçəkləşdirdiyi kompleks tədbirlər sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bugünkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları ana dilimizin qədim tarixini, inkişafının bugünkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir.

 

Dünən keçirilən Şuşa qurultayında Prezident İlham Əliyev üstün ümummilli hədəflər sırasında millimənəvi dəyərlərimizin qorunubzənginləşdirilməsinə də xüsusi diqqət yetirdiyini vurğulayn Milli Məclisin deputatı Səttar Möhbalıyev sonda dedi:

 

–Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında qeyd etdi ki, dünyanın hər yerində yaşayan soydaşımız milli dəyərlərimiz sırasında, ilk növbədə, Azərbaycan dilini qoruyub saxlamaq üçün milli məktəblər açmaq kimi zəruri vasitələrdən istifadə etməlidirlər: “Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək”. Ulu öndər Heydər Əliyevin ana dilinə olan sevgi və qayğısı bu gün hər bir azərbaycanlı üçün əsl örnəkdir. Bu müqəddəs vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək üçün ən dəyərli milli sərvətimiz olan Azərbaycan dilini göz bəbəyimiz kimi qorumalıyıq. Dünya Azərbaycanlılarının növbəti Şuşa qurultayında, eyni zamanda, ümummilli vəzifə sayılan bu məsələ başlıca hədəflər sırasında yer aldı.

 

Hazırladı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2022.- 23 aprel.- S.6.