Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş nəşr

 

Bəstəkar Tofiq Bakıxanovun birpərdəli üç baleti bir kitabda

 

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq qurumunun qərarı ilə bu günlərdə nəşr olunanTofiq Bakıxanov – Xeyir və Şər” adlı birpərdəli baletlər toplusu ulu öndər Heydər Əliyevin deyimi ilə açılır: “Tofiq Bakıxanov tarixi keçmişimizdə xalqımızın elmi və mədəni həyatında şöhrət qa­zanmış, öz nəslinin ənənələrinin layiqli davamçısı olaraq, Azərbaycan musiqi mədəniyyətinə öz dəyərli töhfəsini vermişdir.”

Kitabda öncə bəstəkarın fəxri adları və mükafatları haqqında yığcam məlumat verilir. Sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın bəstəkarın həyat və yaradıcılığı barədə əhatəli araşdırması və “Xeyir və Şər” baleti haqqında elmi məqaləsi təqdim olunur. Sonra Tamella Şirəliyevanın librettosu əsasında yazılmış baletin klaviri verilir. Xatırladaq ki, balet ilk dəfə 1991-ci ildə səhnəyə qoyulmuşdur.

Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin redaktəsi ilə ərsəyə gələn kitabda verilən ikinci balet bəstəkarın 1968-ci ildə premyerası olmuş, Xəzər neftçilərinin həyatından bəhs edən “Xəzər balladası”dır. Əsərin klaviri görkəmli tərcüməçi Səyavuş Məmmədzadənin təqdimatı və Zemfira Qafarovanın elmi məqaləsindən sonra verilir.

Bəstəkar kitabda verilən üçüncü səhnə əsərini – “Şərq poeması”nı görkəmli rus şairi Sergey Yeseninin Bakıda qələmə aldığı “Fars motivləri” silsiləsi və şairin digər poeziya nümunələri əsasında yazmışdır. Oxuculara bu balet haqqında da Səyavuş Məmmədzadənin və Zemfira Qafarovanın dəyərli fikirləri təqdim olunur. Xatırladaq ki, bu əsər 1976-cı ildə yazılsa da, səhnəyə 1988-ci ildə qoyulmuşdur. 2015-ci ildə – bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə isə hər üç balet birlikdə və yeni redaksiyada səhnələşdirilmişdir.

Kitabın sonunda bəstəkarın son iki ildə layiq görüldüyü mükafatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun və digər rəsmilərin bəstəkara müxtəlif mükafatları təqdim etməsi zamanı çəkilən fotolar da yer almışdır.

Əlavə edək ki, Tofiq Bakıxanov Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli, “Humaymilli mükafatı laureatıdır. Bəstəkar 8 simfoniya, 5 simfonik muğam, 6 simfonik poema, müxtəlif musiqi alətləri üçün 25 konsert, 26 sonata, 3 birpərdəli balet, bəstəkar Nəriman Məmmədovla birlikdə qələmə aldığı 3 operetta və 100-dən artıq mahnının müəllifidir. O, Azərbaycanda tanınmış musiqiçilər nəslinin nümayəndəsidir. Atası Azərbaycanın Xalq artisti, tanınmış tar ifaçısı Əhməd Bakıxanov dahi Üzeyir Hacıbəylinin yaxın dostu olmuşdur.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə “Bəstəkar Tofiq Bakıxanovun balet yaradıcılığı” adlı kitab da çapdan çıxmışdı. Kitab görkəmli sənətkarın 90 illik yubileyinə həsr olunmuşdu.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2022.- 5 avqust.- S.11.