Şuşa ictimai fikir mərkəzinə çevrilir

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğalçılardan azad etdi. Şuşanın iş­ğaldan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də, taleyinə ciddi təsir göstərdi, hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də ölkəmizin uğurlarını şərtləndirdi və Zəfər Günü kimi Azərbaycan tarixinə yazıldı.

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən, 8 Noyabr – Zəfər Günü bayramlar sırasına daxil edildi və Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı – Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, ölkəmizin ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuzun rəşadəti sayəsində işğaldan azad edildi.

Prezident İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haberteleviziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz ya­rımçıq olar. Ona görə, təbii ki, Şuşanın iş­ğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalış­malıyıq, biz buna nail olmalıyıq”.

Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, eyni zamanda, o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq tələsmədən Şuşanın tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı, dövlətimizin başçısı vaxtilə Vaqif Poeziya Günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdı ki, Şuşada Vaqif Poeziya Günləri bərpa edilməlidir, “Xarıbülbül” festivalı bərpa olunmalıdır.

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən dövlət başçımız son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixiunudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişuzun fasilədən sonra noyab­rın 8-də Şuşada Azərbaycan Bayrağı qal­dırılmışdır:Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu tor­paqları bizə elə-belə verməyib. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Prezident bildirdi ki, Şuşanın bərpası, dirçəldilməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlətimizin başçısı bildirmişdir ki, mütəxəssislər – memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalıdır və Şuşada yaşayacaq soydaşları­mız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar: Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsinmüasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haq­qında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamda vurğu­lanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşma­sı, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda – Azərbaycanın mədəniyyət paytaxtı Şuşa­da, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtına, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır. Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzaladı.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan–Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

2021-ci il avqustun 29–30-da Şuşada bir sıra tədbirlər keçirildi və şəhərin baş pla­nı təqdim olundu. Qeyd etmək vacibdir ki, 1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə böyük təntənə ilə açılmış dahi Azərbaycan şairiictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edildikdən sonra dağıdılmışdı. Avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olduşairin öz evinin yerindəki büs­tü də yenidən ucaldıldı. Eyni zamanda, Azərbaycan musiqi mədəniyyətinin inkişa­fında böyük xidmətlər göstərmiş, profes­sional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərlə tanışlıq, həmçinin dağıdılmış heykəlinin, eləcə də vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu.

2021-ci il avqustun 30-da isə 39 il əvvəl – 1982-ci ildə ilk dəfə keçirilmiş Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə yenidən təşkil olundu. Həmin gün Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, eləcə də bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri keçirildi. Bununla yanaşı, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgi nümayiş olundu.

2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Xatırladaq ki, 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılmış heykəli 1992-ci ildə Bi­rinci Qarabağ müharibəsi zamanı tamamilə məhv edilmişdi. Artıq işğaldan azad edilmiş Şuşa şəhərində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Azərbaycanın mədəniyyət paytaxtında öz əvvəlki yerində ucaldılmışdır.

2022-ci il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları müzakirə ob­yekti oldu. Bununla yanaşı, aprelin 28-də Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” Beynəlxalq Forumunda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər. Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən icla­sında Şuşa şəhəri 2023-cü il üçünTürk dünyasının mədəniyyət paytaxtı” seçildi.

Qeyd etmək lazımdır ki, 2022-ci il aprelin 22–23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurulta­yının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Qeyd etmək lazımdır ki, Zəfər qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 adamı iştirak etmişdir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tari­xi Qələbə, xüsusilə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatikinformasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular ara­sında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı.

Prezident İlham Əliyevin İkinci Qa­rabağ müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Qurultayında konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

Dövlət başçımız Şuşada keçirilən qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etdi ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi – mənim üçün Prezi­dent kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan Prezident dedi: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımız­dayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Azərbaycan Prezidenti qurultayın açılışında qeyd etdi ki, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.

Bununla yanaşı, Şuşada keçirilən tədbirlər ermənilərin işğal vaxtı törətdikləri vandalizm aktları, xüsusilə tarixi memarıq abidələrimizin vəhşicəsinə dağıdılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.

Bu mənada, 2022-ci il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları müzakirə obyekti oldu. Bununla yanaşı, aprelin 28-də Şuşada keçirilən “Cənubi Qaf­qaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər. Vacib platfor­ma kimi mühüm əhəmiyyət kəsb edən Şuşa forumunda postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə nail olmaq imkanları panel iclaslarında geniş müzakirə edildi.

2022-ci il mayın 12–15-də Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa ili”ndə keçirilən, eləcə də Heydər Əliyev Fondu, Mədəniyyət NazirliyiŞuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuş, həmçinin üç gün davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin qatılması Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi.

2022-ci il mayın 18-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament As­sambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Şuşaya səfər etdilər. Eyni zamanda, 2022-ci il mayın 19-21-də Şuşa şəhərlərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişafmövzusunda beynəlxalq konfrans, iyulun 9-da Azərbaycan Res­publikasının diplomatik xidmət orqan­larının rəhbərlərinin müşavirəsi, iyulun 22-də isə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi.

Tarixistrateji baxımdan Şuşanın Azərbaycan üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini bildirən ümum­milli lider Heydər Əliyev demişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilinŞuşa ilielan edilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və forma­laşdırdığı özünəməxsus mühiti həmişə qoruyub-saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiicti­mai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Möhtərəm Prezidentimiz bildirmişdir ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır”.

 

Elçin ƏHMƏDOV,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti.- 2022.- 14 avqust.- S.8.