Qisas” əməliyyatı ciddi xəbərdarlıq mesajıdır

 

Avqustun 3-də Qarabağda yenidən “at oynatmaqistəyən erməni terrorçu-separatçı quldurların bir daha burnu ovuldu. Laçında şəhidlik zirvəsinə ucalan Azərbaycan əsgərinin qisası elə həmin gün, özü də artıqlaması ilə alındı. Qarşı tərəfə xəbərdarlıq edildi ki, bundan sonrakı təxribatların qarşısı daha sərt tədbirlərlə və qətiyyətlə alınacaq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı ordumuzun daim gücləndiyini bildirmiş, qarşı tərəfdəki mənasız revanşizm ritorikasını nəzərdə tutaraq demişdi ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Amma məğlub Ermənistan bundan nəticə çıxarmayaraq sərhəddə silahlı təxribatlar törətməkdə, Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutmaqda davam etmiş, məlum bəyanatların müddəalarının yerinə yetirilməsini hər vasitə ilə yubatmağa çalışmışdır. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, sülhyaratma prosesində hər hansı müsbət məqamın olmadığını təəssüflə qeyd etmişdir: “Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyanatı faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları -- Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb -- necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, bizişimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

Bəli, nəhayət, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti silahlı təxribatına Laçında Milli Ordumuzun əsgəri Anar Kazımovun öldürülməsinə Azərbaycan konkret cavab verdi. Özü də haqlı olaraq bu cavabı ”Qisas” əməliyyatı adlandırdı. Cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yol­larının çəkilməsi üzrə mühəndis işləri görülür. Qeyri-qanuni silahlı ünsürlərin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, düşmənin xeyli canlı qüvvəsi məhv edildi və yaralandı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarıldı.

Qeyd edək ki, Azərbaycan tərəfi bizi əsassız şəkildə “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-in bu hadisələrlə bağlı yalanla dolu 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edib. Şərhdə bildirilir ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyil: “Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Maraqlı cəhət budur ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair bizdə olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il iyunun 29-da hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyulun 19-da verdiyi müsahibədə “Ermənistan silahlı qüvvələri bölmələrinin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı kontingentini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

Azərbaycan XİN yaşanan son gərginliyin əsas səbəbini məhz qeyri-qanuni erməni silahlılarının hələ də bizim ərazilərində mövcudluğu və təxribatlara əl atması ilə əlaqələndirib. Vurğulanıb ki, 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir. Ermənistan XİN-in diqqətinə çatdırılıb ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə uzun aylardan bəridir ki, aparılır və qarşı tərəf bu yolla bağlı yetərincə məlumatlıdır. Əgər ermənilər üçtərəfli bəyanatın digər müddəaları kimi, bu öhdəliyin də icrası­na məhəl qoymursa, bu, bir daha onların öz xislətlərinə xas qeyri-konstruktivliyini və məsuliyyətsizliyini göstərir.

Bütün dünya bilir ki, aqressiya sərgiləyən kimdir. Hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan hədər yerə indi özünü “mələk donunda” təqdim etmək istəyır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistanın baş naziri Nikol Paşinyan son gərginliklə bağlı hökumətin iclasındakı çıxışında deyib ki, 10 noyabr 2020-ci il Bəyanatını öz qələbəsi sayan Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Onun fikrincə, hay hökuməti öhdəlikləri yerinə yetirib. Azərbaycan isə “Dağlıq Qarabağ”ın (red: separatçı rejimin) mövcudluğunu tanımalı; Qarabağda “təmas xəttinin” mövcudluğuna hörmət etməli; Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmalıdır (?!). Əlbəttə, bu həyasızlıq biabırçı 10 noyabr kapitulyasiyasından sonra Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir.

Azərbaycan 10 noyabr Bəyanatında heç bir öhdəlik götürməyib. Bəyanatın mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur, eyni zamanda, “təmas xətti” ifadəsi Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib. Rusiya sülhməramlı kontin­gentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idibununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orada məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər.

Qondarma “Artsax”ın mövcudluğunu tanımaq tələbi 10 noyabr bəyanatından imtina etmək və münaqişəni alovlandırmaq niyyətidir. “Separatçı qurumu” tanımaq haqda sərsəmləmələr Paşinyanın özünün və RF Prezidenti Vladimir Putinin imzasına hörmət etmədiyini, acı məğlubiyyətdən ibrət götürmədiyini, eyni zamanda, İrəvanda onu devirmək istəyənləri hədəfdən yayındırmaq üçün manevrlər etdiyini göstərir. Xatırladaq ki, Ermənistan rəhbərliyi 2020-ci ilin ortalarında Azərbaycana qarşı 7 tələb irəli sürmüşdübu tələbləri Azərbaycan 44 günlük Zəfər yürüşü ilə, “Dəmir yumruq” hesabına birdəfəlik rədd edərək cəhənnəmə göndərib. Paşinyan həmin rüsvayçı məğlubiyyətdən sonra yenə hansısa məntiqsiz “tələblər” dilə gətirməklə Ermənistan dövlətinin mövcudluğunu şübhə altına alacağının fərqində deyilmi?

Erməni həyasızlığının mahiyyəti hər zaman suları bulandırmaqdan və lehmə içində balıq tutmaqdan ibarət olub. Bir neçə gün əvvəl Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsini bəzi erməni mənbələri gülməli bir şəkildə Rusiyanın Müdafiə naziri Sergey Şoyquya (?!) “hörmətsizlik” kimi qələmə vermək istəyiblər. Hədəfi məlum olan bu aravurma və “qızışdırma” cəhdi el dilində söylənən “qaşınmayan yerdən qan çıxarmaq” məsəlini yada salır. Bəs, Rusiya hərbçilərinin başı üstündən bizə tərəf atəş açmaq və əsgərimizi öldürmək, elə həmin Şoyqunun sülhməramlılarına qarşı saymazlıq, Rusiyanın nüfuzuna etimadsızlıq nümayişi deyilmi?

Onu da deyək ki, dünən Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirildiyi kimi, 3 avqust silahlı insidentindən bircə gün keçməmiş, ağılları başlarına gəlməyən erməni silahlı birləşmələri mövqelərimizi düz 12 dəfə atəşə tutublar. Basarkeçər tərəfdən ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərimiz fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşlərə məruz qalıb. Adekvat tədbirlərlə düşmən susdurulub. Görünən budur ki, qeyri-qanuni erməni silahlı dəstələri terror-təxribat əməllərindən əl çəkmirlər. Azərbaycan ərazisində baş verən insidentlərin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarından qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Qisas” əməliyyatının mühüm əhəmiyyəti ermənilərə bir daha güclü “qulaqburması” olması baxımından önəmlidir. Qoy, onların “nadinclik”lərinə loyal yanaşan, Qarabağ separatçılarına maliyyə ayıran, “bizsiz işiniz çətin olacaq, çağırın, gələk” mesajları verən pərdəarxası güclər bilsinlər ki, qalib Azərbaycanla hədə-qorxu dilində danışmaq olmaz. Onlar İrəvandakı revanşistlərə, Qarabağdakı terrorçulara “dəstəvuz” verməkdən nə qədər tez çəkinsələr, daha yaxşı olar. 2020-ci ilin dekabrında, 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından bir ay sonra HadrutaŞirak terrorçu dəstəsi”ni yollayaraq gərginliyi tətikləmək planı quranlar onların son aqibətini nə tez yaddan çıxardılar? “Ermənistanın sərhədi bizimçün qırmızı xətdir”, – deyərək Zəngəzur dəhlizinin açılmamasını istəməyən anti-Azərbaycan qüvvələr də terrorçu dəstələri həvəsləndirməklə heç nəyə nail ola bilməyəcəklər.

Nəhayət, həddini aşan ermənilərə bir daha xatırladaq ki, nəinki Qarabağ, həmçinin Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan topaqlarıdır. Dövlətimizin başçısı cənab İlham Əliyev də bunu dəfələrlə qeyd edib. Biz azərbaycanlılar bu əraziləri öz dədə-baba torpaqlarımız sayırıq, tarixi həqiqət də belədir. Eyni zamanda, bu faktlar arxivlərdə -- bütün xəritələrdə, sənədlərdə öz təsdiqini tapıb. Bir millət, xalq olaraq haqqımız var ki, Qərbi Azərbaycan torpaqlarına geri dönək. Umutmasınlar!

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 6 avqust.- S.6.