Azərbaycanda elmin yüksələn xətlə inkişafı istiqamətində yeni mərhələnin əsası qoyulur

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı müasir dövrdə ölkəmizdə elmin cəmiyyətdə statusunun müəyyən edilməsi, maliyyələşdirilməsi, eləcə də elm və təhsilin bir-biri ilə daha sürətli inteqrasiyası istiqamətində əhəmiyyətli addım olmaqla yanaşı, həm də beynəlxalq təcrübəyə əsaslanaraq ölkəmizdə elmin inkişafı istiqamətində kompleks islahatların aparılması, mühüm nailiyyətlərin əldə edilməsi üçün geniş perspektivlər açacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova söyləyib. O bildirib ki, Elmin İnkişafı Fondu əsas etibarilə təbiət, texniki, humanitarictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmağı hədəfləyir. Dövlətimizin başçısının imzaladığı yeni Fərman da məhz bu kimi mühüm vəzifələrin uğurla həyata keçirilməsinə təkan verəcək, Azərbaycanda elmin dünya təcrübəsinə əsaslanaraq maliyyələşdirilməsi, elmlə məşğul olan şəxslərin əməyinin yüksək səviyyədə qiymətləndirilməsi üçün yeni imkanlar yaradacaq. Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı səlahiyyətlərin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi Azərbaycanda elmi-texniki potensialı qorumaqinkişaf etdirmək, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə etmək, sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltmək və dövlətin elmi informasiyainnovasiya ehtiyatlarını artırmaq baxımından son dərəcə vacibdir.

Mehriban İmanova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı Fərmanın əhəmiyyətini vurğulayıb. Bundan sonra AMEA-nın Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyinə, bu iki qurumun birlikdə dövlətimizin inkişafına mühüm töhfələr verəcəyinə, dünyanın aparıcı universitetləri, tanınmış elm və təhsil ocaqları ilə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib.

Elm və təhsilin vahid mərkəzdən - Elm və Təhsil Nazirliyi formatında idarə olunması dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş təcrübədir”, - deyə icraçı direktor qeyd edib. Bildirib ki, bu Fərmanın icrası ilə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, gənclərin nüfuzlu xarici universitetlərdə təhsil imkanlarının yaradılması sahəsində ciddi uğurlar əldə ediləcək, alim və mütəxəssislər yeni hədəflərə çatmaq, dünya elminin tələblərinə cavab vermək üçün daha əzmlə çalışacaq. Həmçinin gənc alimlərin müxtəlif sahələrdə ölkə elminin potensialını gücləndirməsi üçün stimul yaranacaq, Elmin İnkişafı Fondu da öz növbəsində gənclərin öz bilik və bacarıqlarını reallaşdırmaları, əldə etdikləri elmi nailiyyətləri təcrübədə tətbiq etmələri istiqamətində fəaliyyətini gücləndirəcək.

Fərmanı son illər ölkəmizdə elmin və təhsilin inteqrasiyası istiqamətində atılmış ən mühüm, islahat yönümlü addımlardan biri kimi qiymətləndirən icraçı direktor Elmin İnkişafı Fondu adından Azərbaycan elmi və təhsilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu deyib, artıq bu vəzifələrin yeni xarakter aldığını, Fondun imkanlarından daha səmərəli istifadənin zərurətə çevrildiyini söyləyib.

“Fəaliyyətə başladığı ilk gündən etibarən elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən, Azərbaycanda elmi tədqiqatların stimullaşdırılması işini həyata keçirən, qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləyən Elmin İnkişafı Fondu da ölkəmizdə aparılan islahatlara uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan elminin tərəqqisi, eləcə də alim və ziyalılarımıza dəstək yolunda inamla addımlayacaq”,- deyə Mehriban İmanova bildirib.

 

Xalq qəzeti.- 2022.- 4 avqust.- S.11.