Yaranmış gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür

 

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan uğurlu xarici siyasəti, hərtərəfli inkişafı, beynəlxalq aləmə sürətli inteqrasiyası, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə mövqeyini getdikcə möhkəmləndirdi. Vətən müharibəsində işğalçı Ermənistan üzərində tarixi Qələbədən və ərazi bütövlüyümüzün bərpasından sonra isə ölkəmizin dünya birliyindəki nüfuzu birə-beş artdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz uzun illər işğal altında qalmış torpaqlarımızı öz gücü ilə düşməndən azad etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il ərzində həyata keçirə bilmədiyi dörd qətnaməni 44 gün ərzində reallaşdırdı. Bu zəfərdən sonra, təbii ki, ölkəmizin regiondakı mövqeyi daha da güclənib və Azərbaycan Cənubi Qafqazda lider dövlət kimi diqqət mərkəzində olub.

Respublikamızın regionda lider dövlətə çevrilməsi beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Ona görə də bu ərazidə baş verən hadisələrlə əlaqədar və ya qarşı­ya çıxan problemlərin həlli ilə bağlı dövlət başçımız cənab İlham Əliyevlə məsləhətləşilir. Ermənistanın atəşkəs rejimini tez-tez pozması, üç dövlət başçısının imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın bəndlərinə əməl etməməsi və nəticədə regionda xoşagəlməz hadisələrin baş verməsi münaqişənin yenidən alovlanmasına səbəb olur. Bütün bunların qarşısının vaxtında alınması məqsədilə nüfuzlu qurumların rəhbərləri, həmçinin inkişaf etmiş dövlətlərin rəsmiləri möhtərəm Prezidentimizlə telefon danışıqları apa­rır, dövlət başçımızın fikrini öyrənirlər.

Avqustun 5-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zənginin məqsədi də bu idi. Telefon söhbəti zamanı E.Blinken bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Təbii ki, yaranmış gərginliyə görə, həmişə olduğu kimi, bu dəfə də Ermənistan məsuliyyət da­şıyrdı. Çünki işğalçı ölkə Azərbaycana məğlub olduğunu heç cür həzm edə bilmir. Fakt isə faktlığında qalır: Ermənistanın baş naziri Nikol Paşinyan təslim olmaq barədə sənədi özü imza­layıb. Ona görə də regiondakı gərginliyi yaradan da işğalçı ölkədir. Görünür, işğalçılar hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar.

Prezident İlham Əliyev də ABŞ dövlət katibi ilə telefon danışığı za­manı yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirdi. Dövlət başçımız qeyd etdi ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanu­ni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə, Azərbaycanın hərbi qulluqçusu həlak olub. Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, biz 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxa­rılması məsələsini dəfələrlə gündəliyə gətirmişik. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif yersiz və ziddiyyətli bəyanatlar səsləndirilir.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanda baş qaldırmış revanşistlər müxtəlif vasitələrlə regi­onda gərginlik yaratmağa cəhdlər edir, təxribatlara əl atırlar. Ancaq unudurlar ki, Vətən müharibəsində başlarını əzən “dəmir yumruq” yerindədir.

Telefon söhbəti əsnasında, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. ABŞ Dövlət katibinin qısa vaxt ərzində dövlət başçımıza iki dəfə, bundan əvvəl isə ev rəhbəri Cozef Baydenin Prezi­dent İlham Əliyevə bir neçə dəfə təbrik məktubu ünvanlaması dünyanın super­güc dövlətinin ölkəmizlə əməkdaşlığa maraqlı olduğundan xəbər verir.

Avqustun 5-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də möhtərəm Prezidentimizə zəng etməsi Azərbaycanın Cənubi Qafqazda sayılıb-seçilən dövlət olmasının daha bir göstəricisidir. Avropalı diplomat da bugünlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq, Avropa İttifaqının regionda davamlı sülhsabitliyin təmin olun­ması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Avropa İttifaqı Şurası prezidentinin bütün bu məsələləri ölkəmizin başçısı ilə müzakirə etməsi respublikamızın dünyada artan nüfuzununPrezident İlham Əliyevin liderlik məharətinin, eyni zamanda, regionda yaranmış yeni reallıqların dəstəklənməsinin təsdiqidir. Xatırladaq ki, bir ay əvvəl də Şarl Mişelin dövlət başçımıza telefon zəngi olmuşdu. Regionda baş verən hadisələr barəsində Avropa İttifaqı Şurasının prezidenti də məlumatlandırılmışdır. Prezident İlham Əliyev avropalı diplo­mata Ermənistanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını yerinə yetirmədiyini, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi silahlıları hələ də çıxarmadığını bir daha xatırladıb. Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirməsi Şarl Mişelin diqqətinə çatdırılıb. Prezident İlham Əliyev qəti mövqeyini bir daha bəyan edib: Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri ərazimizdən çıxarılmalıdır!

Xatırladaq ki, iyulun 4-də də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmiş və Cənubi Qafqazda sabit­lik, sülh və təhlükəsizliyin təmin olun­masının Avropa İttifaqı üçün vacibliyini vurğulamışdı.

 

Mehman İSMAYILOV,

 

Politoloq

 

Xalq qəzeti.- 2022.- 11 avqust.- S. 6.