Konyadan dünyaya mesaj

 

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir. Xatırladaq ki, bu oyunlar sonuncu dəfə 2017-ci ildə Azərbaycanda keçirilmişdi. Bir neçə il əvvəl koronavirus pandemiyası dünyanı lərzəyə salanda digər tədbirlər kimi, bu idman yarış­ları da təxirə salındı. Uzun fasilədən sonra idmançılar da yenidən yarış meydançalarına qayıdıblar. Qardaş Türkiyənin tarixi Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında müxtəlif yarışlar üzrə idmançılarımızın fəxri yerlərə yüksəlməsi, bayrağımızın qaldırılması və Dövlət Himnimizin səsləndiriməsi kimi xoş xəbərlər eşidirik.

V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak ediblər. Həmin mərasimdən əvvəl Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən görüşdə ölkələrimizin dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. Qardaş ölkə Prezidenti Qara­bağdakı son hadisələrlə əlaqədar Türkiyənin dəstəyini ifadə edib. Həmçinin işğaldan azad edilmiş torpaqlarda postmüharibə dövründə enerji və nəqliyyat, o cümlədən, iki ölkə ara­sında hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlığın sarsılmazlığı barədə dünyaya növbəti mesaj idi.

Ümumiyyətlə, tarix boyu Türkiyə və Azərbaycan xalqları istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdi­rib, bir-birinin sevincini və kədərini bölüşüblər. Azərbaycan – Türkiyə münasibətləri son illərdə sürətlə inkişaf etməkdədir. Burada iki ölkə liderinin rolu və xidmətləri əvəzsizdir. Qarşılıqlı səfərlər, davamlı görüşlər bu əlaqələrin inkişafına sanballı töhfə verir. Dövlət başçımızın və Birinci vitse-prezidentin V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvət olunmaları da dostluq və qardaşlığın növbəti təzahürüdür.

Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində “Azərbaycan gününün keçiriməsi iki ölkə arasındakı sarsılmaz birliyini dünyaya nümayişinin növbəti nümunəsi oldu. Tədbirdə qədim Azərbaycan müsiqilərinin səsləndirilməsi və milli rəqslərimiz tamaşaçı­lar tərəfindən böyük maraqla qarşılanıb.

İdmançılarımızın uğurlu çıxışları sevincimizə sevinc qatır. Xatırladaq ki, Azərbaycanı İslamiadada müxtəlif idman növləri üzrə 281 idmançı təmsil edir. İdman­çılarımız arasında Olimpiya, dünya çempi­onları, eləcə də, gənc idmançılar var. Onlar Azərbaycanın bayrağını qaldırmaq və Dövlət Himnimizi səsləndirmək üçün var qüvvə ilə mübarizə aparırlar.

 

Məlahət İBRAHİMQIZI,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 8.