Soyqırımı: ermənilərə qarşı, yoxsa ermənilərin özlərinin törətdikləri?

 

Qərb ölkələrinin XIX əsrdən başlayaraq, Osmanlı dövlətinə qarşı siyasi təzyiq və etnik təxribat kimi düşünüb ortaya atdığı “erməni məsələsi” sonrakı dövrdə Rusiya imperiyası tərəfindən də düşməncəsinə davam etdirilmişdir. Bu xəyanətkar siyasət XX əsrin əvvəllərində AnadoludaQafqazda türk-müsəlman əhalinin kütləvi soyqırımı ilə müşayiət olunmuşdur.

Dünya müharibəsi zamanı Antanta dövlətlərinin silahlandırdığı və türklərə qarşı qanlı hərəkata təşviq etdiyi ermənilərin bədnam ideoloqları bir əsrdən artıqdır ki, özlərinin törətdikləri kütləvi qətliamları ört-basdır etmək üçün uydurma erməni soyqırımı yalanını dünyaya yaymaqdan yorulmurlar. Lakin həqiqət o qədər aydın və birmənalıdır ki, erməni tarixçi və ideoloqların özləri də onu gizlədə bilmir və hansı səbəbdənsə etiraf etməyə məcbur olurlar. Bu mövzuda əhatəli tədqiqat aparmış tarixçi profes­sor Fazil Qaraoğlunun elmi açıqlaması da bu barədədir:

– Osmanlı imperiyasında və Qafqaz­da ermənilərin yerli türk-müsəlmanlara münasibəti davamlı soyqırımı və deporta­siya aksiyaları ilə müşayiət olunmuşdur. Tarixi sənədlər bu mülahizələri tamamilə sübut edir. Fəqət, ermənilər təcavüzkar niyyətlərini yerinə yetirə bilmək üçün uydurmalarını davam etdirmişlər. I Dünya müharibəsi zamanı və sonradan Anado­lunu və Azərbaycanı talayıb yağmaladıq­ları, soyqırımları törətdikləri kimi, son 30 ildə də ölkəmizin Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırdılar, xalqımıza qarşı yeni qətliamları davam etdirdilər. Onlar bütün bu cinayətləri saxta erməni soyqırımı tarixçəsini haray-həşirlə dünyaya qəbul etdirməklə gizlətməyə çalışırlar.

İşğalçı Ermənistan II Qarabağ müharibəsində biabırcasına məğlub olub təslim olmaq barədə müqavilə imzalasa da, sülh şəraitinə keçidi ləngidir. Erməni quldur dəstələri sərhədçilərimizə, sərhədyanı bölgələrdə yaşayan insan­larımıza yenə də atəş açırlar. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar, dünyanın ermənipərəst dairələri isə yenə də bütün bunlara seyrçi qalır. Xocalı soyqırımına seyrçi qaldığı kimi.

Erməni ideoloqları türk soyuna və azərbaycanlılara qarşı soyqırımı cinayətlərini nə qədər gizlətməyə çalış­salar da, bu aksiyaların miqyası o qədər böyükdür ki, onların hamısını danmaq, pərdələmək mümkün olmamışdır. Az sayda erməni yazar və tədqiqatçı hansı səbəbdənsə – ya milli öyüncə çevirmək üçün, ya ədalətli görünmək xatirinə, yad kənar qüvvənin təzyiqi ilə öz xalqının törətdiyi soyqırımlarını müəyyən qədər etiraf etmişdir.

Görün, bəzi tanınmış erməni yazıçıları “erməni məsələsi”nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan ya­zır: “Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əlləriylə minlərlə türkü yox etdikləri, kəndlərini yandırıb külə döndərdikləri və Zəngəzur, Şərur, Dərələyəz, Mehri, Ağbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı”.

Professor Fazil Qaraoğlu daha sonra erməni alimlərinin özlərinin mənsub olduqları toplumun Qafqazda məskunlaşması barədə həqiqəti etiraf etməsindən söz açır:

– İşxanyanın 1916-cı ildə nəşr olunan kitabında oxuyuruq: “Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yəni Rusiya hü­dudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələnmişlər”.

Erməni yazıçısı H.Osepyan isə 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında qeyd et-mişdir: “Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çat-mışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldır­maq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak koman­danlarının mülkiyyətinə keçirildi. Türk cəmiyyətini yox etmək məqsədilə daşnak hökuməti 40 minə yaxın adamı silah­landırdı, çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək, onlardan böyük miqdarda hərbi sursat aldı”.

Beləcə, bir para erməni yazıçıları öz qələmləri ilə Ermənistanın ictimai-siya­si quruluşunun qeyri-qanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri etiraf etmişlər. Erməni Artin Penik bir məktubunda yazıb: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizə protest edib özümü yandırıram. Sizə səslənirəm, ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüz minlərlə insan qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaş­ca keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərək deyirəm: kökünüz qazılacaq! Özünüzə gəlin! Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm”. Barmaqla sayılacaq qədər az olan dürüst bir erməninin ürəyindən gələn bu sözlər həqiqətdir! Tarixi həqiqətlər və doğru olanlar bax budur!”

Fazil Qaroğlunun xatırlatdığı rus generalı Mayevskinin qeydləri də saxta erməni soyqırımının mahiyyətinə aydınlıq gətirir:

–“1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdılar. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb, uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları kome­diyadan başqa bir şey deyildir”.

Erməni komitəçilərlə bir amerikalının söhbəti də bu baxımdan ibrətamizdir. Amerikalı Hamlinin (İstanbuldakı ame­rikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893-cü il tarixli məktubun bir parçası belədir (“Boston” qəzetində yayımlanmışdır): “Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlan­dıqlarını söyləyən bir erməni komitəçiyə doktor Hamlin “necə?” deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: “Bütün imperiyada təşkilatlanan “Qncak” çeteləri türkləri öldürüb kəndlərini yandı-racaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Ana­dolunu işğal edəcəklər”. Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində “Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu?!” – demişdir.

Azərbaycanlı tarixçi alim bu qorxunc plana açıqlama gətirərək bildirir:

Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini “yazıq,” “haqsız-hüquqsuz” bir millət olaraq göstərməyə çalışıblar. Ermənistanın ilk baş nazirinin, “Daşnaksütyun” komitəsinin rəhbəri O.Kaçaznuninin “Artıq “Daşnaksütyunun görəcəyi bir yoxdur” başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünə də nəzər salaq. Bu raport 1914–1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəminə gətirilən uydurma “erməni soyqırımı”nın baş verib-vermədiyinə dair əsas rəsmi sənədlərdən biridir. O.Kaçaznuni çıxışın­da demişdir: “Könüllü dəstələrin qurulma­sı lazım idimi?” – sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünəxas polad bir məntiqi vardır. 1914-cü ilin pa­yızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başladı. Bu, erməni xalqının 25 il boyunca bəslədiyi psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı. Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gələrsə) kimin günahkar olduğunu tədqiq də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, doktor Zavriev, S.Arutyunov, DroAndronik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulması bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi”.

O.Kaçaznuni daha sonra etiraf etmişdir ki, 1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, “Daşnaksütyunda daxil olmaqla, Rusiya erməniləri üçün bir həyəcanlanma və ümid dövrü idi:

Biz qeydsiz–şərtsiz Rusiyaya yönələn vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında Çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlan­mışdı. Biz öz istəklərimizi başqalarına mal edərək, məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsiri ilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq.

Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə bilirdik, lakin bəzən müharibənin ancaq “erməni məsələsi”nə görə başladıldığını saflıqla düşünürdük. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqaların-da axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. “Daşnaksütyun” komitəsi bundan qaça bilməyibdir. Rusların bizə qarşı təhrikedici davranmalarında, sanki, xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi”.

Fazil Qaraoğlu tədqiqatının davamında göstərir ki, 1923-cü ilin aprel ayında “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.

– Yuxarıda qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, “soyqırımı”na uğradığı iddia edilən tərəfin hökumətinin baş naziri olduğu nəzərə alındıqda bu qeyd etdiklərimiz daha ciddi əhəmiyyət qazanır. “Soyqırımı”na uğradıqları iddia edilən ermənilərin baş nazirləri baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi, ermənilərin imperialist güclərə alət olduqlarını ortaya qoyur.

Beləliklə, “Daşnaksütyun” komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin raportundan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıblar; ermənilər “dənizdən-dənizə Ermənistan” layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; “Daşnaksütyun” komitəsi xaricində bir günahkar axtarılmamalıdır.

Ortaya belə bir sual çıxır: bu gün “erməni soyqırımı” iddialarını müzakirə edən və “erməni soyqırımı” haqqında qərarlar verən ölkələr Ermənistanın ilk baş nazirinə deyil, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olanDaşnaksütyun” komitəsinin lideri O.Kaçaznuninin raportu ermənilərin böyük yalanını ifşa etmişdir!

Fikrimizcə, Ermənistanın ilk baş naziri O.KaçaznunininDaşnaksütyun” komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmalıdır. Qoy açıq-aşkar həqiqətlərə göz yuman bəzi dairələr “erməni soyqırımı” və ya “ermənilərə qar­şı törədilən qətliamlar”ın tarixi həqiqətlərə nə qədər uyğun olduğunu Ermənistanın ilk baş nazirindən öyrənsinlər!

 

Hazırladı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2022.- 14 avqust.- S.11.