Tarixi Zəfərin davamı

 

Məlum olduğu kimi, bu il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də ZabuxSus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Hərbçilərimiz yeni dislokasiya məntəqələrinə yerləşdiriliblər. Hazırda orada bütün zəruri mühəndis-kommunikasiya və təhlükəsizlik tədbirləri görülür.

Bu xoş müjdə ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi və coşqu yaradıb. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu barədə fikir və düşüncələrini bizimlə bölüşərkən dedi:

Bu, böyük uğurdur. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirəm. Hesab edirəm ki, Laçının bu gün Azərbaycana, bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və prinsipiallığı, rəşadətli ordu­muzun hünəri sayəsində mümkün olub.

Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Twitter” səhifələrində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşımlarını oxuyanda sonsuz qürur hissi keçirdim. Otuz ildən sonra Laçın bu torpağın əsl sahiblərinə qaytarıldı. Bəli, bu gün Azərbaycan öz tarixinin ən şanlı günlərini yaşayır.

Məlum olduğu kimi, Laçın şəhəri böyük strateji əhəmiyyət kəsb edir. Bura faktiki olaraq Ermənistanla aramızdakı böyük bir qala rolunu oynayır. Acı təəssüf ki, 1992-1993-cü illərdə o zamankı siyasi hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ermənilər Laçını və ətraf əraziləri işğal etmişdilər. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində tarixi ədalət bərpa olundu. Ən yaxın gələcəkdə laçınlılar öz doğma yurdlarına qayı­dacaqlar. Burada yenidən qurub-yaradacaqlar, xoşbəxt, firavan ömür sürəcəklər. Xalqımız heç vaxt Prezidentimiz İlham Əliyev cahanşümul tarixi xidmətlərini unutmayacaq.

Laçın şəhərinin və rayonun ZabuxSus yaşayış məntəqələrinin azad olunması xəbəri bütün türk dünyasını sevincə qərq edib. Xüsusilə qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələri bu barədə operativ məlumatlar, reportaj və şərhlər yayımlayırlar. Türkiyə vətəndaşları xalqımızın sevincinə şərik olmaqdan böyük şərəf duyurlar.

 

Söhbəti qələmə aldı:Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 4.