Azərbaycan üzərinə götürdüyü öhdəliklərə daim sadiqdir

 

Azərbaycanla Rusiya arasında son illərdə yüksək səviyyəli əlaqələr qurulub. İki ölkə prezidentlərinin qarşılıqlı hörmət və etimada əsaslanan möhkəm dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.

 

Vətən müharibəsində əldə etdiyimiz parlaq zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları isə Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imza­lanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, ölkəmizin regionda yaratdığı yeni reallığın tam şəkildə qəbul olunması mühüm önəm daşıyır. Şuşa Bəyannaməsi kimi, Azərbaycan Respub­likası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də bu məqsədə xidmət edir.

 

Sürətlə dəyişən, təhdidlərin dur­madan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını gerçəkləşdirir. Azərbaycan tərəfdaşları ilə bu istiqamətdə münasibətləri daha da gücləndirmək üçün davamlı olaraq səylərini davam etdirir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasi­ya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı müsahibədə son illər iki dövlət arasında ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsinin gerçəkləşdirildiyini, mövcud münasibətlərin getdikcə şaxələndirildiyini, əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini bildirib.

 

Prezident İlham Əliyev müsahibədə Vətən müharibəsindən sonra Qarabağ­da yeni reallığın–sülh və əmin-amanlığın bərqərar olması üçün zəmin yarandığını diqqətə çatdırmaqla bərabər, təqribən, 30 illik işğal ərzində bu bölgədə Azərbaycanın bütün mədəniyyəti, tarixi, dini irsinin məhv edildiyini, çox sayda dinc sakinlərimizin qətlə yetirildiyini, indi üzə çıxan kütləvi məzarlıqların isə bu dəhşətli mənzərənin göstəricisi olduğu­nu vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğal­dan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yax­şıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı, təqribən, 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

 

Dövlətimizin başçısı müsahibədə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bu istiqamətdə görülən işlərdən da­nışan ölkə rəhbəri əvvəlcə işğaldan azad edilən Şuşada ötən il iyunun 15-də Türkiyə Prezidenti Ərdoğanla birgə imzaladığı müttəfiqlik barədə bəyannamənin əhəmiyyətini vurğu­layaraq, bunun təsadüfi olmadığını, Azərbaycanla qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin uzun bir dövrü əhatə etdiyini deyib. Prezident İlham Əliyev daha sonra Türkiyənin Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə olduğunu, müstəqil dövlət kimi ən birinci mənəvi dəstəyin də Türkiyə tərəfindən göstərildiyini xatırladıb: “Son illər ərzində Prezident Ərdoğanın prezi­dentliyi dövründə və mənim dövrümdə, – bu dövrlər, ümumilikdə, daha çox üst-üstə düşür, – biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Pod­ratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil ya­xınlığı, etnik yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib”.

 

Dövlətimizin başçısı etnik bağlılığın, o cümlədən, dil yaxınlığının, əfsuslar ol­sun ki, heç də həmişə sıx münasibətlərin rəhni olmadığını, amma buna bax­mayaraq, iki qardaş ölkə arasında bu məsələnin özünü doğrultduğunu qeyd edərək, düzgün siyasət, bərabərhüquqlu münasibətlər hesabına sözügedən gerçəkliyin uzun illər ərzində və indi də qorunub saxlanıldığını vurğulayıb. Bu­nun nəticəsidir ki, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərib. Həmçinin bu siyasi və mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərinin birmənalı şəkildə qarşısını alıb. Təbii ki, Azərbaycan bunu çox yüksək qiymətləndirib. Vətən savaşında Prezident Ərdoğan dəfələrlə bəyanatla çıxış edib və ölkəmizin haqq-ədalət uğrunda mübarizə apardığını bildirib. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan vaxt­dan indiyədək qardaş ölkə şirkətləri tərəfindən xüsusi diqqət göstərilib.

 

Bu gün dünyanın siyasi xəritəsində mühüm mövqeyə, gücə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilib. Təsadüfi deyil ki, Türkiyə “Böyük İyirmilik” dövlətləri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi böyük nüfuz qazanıb.

 

İllərdir ki, Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunma­sına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığın daha da möhkəmlənməsini şərtləndirir.

 

Azərbaycan Prezidentinin sözügedən müsahibədə vurğuladığı kimi, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Müstəqilliyin ilk illərindən etibarən qardaş ölkə Azərbaycanın dövlət quru­culuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Ölkəmizin ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dost­luğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzi kimi diqqət çəkib.

 

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıqlı səfərlərinin xü­susi əhəmiyyəti var. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Respublikası­nın Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir. Qarabağın bərpasına Türkiyə ilə yanaşı, Rusiya da xüsusi önəm verib. Azərbaycan Preziden­ti müsahibədə bununla əlaqədar deyib: “Bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kre­dit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamı­şıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə, əgər bizim nöqteyi-nəzərdən baxsaq, dünən imzala­nan sənəd mahiyyətcə tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz...”.

 

Dövlətimizin başçısı prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlərin mövcudluğunu, hər iki ölkə rəhbərinin bu vəziyyəti açıq şəkildə etiraf etdiyini, Azərbaycanın da Rusiyanın və Türkiyənin müttəfiqi kimi üzərinə düşən vəzifəni uğurla həyata keçirdiyini bildirib.

 

Prezident İlham Əliyev müsahibədə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma məsələsinə də toxunub. Ölkə rəhbəri hələlik o ərazilərdə qayıt­mağa yer olmadığını, işğal dövründə yaşayış məntəqələrinin yerlə-yeksan edildiyini, indi isə evlərin, infrastruk­turun tikildiyini və bu prosesin sürətlə aparılmasına minalanmanın çətinliklər yaratdığını vurğulayıb: “ Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatan­dan sonra ilk aylarda Vladimir Vladi­miroviç Putinin çağırışlarına baxmaya­raq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcud­dur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik...”.

 

Ölkə rəhbəri daha sonra bölgədə hazırda pilot layihənin icra edildiyini, bu işin bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində tamam­lanaraq, təqribən, 200 ailənin oraya qay­tarılacağını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, Livanın ərazisinə bərabər bir sahədə barbarlıq, vandalizm aktları törədildiyini, yaşayış sahələrinin əvvəlki görkəmindən heç bir əsər-əlamət qalmadığını bildirib. Məsələn, 30-40 min insan yaşayan Ağdam şəhərinin yerində bu gün xarabalıqdan başqa heç nə qal­mayıb. Daşlar daşınaraq aparılıb, satılıb. Məzarlıqlarda başdaşıları sındırılıb, qəbirlər təhqir olunub. Bir sözlə, misli görünməyən, ağlasığmayan miqyasda vandallıq törədilib. Bütün bunlar isə beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.

 

Məskunlaşmanın reallaşması üçün su, işıq, qaz, yol kimi layihələr icra edilməli, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yaşayış evləri tikilməlidir, ən əsası isə ərazilər mina­lardan təmizlənməlidir. Bu baxımdan, əslində Azərbaycana maliyyə köməyi yox, texniki yardım lazımdır. Respubli­kamızda bu sahədə fəaliyyət göstərən Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyində bir neçə batalyon və FHN qrupu isə belə genişmiqyaslı işi fiziki ba­xımdan başa çatdırmaqda çətinlik çəkir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2022.-26 fevral.-S.3.