Yeni layihə Şuşanın ədəbi həyatına həsr olunub

 

Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə ilk təqdimat şəhərin poeziya mühitinə həsr olunub.

 

Azərbaycan ədəbiyyatının bir çox tanınmış simaları Şuşada doğulub boya-başa çatıb, yaxud da həyat və fəaliyyətlərinin müəyyən dövrü bu şəhərlə bağlı olub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərin adı Şuşa ilə qoşa çəkilir.

 

Azərbaycan ədəbiyyatında realist şe­irin əsası M.P.Vaqif tərəfindən qoyulub. Xalq şeirinin ustadlarından olan şair milli ədəbiyyatın yåni istiqamətdə inkişafında mühüm rol oynayıb. Sonralar xalq şeiri Qasım bəy Zakir, Abdulla bəy Asi, Baba bəy Şakir, Abdulla Canızadə və başqa­ları tərəfindən inkişaf etdirilib, tənqidi realizmin üfüqləri genişlənib...

 

Şuşa ədəbi mühitində klassik ədəbi ənənələr də uğurla davam etdirilib. XIX əsrdə Şuşa ədəbi məclisləri divan ədəbiyyatını yaşatmaqla yanaşı, özü­nün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələrlə fərqlənib. Qarabağ xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan Nəva 1829-cu ildə Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər təşkil edib. Sonrakı illərdə Xurşidbanu Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”, 1864) və Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”, 1872) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyatı tarixində məclis mədəniyyətinin əsas mərkəzlərindən biri kimi məşhur olub.

 

“Məclisi-üns”də Mirzə Rəhim Fəna, Xurşidbanu Natəvan, Mirzə Sadıq Piran, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu xan Vəfa və başqaları iştirak edirdilər.

 

Mir Möhsün Nəvvabın evində fəaliyyət göstərən "Məclisi-fəramuşan"da isə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları təmsil olunurdu.

 

Bütövlükdə, Şuşanın necə bir ədəbiyyat və mədəniyyət mərkəzi olma­sını, mədəni inkişafa verdiyi töhfələri elə şəhərdəki ədəbi məclislərin fəaliyyəti nümunəsində də görmək mümkündür.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2022.-12 mart.-S.11.