Novruz ənənələri qorunub saxlanır, davam etdirilir...

 

İlaxır çərşənbədə təbiətdə bir sıra dəyişikliklər baş verir. Hələ qədimdən insanlar yeni ilə qədəm qoyanda köhnə ildən sağlamlığını, əkin sahələrini, təsərrüfatını təhlükəsiz şəkildə qurtarmaq üçün təbiətə qurbanlar verirdilər...

 

Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli dedi.

 

Onun sözlərinə görə, papaq, xurcun atma mərasimi, əslində, qurban vermə aktıdır: “Qədim inanca görə, o paylar qurban kimi verilirdi. Qış öz sonuncu hədiyyəsini aparır ki, yazda təbiət yenidən o bəxşişi qaytarsın. Məhsuldarlığın daha bol olması diləyi ilə bu adət yerinə yetirilirdi. Həmin məsələlər insan­ların şüurunda o qədər dərin kök salmışdı ki, onlar buna inanır və fallar, ayinlər icra edirdilər”.

 

Atəş Əhmədli, həmçinin bildirdi ki, Novruz bayramının hər il keçirilməsi, təkrarlanması adət-ənənələrin yaşamasını təmin edib: “Xalqımız bu ənənəni qoruyub saxlayır və davam etdirir. Hər il təbiət dəyişir, yeni il gəlir, gecə-gündüz bərabərliyi baş verir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Buna artıq sayılı günlər qalıb. Mart ayının 20-si axşam saatlarında Günəş Şimal yarımkürəsində, yaz bərabərliyi nöqtəsində olacaq. Bununla da ölkəmizə yaz gəlir. Qədim insan inanırdı ki, təbiət dəyişirsə, insanın ruhu da başqalaşır, yenilənir. Bütün bunlar yeni ilin gəlişi ilə baş verir. İnanca görə, bu da insanda həm fiziki, həm də mənəvi yeniliyə səbəb olur”.

 

Şahxanım ƏLİZADƏ

 

Xalq qəzeti .- 2022.- 15 mart.- S.6.